Gəmiricilərə qarşı mübarizə NECƏ APARILIR? - QURUM RƏSMİSİ DANIŞDI

17 Yanvar 2023 11:35 (UTC+04:00)

"Qarın yağması əkin sahələri üçün çox yaxşı oldu. Qardan sonra torpaqda nəmlik ehtiyyatı yaranır. Bu nəmliyi qorumaq lazımdır. Bəzən hava şəraiti küləkli olduqda və ya temperatur yüksək olduqda buxarlanma intensivləşir, torpaqda olan nəmlik itir. Ona görə də erkən yazda dəmyə bölgələrdə yaşıl malanın çəkilməsini tövsiyə edirik". Bu sözləri SİA-ya açıqlamasında bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, bu, torpaqda kapilyarları pozur və buxarlanmanın intensivliyini azaldır: "Yəni, torpağı qoruyub saxlayır ki, bitkilər ondan səmərəli şəkildə istifadə etsin. Eyni zamanda, gəmiricilər daimi olaraq izlənməlidir. Son dövrlər hava şəraiti gəmiricilərin inkişafı üçün çox əlverişli oldu. Fermerlər xüsusilə yanvar və fevral aylarında gəmiricilərə qarşı mübarizəni ciddi nəzarətdə saxlamalıdırlar. Əgər hər hansı bir problem yaranarsa və ya preparatlar lazım olarsa Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki qurumlarına, Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər".

İmran Cümşüdov sözlərinə davam edərək bildirib ki, bundan əlavə yemləmə, suvarma, qulluq işlərinə də diqqət göstərməli, alaq otlarına qarşı birmənalı surətdə mübarizə aparılmalıdır: "Alaq otları həm məhsuldarlığı azaldır, həm də mədəni bitkinin istifadə etməli olduğu torpaqdakı nəmliyə də şərik çıxır. Torpağa verilən gübrə, su yabancı otlar tərəfindən mənimsənildikdə məhsuldarlığa, məhsulun keyfiyyətinə birbaşa təsir göstərir. Nəinki yanvar-fevral aylarında, ümumiyyətlə ilboyu aqrotexniki tədbirlər həyata keçirilməlidir".