İşsizlik statusunu kimlər ala bilər? - QURUM RƏSMİSİ AÇIQLADI

24 Yanvar 2023 17:05 (UTC+04:00)

"Ümumiyyətlə, işsiz şəxs işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxsdir". Bu sözləri SİA-ya açıqlamasında DMA-nın mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.

Onun sözlərinə görə, 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi qeydiyyata alınmaq üçün Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edə bilər: "Prosesi elektron şəkildə www.e-sosial.az portalında “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidməti ilə də həyata keçirmək mümkündür".

Mətbuat katibi sözlərinə davam edərək bildirib ki, şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 iş günü müddətində filiallartərəfindən vakansiya bankından münasib iş təklifi seçilərək, işaxtaranın şəxsi kabinetində yerləşdirilir: "İşaxtaran şəxsə Mərkəz tərəfindən 5 iş günü müddətində münasib iş təklifi edilmədiyi və ya işəgötürən tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, habelə vakansiyaya göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxs işsiz kimi qeydiyyata alınır.

İşsiz kimi qeydiyyata alınmazdan əvvəl işaxtaranın məşğul şəxslərin dairəsinə aid olmaması yoxlanılır. İşaxtaran məşğul şəxs olduqda onun işsiz şəxs kimi qeydiyyata alınmır və bu barədə məlumat səbəbi göstərilməklə, onun şəxsi kabinetində yerləşdirilir".