"Avropa Parlamenti yeni reallıqları həzm edə bilmir" - DEPUTAT ŞƏRH ETDİ

20 Yanvar 2023 16:43 (UTC+04:00)

"Avropa Parlamentinin "Madrid prinsipləri"nə istinad etməsi yeni reallıqları həzm edə bilməməsi ilə izah olunur. Vaxtilə "Madrid prinsipləri" üzrə tənzimlənən prinsipinə Azərbaycan qoşulsa da, Ermənistan bununla bağlı mövqeyini ifadə etmirdi. Yəni, münaqişənin tənzimlənməsi istiqamətində Ermənistan heç bir prosesin içində olmaq istəmədiyini davranışları ilə aydın nümayiş etdirirdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, "Madrid prinsipləri"nə görə həmin dövrdə Dağlıq Qarabağ ətrafında beş rayonun qaytarılması, Kəlbəcər və Laçının qeyri-müəyyən müddətdə erməni işğalı altında qalması və sonrakı mərhələdə də referendumun keçirilməsi nəzərdə tutulurdu: "Təbii ki, bu prinsipin ortaya atılmasında məqsəd ermənilərə zaman qazandırmaqdan, onların işğalçılıq siyasəti üçün əlavə dəstəkçi elementlər formalaşdırmaqdan ibarət idi. Baxmayaraq ki Azərbaycanın həmin dövrdə də münaqişənin dinc yolla tənzimlənməsinə dəstək verməyə hazır olduğunu nümayiş etdirirdi, Ermənistan öz xislətinə sadiq qalaraq yenə də pozuculuq işləri ilə məşğul olurdu. Artıq Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Ümumiyyətlə, "Madrid prinsipləri" haqqında düşünməyin özü belə absurddur. Bu prinsiplərin hər hansı bir elementinə istinad etmək üçün bugünkü gündə heç bir şərait mövcud deyil".

Deputat sözlərinə davam edərək bildirib ki, bu gün yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi müzakirə predmeti ola bilər: "Azərbaycan hər hansı ərazisi ilə bağlı kiminləsə müzakirə aparmaq fikrində deyil. Biz çox yaxın gələcəkdə ermənilərin yaşadığı ərazilər üzərində də öz suverenliyimizi bərpa edəcəyik. Qarabağ mövzusu Azərbaycanla başqa bir tərəf arasında müzakirə predmeti ola bilməz. Oradakı ermənilərin gələcəyi də Azərbaycanın daxili işidir. Hesab edirəm ki, Avropa Parlamentinin bu cür aşkar pozucu və qərəzli mövqe nümayiş etdirməsi elə Avropanın öz mövqeyi kimi qəbul oluna bilər. Çünki AP Avropa seçicilərini təmsil edən deputatlardan ibarətdir. Belə görünür ki, onlar yenə Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə çalışırlar. Belə olduqda Brüsseldə keçirilən görüşlərin də əslində nəyə xidmət etdiyi haqqında təsəvvürlər yarana bilər. Brüssel görüşü sonda Praqa görüşü ilə nəticələndi. Praqa görüşündə də yekun sülh sazişinə gedən yolu praktiki olaraq kəsən qərar qəbul olundu. Bu, Avropa İttifaqının müşahidə missiyasının Ermənistana göndərilməsindən ibarət oldu. Onun ardınca növbəti missiyanın daha uzun müddətə göndərilməsi təşkil olundu. Görünən odur ki, bütövlükdə Avropa yenə zaman udaraq Ermənistanın əlini gücləndirməyə çalışır. Sadəcə AP deyərək məsələyə mövqe sərgiləmək məncə, doğru olmaz. AP elə Avropa İttifaqının məvqeyi kimi qəbul oluna bilər. Çünki Avropa İttifaqının qəbul etdiyi qərar da sülh prosesinə olduqca mənfi təsir göstərdi.

Paşinyan yekun sülh sazişini imzalamamaq üçün axtardığını Praqada tapmış oldu. Ona görə də hesab edirəm ki, Avropa Parlamentinin yenidən "Madrid prinsipləri"nə istinad etməsi yalnız Azərbaycanın öz iradəsi hesabına formalaşdırdığı yeni geosiyasi reallıqları aradan qaldırmağa hesablanıb".