“Hal-hazırda ölkədə 4 min 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Etiraf edək ki, son bir ay ərzində şagirdlər arasında infeksion xəstəliklər yayılmağa başlayıb. Hətta məktəblərdə apardığımız monitorinqlər göstərir ki, şagirdlərin davamiyyəti ciddi şəkildə aşağı düşüb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, hal-hazırda orta ümumtəhsil məktəblərində əgər qar yağdığı müddətdə dərsə davamiyyət 30-35 faizə düşmüşdüsə, indi şagirdlərin dərsə davamiyyəti 60-70 faiz arasında dəyişir: “Bunun əsas səbəbi şagirdlərdə yüksək hərarət, eyni zamanda digər buna bənzər hallar müşahidə edilməsidir. Təbii ki, əslində, bu tipli hallarda Nazirlər Kabineti Təhsil Nazirliyinə qərar qəbul etmək səlahiyyəti verib ki, bu tipli hallarda necə mübarizə aparmaq olar. Yəni, çevik qərar qəbul etmək lazımdır”.
Kamran Əsədov sözlərinə belə davam edib: “Əlbəttə, bizi artıq yanvar ayının 27-dən sonra bir neçə günlük qış tətili gözləyir və şagirdlər bu müddət ərzində evdə qalacaqlar. Davamiyyəti nəzərə alaraq hesab edirəm ki, məktəblərin bir həftəlik müddətdə tətil edilməsinə və yaxud da tətilin müddətinin bir neçə gün artırılmasına ehtiyac var.
Hesab edirəm ki, birmənalı şəkildə biz hansı məktəbdə bu tipli dərsə davamiyyət aşağıdırsa və bunun əsas səbəbi kimi şagirdlər arasında yoluxma hallarını müşahidə ediriksə, o məktəblər bir həftə müddətində tətil elan edilməlidir. Həmin məktəblərdə dezinfeksiya işləri aparılmalıdır. Çünki biz görürük ki, bu aylarda uşaqlar arasında suçiçəyi, qızılca xəstəlikləri artıb, mövsümi qrip virusu var və yaxud koronavirus tam olaraq başa çatmayıb, ölkə ərazisində müəyyən sayda da olsa yoluxma var.
Təbii ki, dərsə davamiyyətin aşağı olduğunu nəzərə alsaq, müəyyən qədər dərslərdə tətil elan edilməlidir və burada ikinci bir problem var. Bəzən bizim valideynlər yoluxmuş uşaqlarını xəstəxanaya aparmırlar, yerli həkimlər, ailə həkimləri vasitəsilə müalicəsini həyata keçirirlər və bunun bir qeydiyyatı olmur. Bu zaman şagirdlər dərsə qayıdanda və yaxud da bu, xüsusən, ali təhsil müəssisələrində təhsil alan tələbələrə aiddir. Onlara xəstəlik haqqında arayış verilir və bu arayış çox təəssüflər olsun ki, hüquqi olaraq qəbul edilmir, bu, yanlışdır. Hesab edirəm ki, istər şagirdlərin, istərsə də tələbələrin dərsə davamiyyəti ilə bağlı onlar dövlət nümunəli möhürlü arayış təqdim edərlərsə, həmin onların dərsdə iştirak etmədikləri müddət üzrlü hesab edilməlidir və onlara qayıb və yaxud da iştirakda hansısa bir bal çıxılma halları olmamalıdır.
Nazirlər Kabinetinin qərarında da var ki, dövlət nümunəli xəstəliyi özündə əks etdirən arayış təqdim edən şəxslər mütləq şəkildə onlara bu hal üzrlü olaraq qəbul edilməlidir. Çünki bu, məcburi dayanmadır. Yəni, Əmək Məcəlləsində belə məcburi dayanma nəzərdə tutulub. Bu, müəllimə də, tələbəyə də aiddir. Yəni, əgər ondan asılı olmayan səbəbdən baş veribsə, təqdim edilən arayış mütləq olaraq qəbul edilməli və həmin şəxslərə buna görə güzəşt edilməlidir”.
Ayşən Vəli