Ermənistanın son ümidi – Fransa da əldən çıxır... SİYASİ RAKURS+ÖZƏL

17 Yanvar 2023 10:56 (UTC+04:00)

Qalust Qriqoryan: “Fransa parlamentinin rəhbəri Yael Bron-Pive İrəvanı ziyarət etdi və Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşdüyü zaman bir sıra yersiz, şok doğuran bəyanatlar səsləndirdi, bu madam Ermənistanda ola-ola Azərbaycanı sevindirmək qərarına gəldi”

Azərbaycanın Ermənistana qarşı bu və ya digər siyasi-diplomatik cəbhələrdə endirdiyi zərbələri erməni siyasi isteblişmentini sözün əsl mənasında nokaut zərbəsinə məruz qoyur və silkələyir. Maraqlıdır ki, azərbaycanlı ekofəalların Laçın yolu üzərində etiraz aksiyası keçirmələrinin davam etdiyi bir zamanda bir sıra ermənipərəst dairələr, eləcə də KİV-lər Azərbaycanın haqlı tələblərinə tamamilə fərqli don geyindirməyə səy göstərirlər. Lakin bu cəhdlərə rəğmən, həmin bəyanatlar sadəcə bəyanat olaraq qalır və heç bir halda Azərbaycanın haqlı tələblərinə təsir göstərmir. Çünki reallıq və həqiqət də məhz Azərbaycanın yanındadır.

Erməni politoloquna görə, Fransa Ermənistana qarşı siyasi riyakarlıq nümayiş etdirir

Lakin bu xüsusda diqqətçəkən daha bir məqam ermənilərin daha çox ümid bəslədikləri Fransa ilə bağlıdır. Çünki ötən ilin sonlarında Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul etmişdi və eyni zamanda, Fransanın deputatları, rəsmi şəxsləri, eləcə də prezidenti açıq-aşkar erməni maraqlarından çıxış edərək rəsmi Bakıya qarşı təzyiq dili ilə danışmağa cəhdlər göstərmişdilər. Fəqət bu cəhdlər də nəticəsiz qaldı. Həmin cəhdlərin nəticəsiz qalmasını isə elə erməni siyasətçilərinin öz dillərindən eşitmək daha çox maraq doğurardı.

Beləliklə, Ermənistanlı kifayət qədər tanınmış siyasi şərhçi, politoloq Qalust Qriqoryan bəyan edib ki, Fransa Ermənistana qarşı siyasi riyakarlıq nümayiş etdirib. O, bu sözlərini fransız parlamentinin spikerinin ölkəsinə etdiyi rəsmi səfəri zamanı səsləndirdiyi bəyantları ilə sübut etməyə çalışıb. SİTAT: “Fransa parlamentinin rəhbəri Yael Bron-Pive İrəvanı ziyarət etdi və Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşdüyü zaman bir sıra yersiz, şok doğuran bəyanatlar səsləndirdi, bu madam Ermənistanda ola-ola Azərbaycanı sevindirmək qərarına gəldi”.

Hər halda fransız parlamentinin spikerinin İrəvanın ortasında erməniləri pəjmürdə edən bəyanat verməsinə respekt qiymətini vermək olar

Etiraf edək ki, əslində Azərbaycan da Fransa rəsmisindən belə bir addımı gözləmirdi və əgər Yael Bron-Pivenin yuxarıda qeyd edilən bəyanatı erməni ictimai rəyində şok doğurubsa, azərbaycanlı ictimai rəyi də müəyyən mənada təəccübləndirib. Daha dəqiq desək, erməni tərəfinin şoka düşməsi maraqlı hadisədir...

Ancaq bizlərdə belə bir atalar misalı var ki, ziyanın yarısından qayıtmaq da xeyirlidir. Görünür, Fransadakı rəsmi dairələr son zamanlar hədlərini aşdıqlarını, nə qədər ciddi nöqsanlara yol verdiklərini və siyasi-diplomatik cəhətdən yersiz davrandıqlarının fərqinə varmağa başlayıblar. Və hər halda fransız parlamentinin spikerinin İrəvanın ortasında erməniləri pəjmürdə edən bəyanat verməsinə respekt qiymətini vermək olar. Necə deyərlər, sükanı belə saxla...

Nəticədə Qalust Qriqoryan, sözün əsl mənasında, psixiki sarsıntıya məruz qalıb. Bunun isə daha bir səbəbi Yael Bron-Pivenin qondarma “artsaxı” tanımaması fikirləridir.

Fransız spikerin “Bizim mövqeyimiz dəqiqdir, biz Qarabağın müstəqilliyini tanımırıq” ifadələri erməni siyasi isteblişmentini bir-birinə vurub

Erməni politoloqunun sözlərinə görə, Fransa parlamentinin rəhbərinin ölkəsi adından çıxış edərək qondarma “dqr”i tanımamasını rəsmi şəkildə bəyan etməsi onun siyasi riyakarlığının tərkib hissəsidir. SİTAT: “Qarabağın regionda hansı statusa malik olmasına Fransa qərar verməli deyil. Bizim mövqeyimiz dəqiqdir, biz Qarabağın müstəqilliyini tanımırıq”.

Əslində, yalnız Qalust Qriqoryanın deyil, bütövlükdə Ermənistandakı siyasi dairələrin anidən Fransaya qarşı aramsız hücumlara başlamaları rəsmi Paris üçün görk olmalıdır. Yəni Paris anlamalıdır ki, onlar hər an İrəvan tərəfindən hətta təhqirlərə belə məruz qala bilərlər. Çünki erməniçilik xisləti bu istiqamətdə formalaşıb və tarixlər boyu da belə olub.

Makronun Azərbaycanı dost ölkə adlandırması və situasiyanın Bakının xeyrinə dəyişməsi

Misal üçün, uzun illər Ermənistanı qoynunda bəsləyən, ona himayədarlıq edən Rusiyaya qarşı mövcud münasibəti də Paris açıq gözlə görməli və əsl reallığı dərk etməlidir. Bu baxımdan, elə də uzağa getməyərək adıçəkilən politoloqun daha bir fikrinə diqqət yetirək.

Belə ki, erməni eksperti Fransanın prezidenti Emmanuel Makronun Azərbaycanın bu ölkəyə təyin olunmuş səfiri Leyla Abdullayevadan etimadnaməsini qəbul etdiyi zaman irəli sürdüyü fikirlərini də xatırladıb. SİTAT: “Emmanuel Makron Azərbaycan səfirindən etimadnaməni qəbul edərkən bəyan edib ki, Fransa Azərbaycana dost ölkədir. Bütün bunlar onu göstərir ki, situasiya Bakının xeyrinə dəyişir”.

Beləliklə, hər şey tam çılpaqlığı ilə ortadadır və yeri gəlmişkən, ötən gün Azərbaycanın Fransaya təyin olunmuş səfiri Leyla Abdullayevanın paylaşdığı son tviti də çox yəqin ki, erməni siyasi isteblişmentini yerindən oynadacaq qədər təsirlidir. Səfirimiz Fransanın xarici işlər və Avropa naziri Katrin Kolonna ilə görüşüb və səmimi fotolarını özünün tvitter səhifəsində paylaşıb. Hər halda, bu eyhamlar da bəlli tərəfə yönəlib və artıq Ermənistan son ümid yeri olduğu Fransanı da asta-asta itirməkdədir. Hər halda, faktlar da ortadadır...

Rövşən RƏSULOV