Fəxri ad təqaüdləri razılıqla qarşılandı - TƏHLİL

18 Yanvar 2023 16:45 (UTC+04:00)

“Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 yanvar 2023-cü il tarixdə imzaladığı Sərəncamı fəxri ad daşıyan yüzlərlə ölkə vətəndaşı tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılandı. Sərəncamla fəxri adlara görə aylıq təqaüdün məbləği 2023-cü il yanvarın 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 200 (iki yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 150 (yüz əlli) manat müəyyən edildi.

Çalışdığı sahədə, ölkənin ictimai-siyasi həyatında fərqlənən insanların xüsusi qayğı ilə əhatə olunmasının təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə hər iki rəhbərliyi dövründə fəxri adların təsis edilməsini və buna görə təqaüdlərin təyin olunmasını daim diqqətdə saxlayan ulu öndərin fəaliyyətində insan amili həmişə xüsusi yer tutub. Bu səbəbdən də ölkəmizin inkişafında fərqlənən insanların zəhməti daim qiymətləndirilir.

Bu gün də həmin siyasət davam etdirilməklə yanaşı, həm də fəxri adlara görə təqaüdlərin məbləği tez-tez artırılır, dünyada baş verən və ölkəmizdən yan keçməyən infilyasiyaya uyğunlaşdırılır. Bu günlər ölkədə minimum əmək haqqlarının, pensiyaların, sosial müavinətlərin, bəzi dövlət qurumlarında çalışan işçilərin əmək haqlarının artırılması haqqında ölkə rəhbərinin sərəncamları vətəndaşlar tərəfindən razılıqla qarşılanmışdır. Həmçinin fəxqi adlara görə təqaüdlərin artırılması da fəxri ad daşıyanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılandı.

Postpandemiya və postmüharibə ölkəsindən vətəndaşına daha bir qayğı

Hazırda bütün dünya dövlətləri hələ də pandemiyanın vurduğu iqtisadi çətinliklər məngənəsindən çıxış yolu axtarmaqdadırlar. Təbii ki, koronavirus pandemiyasının yaratdığı ağır böhran ölkəmizdən də yan keçməyib. Hələ üstəlik bizim ölkəmiz pandemiya dövründə müharibə şəraitində də yaşamalı olub. Bütün dünya bir virusla-düşmənlə mübarizə apardığı təqdirdə, Azərbaycan eyni zamanda iki düşmənlə koronavirusla və erməni adlı düşmənlə mübarizə aparmalı oldu.

Müharibənin isə öz qanunları var. Təbii ki, hər hansı bir ölkədə müharibə baş verirsə, bu, böyük iqtisadi tənəzzüllə nəticələnir. Çünki müharibənin gedişi milyonlarla manat vəsait hesabına reallaşır.

Azərbaycanın 30 illik bir zaman kəsiyində torpaqlarının 20 faizdən çoxunu işğal altında saxlayan və 2020-ci ilin sentyabr ayında yeni torpaq iddiaları meydana çıxan Ermənistana qarşı müharibəyə başlamasının pandemiya dövrünə təsadüf etməsi ölkəmizin iki düşmənlə eyni zamanda mübarizə aparacağını ortaya qoydu. Beləliklə də biz cəbhədə ermənilərlə, ümumi həyatımızda isə koronavirus pandemiyası ilə mübarizə aparmalı olduq. Ölkəmizin son 20 ildə iqtisadi inkişafı, gəlcəyə hesablanmış prioritetlər nəticəsində Azərbaycan hər iki düşmənlə mübarizədə qalib gəldi. Cəbhədə minlərlə şəhidimiz olsa da, minlərlə övladımız sağlamlığından keçib qazi olsa da, minlərlə vətəndaşımız koronavirus pandemiyasının qurbanı olsa da, lakin böyük və tarixi Zəfərimizin, 30 il işğal altında qalan torpaqlarımızın azadlığının sevinci təsəllimiz oldu.

Biz qalib olduq. Torpaqlarımız doğmasına-Azərbaycanımıza qaytarıldı. Dünyanın bir çox inkişaf etmiş dövlətləri ilə müqayisədə isə karanovirusdan dünyasını dəyişənlər bizdə onlardan qat-qat az oldu. Çünki ölkəmizin iqtisadi gücü və vətəndaşına xüsusi qayğısı var.

