Məscidin imam-xətibi futbol klubunun rəhbəri seçilib

18 Yanvar 2023 20:08 (UTC+04:00)

Tacikstanın Vose əyalətindəki “Hülbük” klubunun futbolçu və məşqçilər heyəti yerli məscidin imam-xətibini komandanın rəhbəri seçiblər.

Yanvarın 15-də Tacikistan çempionatının birinci liqasında çıxış edən “Hulbuk” futbol komandasına din xadimi Səidəkram Sirojev başçı təyin edilib. “İmam-Xətibin komandaya başçı təyin olunması təklifi futbolçulardan və azarkeşlərdən gəlib. Biz bu məsələni müzakirə etdik və razılaşdıq”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “Hulbuk”un baş məşqçisi Juraxon Mirzəyev bildirib.

Vose rayon kafedral məscidinin imam-xətibi, onun komanda ilə işləmək təcrübəsi olduğunu bildirib.

Belə ki, dediyinə görə, o keçmişdə üç il “Hulbuk”un sponsoru olub. Həmin illərdə onun sözlərinə görə, komanda Tacikistanın futbol çempionatında gümüş və bürünc medallar qazanıb.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin din xadiminin futbol komandasına rəhbər təyin olunması ilə bağlı birmənalı fikri yoxdur. Bəziləri hesab edir ki, hər kəs öz işi ilə məşğul olmalıdır.

Amma maraqlıdır ki, yeni komanda rəhbərini müdafiə edənlər də az deyil. Məsələn onlardan biri sosial şəbəkədə “imam-xatib peşə deyil, çox güman ki, fəxri vəzifədir. Kim deyir ki, din xadiminin idmanla məşğul olmağa haqqı yoxdur?”-deyə sual edir.

Ağasəf Babayev