Prezident İlham Əliyev öz doğum günündə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Bu görüşdə Prezident Qərbi Azərbaycana qayıdışla bağlı çağırış edib. Eyni zamanda, İlham Əliyev ermənilərin bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövlətlərinin olmadığını qeyd edib. Bu məsələ ilə bağlı bir çox şəxslər münasibət bildirib. Bəs görək dədə-baba yurdları olan, amma heç vaxt Qərbi Azərbaycanı görməyən gənclərimiz o yerlər haqqında nə düşünür. SİA mövzu ilə bağlı Qərbi Azərbaycandan olan gənclər arasında sorğu keçirib.
Tələbə Ayşən Allahverdiyeva: "Qərbi Azərbaycan ərazisi bizim qədim dədə-baba yurdumuzdur. Ermənistanın mənfur siyasəti nəticəsində xalqımız öz torpaqlarından didərgin düşmüşdür. Artıq 30 ildən artıqdır ki, biz bu torpaqlara həsrətik. Lakin bu torpaqlara qayıdacağımıza inanır, bir gün belə buna şübhə etmirik. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, biz Şərqi Zəngəzura qayıtmışıq və Şərqi Zəngəzur varsa, demək ki Qərbi Zəngəzurda vardır. Qərbi Zəngəzur, Göyçə mahalı, İrəvan şəhəri hamısı bizim qədim tarixi torpaqlarımızdır. Cənab Prezident böyük inamla qeyd edir ki, bir gün biz bu torpaqlara qayıdacağıq. Qərbi Azərbaycandan olan bir gənc olaraq mən də çox istəyərəm k, biz o torpaqlara qayıdaq və orada yaşayışı təmin edək".
İctimai fəal Aqil İsmayılzadə: "Hamı çox yaxşı bilir ki, Qarabağ da, Qərbi Azərbaycan da qədim Azərbaycan torpaqları olub. Şükür ki Qarabağı gənc oğullarımızın qanı bahasına da olsa geri qaytara bildik. İstərdim ki, Qərbi Azərbaycan torpaqlarına dinc yolla qayıdışımızı təmin edək. Ermənilər anlamalıdır ki, onlar bizim torpaqlarımızda var olublar. Dədə-baba yurdumuza geri qayıtmağı istəmək bizim haqqımızdır. Tezliklə atamın, anamın boya-başa çatdığı eli, obanı görəcəyimə ümid edirəm. Bunun üçün bir Azərbaycan gənci olaraq əlimdən gələni etməyə hazıram".
Tələbə Nəzakət Abbasova: "Prezidentin Qərbi Azərbaycana qayıdışla bağlı çağırışından xəbər tutanda ilk öncə atam yadıma düşdü. Çünki o, kəndlərindən çox danışardı. Uşaq vaxtı başa düşmürdüm ki, burada evimiz-eşiyimiz, torpağımız olduğu halda atam niyə oraları arzulayır. Məni də Bakıdan ayırsalar, ürəyim öz torpağıma qayıtmaq istəyər. Qərbi Azərbaycanın elə qəşəng yerləri, kəndləri ola-ola kim oradan darıxmaz ki?! Mən də bir dəfə oranı görsəydim, o cür gözəlliklərdən ayrı qala bilməzdim. İnşallah doğma torpaqlarımıza qayıtmaq nəsib olar. Əgər oralara qayıtsaq inanıram ki, atamın da ruhu şad olar".
İctimai fəal Həsən Abbasov: "Həm Prezidentimizə, həm də xalqımıza ümidlərimiz böyükdür. Qarabağ məsələsində olduğu kimi yenə də bir yumruq altında birləşib ədalətsizliyə bir son verəcəyik. Ermənistan da, onun arxasında duranlar da dərk edəcək ki, hər şey öz gerçək sahibinə geri qayıdır. Necə ki Qərbi Azərbaycan torpaqları da bizə qayıdacaq. Əminəm ki, Qərbi Azərbaycandan olan mənlə yaşıd və ya daha azyaşlı gənclər, yeniyetmələr də gedib o yerləri canlı görmək istəyir. Əgər elə bir imkan yaransa, mən də düşünmədən ailəmlə birgə gedib orada yaşamaq istəyərəm. Bəlkə müəyyən qədər çətinliklər olar, amma biləcəyik ki, dağı, daşı, suyu, torpağı özümüzünküdür".
Tələbə Çinarə Abdullayeva: "Düşünürəm ki, Qərbi Azərbaycana qayıdışımız mümkün olacaq. Hər nə qədər o yerləri heç vaxt görməsəm də, Prezidentin qayıdışla bağlı çağırışına çox sevindim. Əlbəttə ki, atamın doğulduğu, böyüdüyü torpaqlara getmək, oraları görmək istəyərəm. Atam həmişə öz uşaqlıq xatirələrini, kəndlərinin təbiətini, qohum-qonşularla olan münasibətlərini, bayramı necə keçirdiklərini nəql edirdi. Eşitdikcə bütün bunlar mənə maraqlı gəlirdi. Ona görə də arzu edirəm ki, ömrümün bu gözəl çağlarında doğma torpaqlarımızın canlı şahidi olum".
Tələbə Günel İsmayılova: "Qərbi Azərbaycan mənim dədə-baba yurdumdur. Uşaqlıqda babamgil bizə oradakı həyatlarından, təbiətinin gözəlliyindən danışardı. Mən də həmişə istəyirdim ki, o yerləri görüm. Çox təəssüf, bütün bunları sadəcə danışılanlardan bilirəm. Arzulayıram ki, bir gün valideynlərimin danışdığı xatirələri canlı görmək qismət olar. İnanıram ki, Qarabağ kimi bu arzumuz da nə vaxtsa reallaşacaq".