Elə postpandemiya və postmüharibə dövründə minimum və əmək haqlarına, pensiyalara, sosial ödənişlərə, tələbən təqaüdlərinə, hətta fəxri ad təqaüdlərinə artımların olması, bütün bunların qonşu və region dövlətlərdə olduğundan fərqli məbləğə çatdırılması bir tərəfdən dövlətimizin vətəndaşına qayğısını təsdiqləyirsə, digər tərəfdən də iki ağır döyüşdən çıxmasına baxmayaq iqtisadi gücümünü göstərir.

Hər birimizin Prezidenti

Fəxri ada görə təqaüd alan jurnalistlərdən biri kimi mən də dövlətimizin başçısının bütün artımlar, eləcə də fəxri adlara görə təqaüdün artırılması ilə bağlı sərəncamlarını böyük razılıqla qarşılayıram. Həqiqətən də arxada qalan uzun illər göstərdi ki, cənab İlham Əliyev hər bir vətəndaşımızın Prezidenti oldu. İnsanlara ayrı-ayrılıqda qayğısı, yanaşması, yanlarında olması ilə illər öncə verdiyi vədi təsdiqlədi. Biz ölkəmizin rəhbərini hər il doğum günündə şəhid ailələri ilə, əsgər və zabitlərimizlə, qaçqın və köçkülərimizlə birlikdə görürüksə, bəli, cənab Prezident dediyi kimi, bizim hər birimizin Prezidenti ola bildi. Qayğımıza qalanımız, təsəlli verənimiz, arzularımızı reallaşdıranımız oldu. Bütün xalqı dəmir yumruğu ətrafında birləşdirib Qarabağ Zəfərini bizə görməyi nəsib etdiyi kimi.

Bu gün biz jurnalistlər qürur duyuruq ki, çağdaş dövrümüzün tarixini, salnaməsini yazanlardanıq. Xoşbəxtik ki, cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun Qarabağda keçirdiyi hərbi əməliyyatları izləmək bizə nəsib oldu. Onların hər birindən ayrı –ayrılıqda yazmaq, reportaj hazırlamaq bizə qismət oldu.

Bu gün müəllimlərimiz də xoşbəxtdirlər ki, gənc nəslə Qarabağın işğalından deyil, azadlığından söhbət açırlar. Dövlətimizin başçısının torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası üçün uzun illər apardığı tədbirlərdən danışırlar. 30 il əvvəlki ölkə rəhbərləri ilə bu gün ölkəmizə rəhbərlik edən liderimizin fərqli cəhətlərindən söhbət açırlar.

Bu gün müəllimlərimiz kimi, həkimlərimiz də xoşbəxtdirlər. Çünki onlar müstəqilliyimizi, sərhədlərimizi, torpaqlarımızı qoruyan, ölkəmizin inkişafında ayrı-ayrı sahələrdə fəaliyyət göstərən vətəndaşlarımızın sağlamlığının keşiyindədirlər.

Xalq yazıçılarımız, xalq şairi, xalq artisti və xalq rəssamlarımız, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçilərimiz qürur duyurlar ki, bu gün hər biri öz sahəsində Qarabağın azad obrazını yarada bilirlər. Ölkəmizin inkişafından, dünyada böyük nüfuz sahibi olmasından danışa, yaza bilirlər. Onu rəsm əsərlərinə köçürə bililər. Səhnələrdə göstərə bilirlər. Şeirlərdə, mahnılarda yaşada bilirlər.

Və həm də zəhməti ilə fəqlənən bu insanların hər biri layiq olduğu fəxri ada görə təqaüdünün artırılması üçün də qürur duyur. Birinci, ona görə ki, yüksək dövlət qayğısını hiss edirlər. İkinci, ona görə ki, ölkədə hər iş öz axarınca gedir. Biz müharibədən yenicə çıxdığımıza baxmayaraq həm Qarabağımız yenidən bərpa olunur, həm də vətəndaşların sosial rifah halı diqqətdə saxlanılır. Vətəndaş rifahı üçün hər addım öz zamanında və vaxtında atılır. Elə buna görə də hər kəs öz lideri-ölkə başçısı ilə qürur duyur.

Mətanət Məmmədova