Ukraynada bəzi nazirlərin müavinləri istefa verdi

24 Yanvar 2023 18:56 (UTC+04:00)

Ukrayna Prezident ofisinin rəhbərinin müavini Kiril Timoşenko, müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov və baş prokurorun müavini Aleksey Simonenkonun istefaları qəbul edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Prezident Volodimir Zelenski bu gün Kiril Timoşenkonun Prezident ofisinin rəhbərinin müavini vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Ukrayna Prezident ofisinin rəsmi internet səhifəsində yayımlanan sərəncamda deyilir: “Təqdim olunan ərizəyə əsasən, Kiril Timoşenko Ukrayna Prezident ofisinin rəhbərinin müavini vəzifəsindən azad edilib”.

2019-cu ildən Ukrayna Prezident ofisi rəhbərinin müavini vəzifəsini icra edən Kiril Timoşenko dünən öz Telegram kanalında istefa məktubunun fotosunu paylaşıb.

Müdafiə naziri Aleksey Reznikov da müavini Vyaçeslav Şapovalovun istefasını qəbul edib.

Mövzu ilə bağlı Nazirlər Kabinetinə müraciət edən Reznikov deyib:

“Yalan ittihamlara baxmayaraq, Vyaçeslav Şapovalovun istefa ərizəsini təqdim etməsi Avropa və demokratik siyasət ənənələrində dəyərli aktdır və müdafiə maraqlarının istənilən kabinet və ya kreslodan yüksək olduğunu nümayiş etdirir. Ukrayna Müdafiə Nazirliyi hesab edir ki, belə bir addım cəmiyyətin və beynəlxalq tərəfdaşların etimadını qorumağa, əlavə açıqlamalar və mümkün araşdırmalar zamanı qərəzsizliyi təmin etməyə kömək edəcək”.

Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təminatına cavabdeh olan Şapovalov ərzaq xidmətlərinin satın alınması ilə bağlı ona qarşı aparılan impiçment kampaniyası nəticəsində ordunun sabit təchizatını təhdid etməmək üçün vəzifəsindən istefa verdiyini açıqlayıb.

Ukrayna Baş Prokurorluğunun teleqram kanalında yayılan məlumatda bildirilib ki, baş nazirin müavini Aleksey Simonenkonun vəzifəsindən azad edilməsi haqqında fərmanı baş prokuror Andrey Kostin imzalayıb.

2022-ci ilin sonunda tətilini İspaniyada keçirmiş kimi görünən Simonenko cəmiyyətin reaksiyasından sonra istefa ərizəsini təqdim etmişdi.

Digər tərəfdən, Ukraynanın İnfrastruktur nazirinin müavini İvan Lukerya və İcmaların və Regionların İnkişafı Nazirinin müavini Vyaçeslav Neqoda sosial media hesablarında istefalarını təqdim etdiklərini açıqlayıblar.