Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır

24 Yanvar 2023 17:32 (UTC+04:00)

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində son 20 il ərzində Azərbaycan dövləti bütün sahələrdə qələbələr qazanır, uğurlar əldə edir. Müasir, qüdrətli və zəngin Azərbaycan quruculuğu prosesi reallaşır, ölkəmiz hərtərəfli və davamlı inkişaf edir.

Prezident İlham Əliyevin apardığı siyasət ətrafında xalqımızın sıx birləşməsi, ölkəmizin davamlı inkişafı və beynəlxalq arenadakı böyük nüfuzu, ordu quruculuğu sahəsindəki uğurlarımız Vətən müharibəsində Azərbaycanın şanlı qələbə qazanmasını təmin etdi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Vətən müharibəsi xalqımızın həyatında böyük tarixi hadisə olmaqla yanaşı, bölgədə yeni geosiyasi reallıqlar yaratdı.

Günümüzün reallığı ondan ibarətdir ki, Möhtərəm Prezidentimizin uzaqgörən siyasəti xalqımızın maraqlarını özündə əks etdirərək, Azərbaycanın siyasi - iqtisadi, mədəni potensialına əsaslanır və müasir dövrün çağırışlarına tam cavab verir. Dinamik və innovasiya yönümlü milli iqtisadiyyatın inkişafı, sosial, humanitar və digər sahələrdə əldə edilən böyük nailiyyətlər tarixi Zəfərdən sonra daha əzmlə, inamla davam etdirilir, Azərbaycanın dünya birliyində mövqeyi gündən - günə möhkəmlənir. Müasir dövrdə ölkəmiz beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq dünyada özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləmişdir. Hazırda xalqımızın milli maraq və mənafeyi yüksək səviyyədə müdafiə olunur, qlobal təhdid və çağırışlara adekvat cavablar verilir. Hazırda Azərbaycanın beynəlxalq nüfuzu artdıqca, ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə çoxalır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq etmişdir ki, bunun nəticəsində son vaxtlar beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət daha da artmışdır.

Qeyd edək ki, dünyanın ən böyük dövlətlərindən biri olan Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Bütün dünya ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Yanvarın 17-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin CGTN televiziya kanalına müsahibəsi bunu bir daha təsdiqlədi. Çin televizyasının müxbirinin “Azərbaycan və Çin haqqında danışarkən söhbət təkcə müzakirələrdən yox, praktiki fəaliyyətdən də gedir. Bu da yüksək qiymətləndirilir və hətta deyərdim ki, bizi heyran edir. Azərbaycanı və Çini bir-birinə daha uzun müddətə dayanıqlı şəkildə yaxınlaşdıracaq əməkdaşlıq fəaliyyətini necə görürsünüz?” sualına cavabında Möhtərəm Prezidentimiz demişdir:

“Əməkdaşlığımız üçün tərəfimizdən çox möhkəm platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var.”

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Çin müxbirinin digər suallarını da ətraflı cavablandırdı və bütün Çin xalqına sülh, firavanlıq və uğur dilədi. Azərbaycanın Çinin dostu və tərəfdaşı olduğunu söylədi. Əminlik ifadə etdi ki, xalqlarımız arasında uzun illərdir ki, çox yaxşı münasibətlər davam edəcək, bizi birləşdirəcək və Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcəkdir.

Səbinə Xasayeva

YAP Qazax rayon təşkilatının fəalı