Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova “Caliber” analitik mərkəzinə müsahibəsində maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Azərbaycanlı fəalların Laçın yolunda bir aydan çoxdur davam edən aksiyasına münasibətiniz necədir?
- Azərbaycan ekoloji fəallarının Laçın yolunda etiraz aksiyası ilk növbədə Azərbaycanda vətəndaş cəmiyyətinin birliyinin göstəricisidir, qanunauyğun, səmərəlidir və Bakının bütün çətinliklərə baxmayaraq milli maraqlarını və torpaqlarını müdafiə etməyə hazır olduğunu bütün dünyaya açıq şəkildə göstərir. Bir aydan artıqdır ki, Azərbaycan gəncləri Ermənistanın qanunsuzluqlarına və təbii sərvətlərin istismarına qarşı qəti etirazlarını bildirirlər. Qışın soyuğuna, əlverişsiz hava şəraitinə baxmayaraq, etirazçılar təslim olmurlar və heç şübhəsiz ki, tələblərini təmin edənə qədər orada dayanacaqlar. Bu, həm də Bakının öz ölkəsinin təbii sərvətlərinin talanına son qoymaq və Ermənistana öz yerini göstərmək əzmi və qəti niyyətindən xəbər verir.
Düşünürəm ki, İrəvanın qarşı çıxacağı heç nə yoxdur, ona görə də rus sülhməramlılarını öz tərəfinə çəkmək üçün əbəs yerə Gümrüdə anti-Rusiya aksiyaları kimi müxtəlif təxribatlar təşkil etməyə çalışır. Ancaq gördüyümüz kimi, Rusiya sülhməramlıları neytrallığa riayət edirlər və Ermənistanın tələblərini yerinə yetirmək hüququna malik deyillər, burada onun üçün heç nə parlaq deyil.
Azərbaycan üçün beynəlxalq ictimaiyyət səviyyəsində ciddi dəstəyə nail olmaq üçün hazırda Avropada və Rusiyada dəstəyin artırılması vacibdir. Bakının bütün tərəfdarları və dostları indi Laçın yolunda baş verənlər və Ermənistanla əslində vəziyyətin necə olduğu barədə məlumatları dünya ictimaiyyətinə çatdırmalıdırlar, çünki erməni lobbiçiləri media vasitəsilə tamamilə fərqli, reallığa tam zidd mənzərə yaradırlar. Bu baxımdan Bakı tərəfindən informasiya işinin gücləndirilməsi son dərəcə zəruridir.
- Ermənistan güclü anti-Rusiya hərəkatı yaratmaqla Moskvadan hansı üstünlükləri axtarır?
- Anti-Rusiya hərəkatı Moskvaya Ermənistanın Rusiyadan üz döndərib Qərbə doğru getməyə hazır olduğunu göstərmək üçün təşkil olunub. Paşinyan bu yolla Rusiya ilə əməkdaşlığın Ermənistan üçün sərfəli olmadığını Kremlə çatdırmağa çalışır. Ermənistan tərəfi Qərbə stavka edir, baxmayaraq ki, bu həm Rusiyada yaşayan böyük erməni diasporu, həm bu ölkədəki erməni biznesi, həm də bütövlükdə Ermənistan iqtisadiyyatı üçün kifayət qədər təhlükəli siyasətdir. Ermənistanın siyasəti KTMT və Aİİ kimi strukturlarla ünsiyyətdə çətinliklər yaradır ki, bu da Ermənistan iqtisadiyyatı üçün mənfi nəticələrlə doludur. Hesab edirəm ki, bunu Ermənistanın özündə də başa düşürlər, ona görə də İrəvanda nə qədər küssələr də, Ermənistan KTMT-dən və Aİİ-dən çıxmayacaq, xüsusən indiki vəziyyətdə.
- Eyni zamanda, Gümrüdəki Rusiya hərbi bazasında erməni revanşistlərinin aksiyası demək olar ki, rəsmi İrəvanın razılığı olmadan baş tutmadı?
- Əlbəttə. Gümrüdəki aksiya Moskvaya meydan oxuyur və Paşinyanın Laçın yolunda azərbaycanlı fəallara qarşı Rusiya sülhməramlılarının dəstəyinə ümid etdiyini sübut edir. Və çox güman ki, Gümrüdə yaşayan rus sülhməramlılarının ailələrinə RSK-nın Ermənistana dəstək verməli olduğunu göstərmək üçün bu aksiyanı təşkil edən də rəsmi İrəvan olub. Yəni bu, sülhməramlılara təzyiq göstərmək üçün bir növ xüsusi planlaşdırılmış cəhddir. Rusiyanın Laçın yolunda baş verənlərlə bağlı neytral mövqeyi Ermənistanı çox qıcıqlandırır, ona görə də onlar indi Gümrüdə anti-Rusiya hərəkətləri ilə ənənəvi şantaja əl atıblar. Moskvada bu addım Ermənistan tərəfindən xəyanət kimi qiymətləndirilir və müvafiq nəticələr çıxarır.
- Bakı ilə İrəvan arasında sülh müqaviləsi bağlamaq şansı varmı?
- Mənə elə gəlir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyməz. Ola bilsin ki, Paşinyan belə bir müqavilə imzalamaq istəyərdi, amma onun ətrafı buna imkan verməyəcək. Digər tərəfdən, Paşinyan Azərbaycana hansısa güzəştə gedəcəyi təqdirdə devrilməkdən qorxur. O, anlayır ki, Ermənistandakı radikal dairələr onun belə addımını bağışlamayacaqlar. Ona görə də Ermənistanın baş naziri yekun sənədin imzalanması imkanını ləngitməkdə davam edəcək.
- Sizcə, Ermənistanın Qarabağdan qeyri-qanuni hərbi birləşmələrini çıxarmaq istəmədiyinə görə Azərbaycanın nə etmək hüququ var?
- Azərbaycan davamlı olaraq beynəlxalq səviyyədə bəyan etməlidir ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli sazişlərə əməl etmir və silahlı birləşmələri Qarabağdan çıxarmır. Lazım gələrsə, güc də tətbiq edə bilər. Ermənistan bilməlidir ki, problemin hərbi yolla həlli yenidən təkrarlana bilər, ona görə ki, güc və həqiqət Azərbaycanın tərəfindədir. Qarabağ Azərbaycan torpağıdır və Ermənistan nəinki onu tamamilə azad etməli, həm də sərhədlərin demarkasiyası və delimitasiyası, yataqların minalardan təmizlənməsi və digər məsələləri həll etməli olacaq.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb