Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yaşıllaşdırılması istiqamətində 4-cü sosial islahatlar paketini imzalayaraq insanların sosial müavinətlərin artırılması ilə bağlı sərəncam imzalayıb. Bəs pensiya alan şəxslər bununla bağlı nə düşünür? Onlar artımlardan razıdırlar? Minimum əməkhaqqı və pensiya nə qədər olmalıdır? Hazırkı vəziyyətdən məmnunluq hissi duyurlarmı? Mövzu ilə əlaqədar olaraq SİA paytaxt sakinlərinin fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib.

Şəhər sakini Mövlud Mahmudov: “Cənab Prezident İlham Əliyev bu dəfə də biz qocaları sevindirdi. Mən hazırda 300 manat pensiya alıram, lakin hələ artımla almamışam. Təbii ki, pensiyalarımızın qalxması çox gözəl bir təşəbbüsdür. Bugünkü günümüzə min şükür olsun. Mən hər şeydən çox razıyam. Düşünürəm ki, gələcəkdə yenidən pensiyada artımlar olar. Çünki indiki dövr üçün minimum pensiya 600 manat olmalıdır”.

Şəhər sakini Gülşən Əliyeva: “Düşünürəm ki, cənab Prezidentin bu təşəbbüsü çox gözəl addımdır. Bir pensiyaçı olaraq hamı kimi artımlar məni də sevindirir. Bu baxımdan düşünürəm ki, bu cür artımlar davamlı olmalıdır. Cəmiyyətin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər hamımızın ürəyindən xəbər verir”.
Şəhər sakini Gülşən Bağırova: “Mənim 6 uşağım var. Bunun üçün də sosial müavinət alıram. Həmin pul 180 manat təşkil edirdi, indi 200 manat olub. Təbii ki, az bir məbləğdir. Çünki hazırda qiymət artımları müşahidə olunur. Ona görə pensiya, müavinətlərin qiyməti daha da artmalıdır. Lakin yenə də ölkə başçısına təşəkkür edirik”.

Şəhər sakini Zenfira Qafarova: “Dövlət başçısının atdığı addım təqdirəlayiqdir. Çünki həqiqətən də pensiyaçılar çox az miqdarda pensiya alırlar. Buna görə də pensiyaların, maaşların və müavinətlərin artırılması mühüm bir amildir. Ümumilikdə hər şeyin qiyməti yüksəkdir. Bu baxımdan, bir çoxlarımızın bu artımlara ehtiyacı var idi. Bunun üçün də pensiya alan şəxs olaraq bu hal məni sevindirdi”.
Şəhər sakini Vera Hüseynova: “Mən hazırda artımla 300 manat pensiya alıram. Təbii ki, bu artımların olması çox yaxşıdır. Amma düşünürəm ki, indiki dövrdə 300 manat pensiya çox az bir məbləğdir. Maksimum isə pensiya 500 manat olmalıdır”.
Şəhər sakini Rəhilə Əhmədova: “Hər bir halda Prezident tərəfindən atılan bu addım sevindirici bir haldır. Mən yaşa görə 180 manat pensiya alırdım, indi 220 manat təşkil edir. Gündəlik tələbatlarla ayaqlaşmasa da, bu halın tezliklə düzələcəyinə inanıram”.