2023-cü ildə İnter dizayn sahəsində hansı tendensiyalar yenilənir? - ARAŞDIRMA

17 Yanvar 2023 12:59 (UTC+04:00)

Dünyanın bir çox ölkələrində keçirilən interyer sərgiləri 2023-cü ildə dəbli interyerlərin yaradılması istiqamətini müəyyənləşdirib. İnteryer dizaynerlərini ən çox ilhamlandıran məqamlar müştərilər arasında tələbat olub-olmaması və bu tendensiyalardan ən yaxşı şəkildə necə istifadə olunacağıdır.

Bu ilin yüksək tendensiyalarından biri rahat minimalizmdir.

2023-cü ildə hansı İnter dizaynlara üstünlük veriləcək?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

2023-cü ildə isti rənglər, qəhvəyi və çəhrayı rənglər aktual olacaq. Mövcud rənglərdən ən yaxşı şəkildə dekorasiyada, yumşaq mebeldə və zaman keçdikcə yenilənməsi asan olan böyük ölçülü mebellərdə istifadə olunur.

Yaşıl rəng hələ də interyerlərdə məşhurdur. 2023-cü ildə canlandırıcı, zəngin kölgəsi diqqət mərkəzində olacaq ki, bu da yeni mövsümdə interyerə aktuallıq qatacaq. Yaşıl, sükunət hissi oyadan və sakitlik yarada bilən rənglərdən biridir.

Heç kimə sirr deyil ki, interyerdə istifadə edilən rəng və çalarların palitrası da təbiətin özü tərəfindən diktə olunur. Mütəxəssislərin sözlərinə görə bu il təbii materiallar da tələb olacaq - ağac, daş, saman, gil, toxuculuq, eləcə də əl istehsalı dekor əşyaları.

İç memar Leyla Naib Cabbarlı: "İnteryer dizaynda dəb fashion sahəsi kimi sürətlə dəyişilmir, lakin yenə də hər il yeni parlaq tendensiyalar meydana çıxır və ya köhnə üslublar yenilənir. Beləliklə, 2023-cü ildə interyerdə növbəti trendlər ümumi olaraq bunlar olacaq: soft minimalism, ağıllı ev sistemi və (ən sevdiyim) keçmişə qayıdış.( Və ən əsası rənglər, təbiətə yaxın rənglər, isti təbii tonlar: qəhvəyi, terakota, mərcan, çəhrayı. Ümumi tendensiyalar (aşağıdakı foto) çox dəyişməyib, təbiilik və eyni zamanda funksionallıq, minimalism.

Ümumiyyətlə, bütün müasir dizayn minimalizm konsepsiyası üzərində qurulub. Ancaq 2023-cü ildə diqqət daha yumşaq və "isti" minimalizmə keçəcək. Əvvəllər çoxları üçün daha çox soyuqluqla əlaqələndirilirdisə, indi isə minimalism interyerlər daha canlı və rahat görsənir. Birinci palitra çox vacibdir: bej-qəhvəyi isti rənglər götürülür, onları qırmızı, sarı, narıncı rəng çalarları, fakturalar (mümkün qədər ağac, tekstil, bitki) və hamar yuvarlaq formalarla tamamlanır və əlbətdəki mebel. Minimalism digər üslubların elementləri ilə tamamlana bilər: skandi, boho, kantri, klassik.

Ağıllı ev sistemi

İndi texnologiya çox sürətlə inkişaf edir. Ancaq evinizdə tədricən istifadə edə bilərsiniz. Çünki interyerdəki hər bir detal ev sahibinin həyatını asanlaşdırmalıdır. Hər növ sensorlar, pultla idarə olunan açarlar, taymerlər, səsli köməkçilər, smart qadjetlər hər hansı bir mənzil və ya fərdi evdə mütləq olmalıdır. Əgər ağıllı ev sistemi qurmağa hələ hazır deyilsinizsə, kiçik "köməkçilərdən" başlayın: robot tozsoran, uzaqdan idarə olunan pərdələr, suya qənaət edən kranlar, çoxfunksiyalı məişət texnikası və s.

Keçmişə qayıdış

Analitiklər 70-ci illərin üslubunun xüsusi populyarlığını proqnozlaşdırırlar. İnteryerde nostalji pozitivlik gətirir, rahatlıq və istilik əlavə edir.

Trend rənglər

Neytral baza dəbdən düşmür və yaxın illərdə öz yerini itirməyəcək. Amma ən əsas rənglərdən biri terakota rəngidir. Neytral çalarlarla yaxşı görünəcək, xüsusən də tekstil detallarında istifadə edə bilərsiniz".

Havar Şəfiyeva