Azərbaycan özünü idman ölkəsi kimi təsdiqləyib

17 Yanvar 2023 16:24 (UTC+04:00)

Qədim dövrlərdən insanların idmana olan marağı müasir dünyamızda da davam etməkdədir. Şərqin ən qədim sivilizasiyalarının mərkəzində yerləşən ölkəmizdə bədən tərbiyəsinə, idmana və sağlam həyat tərzinə hər zaman diqqət və qayğı olmuşdur. Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Dövlət gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Ölkəmizdə idmanla, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai amilə çevirmişdir. Ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən işlər Azərbaycan idmanının dünyadakı nüfuzunu xeyli artırıb. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, Olimpiya komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib, idmanın kütləviliyi təmin edilib. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib.

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdə ölkə başçısı idman sahəsində əldə olunan nailiyyətdən ətraflı danışaraq qeyd etmişdir ki, ötən il idmançılarımız beynəlxalq yarışlarda çox müvəffəqiyyətlə çıxış edərək böyük uğurlara imza atmışdılar. Cənab Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunan ərazilərdə Olimpiya İdman komplekslərinin və idman zallarının tikilib istifadəyə verilməsi nəzərdə tutulub.

Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bütün bu nailiyyətlər cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqın milli maraqlarına əsasən həyata keçirilən siyasi xəttin nəticəsidir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Rüfət Əhmədov

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri