Ukraynadakı istefalarda ABŞ barmağı..?

24 Yanvar 2023 19:27 (UTC+04:00)

...Zelenskinin ofisinin rəhbərinin müavini Kirilo Timoşenkonun vəzifəsindən azad edilməsi Vaşinqtonun tələbi ilə baş tutub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikirləri Luqansk Xalq Respublikasının Moskvadakı səfirliyinin keçmiş rəhbəri Rodion Miroşnik deyib.

Vladimir Zelenski bir sıra kadr dəyişiklikləri, o cümlədən ofisinin rəhbərinin müavini Kirilo Timoşenkonun öz xahişi ilə deyil, ABŞ-dan olan kuratorların tələbi ilə vəzifəsindən azad edilməsini həyata keçirib.

Miroşnikin sözlərinə görə, Ukrayna prezidenti guya bununla amerikalıların korrupsiya ittihamlarına reaksiya verib.

Sabiq səfirin fikrincə, əgər kimsə Timoşenkonun Zelenskinin ofisində yeganə gizli korrupsioner olduğuna inanırsa, bu, sadəlövhlük kimi qəbul edilməlidir.

Timoşenkonun əsas funksiyasının Yermak və Reznikovun hazırladıqları sxemlər üzrə Zelenski və Yermak üçün vəsait çıxarmaq olduğunu deyən Miroşnik, sabiq ofis rəhbəri müavinini günah keçisi adlandırmaqdan da çəkinmir.

Maraqlıdır ki, Miroşnikə görə, Kiyevdə yüksək səs-küylü istefalar və öz istəkləri ilə işdən çıxarılmalar amerikalılar məqsədlərinə çatana qədər davam edəcək.

Sabiq səfirin fikrincə, Ukrayna hakimiyyətinin bütün güc vertikalı tezliklə dəyişdirilə bilər, çünki ABŞ Ukraynanın britaniyayönümlü menecerlərindən xilas olmağa çalışır. Bununla yanaşı, Miroşnik Vaşinqtonla London arasında heç bir qarşıdurmanın olmadığını da etiraf edib.

Ağasəf Babayev