Ev heyvanları bizi hansı xəstəliklərə yoluxdura bilər? - HƏKİM İZAH ETDİ

19 Yanvar 2023 14:57 (UTC+04:00)

"Heyvanlar insanlarda bir çox xəstəliklərə səbəb ola bilər. Bu xəstəliklərə qarayara, quduzluq, ornitoz, salmonelloz, bruselyoz, toksoplazmoz, exinokokkoz və başqa helmintozları, leyşmaniozu və s. xəstəlikləri misal göstərmək olar. Qarayara xəstəliyi inkişaf etməkdə olan ölkələrlə yanaşı, bütün dünyada yayılmış zoonoz infeksiyadır və otyeyən heyvanların xəstəliyidir. Əsasən, heyvan saxlayanlar və ət işləri ilə məşğul olanlar peşələri ilə əlaqədar tez-tez yoluxurlar. Qarayara törədicilərinin sporları torpaqda uzun illərlə qala bilir. Yoluxmuş heyvanların dərisi, yunu, əti, sümüyü yoluxmada mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Leyla Əmrahova deyib.

Onun sözlərinə görə, salmonelloz xəstəliyi də heyvanlardan insanlara keçən xəstəliklərdən biridir: "Salmonelloz cinsli bakteriyalar gastroenteritə, tifoid qızdırmaya səbəb ola bilər. Salmonelloz gastroenteritinə hinlərdə saxlanılan heyvanların yaxşı bişməmiş ət və yumurtaları səbəb olur. Həmçinin, xəstə heyvanın ətindən hazırlanmış qamburger və südü də yoluxmaya səbəb ola bilər.

Salmonelloz inkişaf etməkdə olan ölkələrdə endemik infeksiyadır. Sanitar qaydalara riayət etməmək, həmçinin, içmə sularının təmizliyinin düzgün olunmaması infeksiyanın davamlı olmağından sorumludur".

Həkim sözlərinə belə davam edib: "Bruselyoz xəstəliyi də xəstə heyvanların yaxşı bişməmiş ətindən, südündən və heyvanlara qulluq edən şəxslərə təmas yolu ilə yoluxur. Çox təhlükəli xəstəliklərdən olan quduzluq da quduzluğa yoluxmuş heyvanların insanları dişləməsi zamanı ağız suyu vasitəsilə insanlara yoluxur. Bütün bu xəstəliklərdən qorunmaq üçün heyvanların vaksinasiyasını vaxtlı-vaxtında həyata keçirmək və sanitar qaydalara riayət etmək lazımdır".

Ayşən Vəli