Berlin Varşavadan müraciət alıb

24 Yanvar 2023 17:54 (UTC+04:00)

Rəsmi Berlin Varşavadan “Leopard 2” tanklarının Kiyevə göndərilməsi üçün müraciət alıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Almaniya hökumətinin sözçüsü bildirib.

Beləliklə, Almaniya Nazirlər Kabinetinin sözçüsü jurnalistlərə, Polşanın “Leopard 2” tanklarının ixracı ilə bağlı müraciəti federal hökumətə daxil olduğunu bildirib.

O əlavə edib ki, Almaniya hökuməti bu müraciətə müəyyən edilmiş prosedurlara uyğun olaraq, lakin sürətləndirilmiş şəkildə baxacaq.

Ümumilikdə Polşa Almaniyadan 14 “Leopard 2 A4” tankını Ukraynaya təkrar ixrac etmək üçün icazə istəyir.

Almaniya federal hökumətinin sözçüsü vurğulayıb ki, ixrac lisenziyaları üçün bu cür müraciətlər "təcili olaraq nəzərdən keçirilir", ona görə də tezliklə qərar veriləcək. Amma alman rəsmisi bunun nə olacağını təxmin etməyib.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniya hakimiyyətinin “Leopard 2” tanklarının başqa ölkələr tərəfindən Ukraynaya ötürülməsinə mane olmayacağını bildirmişdi.

Qeyd edək ki, Burbok, Berlinin Polşadan və ya başqa ölkədən belə bir müraciət alsa, Almaniya hakimiyyətinin buna etiraz etməyəcəyini demişdi.

Ağasəf Babayev