"Prezident İlham Əliyevin İsveçrə səfəri və burada keçirilən görüşlər bir çox aspektdən xüsusi önəm daşıyır. Bu öncəliklə Prezident İlham Əliyevin dünya liderləri arasında özünəməxsus yeri olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Davos Forumuna bütün dövlət başçıları dəvət edilməyib: "Azərbaycan bu tədbirə dəvət olunan azsaylı ölkələrdəndir. Bu, həm də ölkəmizin artan nüfuzunun, dövlətimizə olan diqqətin göstəricisidir. Eyni zamanda, cənab Prezidentin müxtəlif dövlətlərin təşəbbüsü ilə bir sıra görüşlər keçirdiyinin şahidi olduq".
Deputat sözlərinə davam edərək bildirib ki, bir sıra Avropa ölkələri və böyük şirkətlərin rəhbərləri də bu görüşlərdə fəal iştirak etdilər, mövqe və yanaşmalarını ortaya qoydular: "Hesab edirəm ki, cənab Prezident bu görüşdə bir çox vacib məsələləri qaldırdı. Görüşdə iştirak edən media nümayəndələri, ayrı-ayrı ölkə başçıları, beynəlxalq qurumların rəhbərləri Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə geniş məlumatlandırıldı. Ona görə deyə bilərik ki, görüş həm siyasi, həm də iqtisadi baxımdan uğurla yerinə yetirildi".