"İşğaldan azad olunmuş ərazilərə təhsilimiz qayıdır” -SORĞU

24 Yanvar 2023 16:51 (UTC+04:00)

Bu gün 24 yanvar Beynəlxalq Təhsil Günüdür. Hər kəsə məlumdur ki, təhsil hər bir insan üçün ən vacib amildir. Hətta bununla bağlı belə bir atalar sözü var: “Savadsız adam kor kimidir”.
SİA olaraq Azərbaycanda təhsilin hansı səviyyədə olması ilə bağlı sorğu keçirdik:

Millət vəkili Musa Qasımlı:
“24 yanvar Beynəlxalq Təhsil Gününün keçirilməsi səbəbsiz deyil. Bu gün dünyada təqribən 258 milyon uşaq və gənc məktəbə gedə bilmir. 617 milyon uşaq və gənc isə ibtidai biliklərə malik deyil. Təkcə Afrikanın Saxara bölgəsində qızların 40 faizi təhsildən kənardadır. Bu gün dünyada təqribən 4 milyon uşaq və gənc qaçqın məktəbdən kənardadır. Bu insanların təhsil hüququ kobudcasına pozulub.
Ölkəmizdəki vəziyyət isə tamamilə fərqlidir. Bu gün Azərbaycanda savadlılığın səviyyəsi yüz faizdir. Həm dövlət büdcəsi hesabına, həm də Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə müasir avadanlıqlarla təchiz olunmuş məktəblər tikilib. Ən ucqar kəndlərdə belə müasir məktəblərimiz var. Ulu Öndər Heydər Əliyev təhsili millətin gələcəyi adlandırırdı. Bu gün biz layiq olduğumuz hər bir şeyi təhsilimizə və müəllimlərimizə borcluyuq.
Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərində təməlini qoyduğu binalardan biri də məktəb binası olmuşdur. İşğaldan azad olunmuş ərazilərə təhsilimiz qayıdır”.

Təhsil eksperti İlqar Orucov:
“Hər bir dövlətin təhsilə baxışı həmin dövlətin firəvan və davamlı inkişafını təmin etməyə hədəflənib. Bu istiqamətdə məhz Azərbaycanda da ən ali səviyyədə siyasi mövqe ortadadır. Cənab Prezidentin hər zaman təhsilə münasibəti yüksək olub. Hətta mən Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinə, müəlliminə münasibətinin ən ali səviyyədə olmasını xatırlayıram. Həmin siyasəti bu gün dövlət başçımız davam etdirir.
İstənilən ölkədə inkişaf təhsil üzərində qurulursa, lazımi uğurlara da imza atılır. Ölkəmizdə də bununla bağlı konkret siyasi mövqe mövcuddur, müxtəlif dövrləri əhatə edən konkret dövlət strategiyası qəbul olunub və məqsədli proqramlar həyata keçirilib. Eyni zamanda, təhsilə ayrılan büdcədə də hər il artım müşahidə olunur. Bütün bunlar hədəfində Azərbaycan təhsilinə diqqət və qayğı dayanır.
Bu gün 24 yanvar Beynəlxalq Təhsil Günüdür. Buradan bütün təhsil ictimaiyyətini təbrik edirəm”.

Millət vəkili Anar İsgəndərov:
“Bu gün beynəlxalq təhsil günüdür. Azərbaycan da dünyanın bir guşəsi olaraq, tarix boyu ölkəmizin də təhsil sahəsində kifayət qədər uğurları olub. Azərbaycanda təhsil sahəsinə hər zaman böyük dəyər verilib. Ulu Öndər Heydər Əliyev Azərbaycanın birinci katibi kimi bu ölkəyə rəhbərlik edərkən hər il minlərlə azərbaycanlı gənci SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərirdi. Burada məqsəd isə Azərbaycan gəncinin daha yüksək səviyyədə təhsil verən universitetlərdə inkişaf etməsi idi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın təhsili üçün də müəyyən çətinliklər, problem yarandı. Lakin müstəqil dövlət təhsil haqqında bir sıra qanunlar qəbul etdi və təhsilimiz bu günə qədər də atılan addımlar sayəsində olduqca irəliləyib. Ölkəmizdə təhsilin daha da inkişaf etməsi üçün təbii ki, yeni işlər də görülür”.

Millət vəkili Ceyhun Məmmədov:
“Hesab edirəm ki, son illər Azərbaycan təhsilində biz bir sıra ciddi irəliləyişləri müşahidə etmişik. Bu illər ərzində çoxlu sayda məktəblər təmir olunub, yeni məktəblər inşa olunub, STEAM mərkəzləri hazırlanaraq, vətəndaşlarımızın istifadəsinə verilib. Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı ilə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan gəncləri dünyanın müxtəlif yerlərində olimpiadalarda iştirak edərək, ölkəmizi layiqincə təmsil edirlər. Lakin görülən bütün işlər rəğmən hesab edirəm ki, qarşıda görüləcək işlərimiz də olduqca çoxdur. Təhsilimizin səviyyəsinin daha da yüksəldilməsi üçün mütləq əlavə addımlar atmalıyıq”.