SSRİ-nin dağılmasının əsasını qoyan əsas hadisələrin birindən 33 il ötür
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistan SSR-in təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı ordu hissələrinin yeridilməsi Azərbaycan SSR-in paytaxtında qan tökülməsi ilə nəticələndi.
Günahsız insanların ölümü ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçovun Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, buna etirazını bildirən xalqımızın mübarizliyini, əyilməzliyini nümayiş etdirdi.
Respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin güllə-baran edilməsi, yüzdən artıq günahsız insanın qətlə yetirilməsi yüzlərlə insanın yaralanması nəticəsində daha da alovlanan xalq etirazları SSRİ-nin dağılmasının əsasını qoydu.
Həmin vaxt Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə Sovet İttifaqı KPMK-nin baş katibi Qorbaçov və ordu rəhbərliyindəki satqınlar nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, bu münaqişəni qızışdırmaq üçün hər şeyi etmişdilər.
Mixail Qorbaçov Bakıda “erməni poqromları” kartından məharətlə istifadə etdi. Guya Bakıya qoşun "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində, isə bu açıq riyakarlıq, ağ yalan idi.
Bu "dəlillər" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya ordu yeritməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" qrupları oynayırdı. Ordunun şəhərə yeridilməsi nəticəsində Bakıda 137 vətəndaş həlak oldu, 700-dən çox adam yaralandı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan SSR Dövlət Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və insanlara atəş açdı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq.
Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Sovet xalqına və dövlətinə qarşı təxribatlarına görə Nobel sülh mükafatı almış, erməni mafiyasının əlaltısına çevrilmiş Mixail Qorbaçovun rəzil siması bu idi...
“20 Yanvar”ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb.
Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq.
"Şit" təşkilatı ekspertlərinin hesabatından:
-Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;
-xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
-adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
-"Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların "millətçi ekstremistlər" adlandırdıqları bunlar idimi?
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın yolunda canlarından keçdilər.

Faciənin ertəsi gün o vaxt Moskvada yaşayan Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza güc verdi, ona böyük dayaq oldu.
Bu hadisələrdən bir müddət sonra – 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən ümumillim lider faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmış, qərarlar qəbul etmişdi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamına əsasən 2007-ci ildə Şəhidlər Xiyabanı vahid kompleks kimi yenidən qurulub.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb