Xərçəngdən necə yaxa qurtarmalı? - ARAŞDIRMA

24 Yanvar 2023 17:17 (UTC+04:00)

Dünya yarandığı gündən insanlar bir çox ciddi xəstəliklərdən əziyyət çəkir. Onlardan ən təhlükəlisi də “əsrin bəlası” hesab olunan xərçəng xəstəliyidir. Bildiyimiz kimi, bu xəstəlik qoca-cavan demədən günü-gündən ciddi şəkildə artmağa doğru davam edir. Bu xəstəlik bir çox hallarda körpə uşaqları ana-atasız, ana-ataları da balasız qoyur. Üstəlik bundan qurtulmaq yolu da olduqca çox maliyyə vəsaiti və bolluca əziyyət tələb edir.

Bəs, nə etməliyik? Özümüzü bu bəladan necə qoruyaq? Ona necə qalib gələk?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Xərçəng xəstəliyinə nələr səbəb olur?

- Siqaret və spirt istifadəsi
- Radiasiyaya məruz qalma,
- Bəzi viruslar,
- Pis yemək vərdişləri,
- Qida əlavələri,
- Günəş işığına uzun müddət məruz qalma,
- Rentgen şüalarının həddindən artıq dozası,
- Bəzi kimyəvi maddələr (qatran, benzin, boyalar, asbest və s.).

Ən sıx görülən xərçəng xəstəliyi tipləri hansılardır?

Ən çox görülən xərçəng tipləri kişilər və qadınlar arasında fərqlidir. Burada əsas səbəb hormonal dəyişikliklərdir. Döş xərçəngi bu gün qadınlarda ən çox görülən xərçənglərdən biridir. İkinci yerdə ağciyər və bağırsaq xərçəngi gəlir.

Kişilərdə görülmə sıxlığına görə, prostat, ağciyər və kolon xərçəngi ilk üç yerdədir. Burada diqqət çəkən ən mühüm məqamlardan biri də siqaretdən çox istifadə səbəbindən qadınlarda ağciyər xərçəngi də artmaqdadır.

Xərçəng xəstəliyinə daha çox hansı yaşlarda rast gəlinir?

Xərçəngin əmələ gəlməsi və inkişafı üçün ən mühüm risk faktoru yaşdır. Xərçəng xəstələrinin 60 faizi 65 yaş və daha yuxarıdır. Bilməlisiniz ki, yaş xərçəng xəstəliyində və müalicədə mühüm amillərdən biridir.

Gənc yaşlarda xərçəngə yoluxmaq mümkündür?

Gənclərdə ən çox rast gəlinən xərçəng növləri limfoma, sarkomalar (yumşaq toxuma və sümük sarkomaları), melanoma (dəri xərçənginin bir növü), testis xərçəngi, süd vəzi xərçəngi, kolon xərçəngi, uşaqlıq boynu və yumurtalıq xərçəngi, beyin şişlərinin olduğu bildirilir.

Xərçəng xəstəliyi daha çox hansı ölkələrdə geniş yayılıb?

Xərçəngə ən çox Avstraliya və Yeni Zelandiyada rast gəlinir. Qlobal miqyasda əhaliyə nisbətdə xərçəngə ən çox rast gəlinən ölkə 100.000 nəfərə 468 hadisə ilə Avstraliya, 438 hadisə ilə Yeni Zelandiya ikinci yerdədir.

100 min nəfərə 373 hadisə ilə İrlandiya, 368 hadisə ilə Macarıstan, 352 hadisə ilə ABŞ, 345 hadisə ilə Belçika, 344 hadisə ilə Fransa, 337 hadisə ilə Norveç və 334 hadisə ilə Hollandiya və Kanadada geniş yayılıb.

Xərçəng xəstəliyinin qarşısı alına bilər?

Xərçəngdən ölümlərin 40%-nin qarşısı alına bilər. ÜST-nin məlumatına görə, ən çox ölümlə nəticələnən xərçəng növləri ağciyər, yoğun bağırsaq, qaraciyər, mədə və döş xərçəngi olub.

Ağciyər xərçəngi 1,8 milyon, kolon 935 min, qaraciyər 830 min, mədə 769 min, döş xərçəngi isə 685 min adamı öldürüb.

Hər 6 ölümdən 1-nə səbəb olan xərçəng növləri 2020-ci ildə 10 milyon insanın ölümünə səbəb olub.

Xərçəngdən ölümlərin üçdə biri tütün istifadəsi, yüksək bədən kütləsi indeksi, spirt istehlakı, az meyvə və tərəvəz istehlakı və fiziki fəaliyyətin olmaması səbəbindən baş verib.

Aşağı və aşağı gəlirli ölkələrdə xərçəng hadisələrinin 30 faizi insan papillomavirusu (HPV) və ya hepatit kimi infeksiyalardan qaynaqlanır.

Xərçəng hadisələrinin yüzdə 30-50-nin risk faktorlarından qaçmaqla qarşısının alına biləcəyini ifadə edən ÜST, erkən diaqnoz və uyğun müalicə ilə bir çox xərçəng növünün sağalma şansının yüksək olduğunu bildirir.

Onkoloq-cərrah İbrahim Əsədli: “Xərçəngin səbəbi son 100 ildə həyat tərzimizin dəyişməsidir. Az hərəkətlilik (bu əsasən şəhər əhalisinə aiddir), qidanın və ətraf mühitin dəyişməsi, psixoloji sıxıntılar, şəhərdə insanların sıx olması, bunlar hamısı birlikdə xərçəngin getdikcə artmasına şərait yaradır.

Özümüzü bu bəladan fərdi vasitələrlə qoruya bilərik. Çünki ictimai qorumaq, ictimai səhiyyə sistemi kapitalist sistemində, bazar iqtisadiyyat sistemində uyğun deyil. Ümumiyyətlə, bazar iqtisadiyyatı insaniyyət və bəşəriyyətə ziddir.

Düzgün həyat tərzi, düşüncə və qidalanma ilə özümüzü bu xəstəlikdən qorumaq mümkündür. Bura təmiz bulaq suyu içilməsi, ət məhsullarının yeyilməməsi, çoxlu idman, müsbət düşüncə və səmərəli istirahət aiddir.

Xərçəngin ən çox yayılan növləri kişilər arasında ağciyər, qadınlarda isə süd vəzi xərçəngidir. Bu da dediyim kimi ağciyərlər ən çox ətraf mühitlə təmasda olur deyə çoxlu zədələyici təsirlər olur. Ona görə də problemlər yaranır. Bu problemlərin arasında ağciyər xəstəlikləri və onu gətirən ağciyər xərçəngi də çox yayılır. Qadınlarda isə süd vəzi xərçəngi qadınların psixoemosional və hormonal statusundan asılı olaraq ən çox narahatçılıq verən səbəblərindən biridir. Süd vəziləri ilə yanaşı uşaqlıq və qalxanvari vəzin problemlərinə rast gəlinir.

Əvvəllər insan yaşı arasında ahıl yaşının 70-80-dən çox yaşayan insanlar xərçəng idisə, təəssüflər olsun ki, son 30 ildə xərçəng getdikcə cavanlaşır və hətta uşaq onkoloji şöbələri də mövcuddur. Bu da dediyim kimi ekoloji durumdan çox asılıdır və bir səbəbi də var ki, xərçəngin müalicəsində müasir dünyada iki istiqamət var: rəsmi və doğru istiqamət. Rəsmi istiqamətdə fikir ondan ibarətdir ki, əsas problem şişdir və onu hər hansı bir yolla yandırmaq, zəhərləmək və kəsmək lazımdır. Ona görə də cərrahiyyə kimya şüa istifadə olunur.

Doğru onkologiyada fikir ondan ibarətdir ki, şiş əsas deyil, əsas bədəndə gedən şiş prosesini deyil də hər hansı bir törəmə şiş prosesinin bir təzahürüdür və tək şişin yığışdırılması ilə kifayətlənmək olmur, gərək şiş prosesi aradan götürülsün”.

Ayşən Vəli