Prezident müsahibəsi ilə dünyaya ismarıc göndərdi

16 Yanvar 2023 17:24 (UTC+04:00)

Prezident İlham Əliyevin şəxsi nüfuzu, diplomatik gedişləri, yüksək idarəçilik bacarığı, qüdrətli Azərbaycanı formalaşdıran əsas şərtdir. Xalqın sevgisini qazanan, mükəmməllik nümunəsi göstərən İlham Əliyev bütün nəticələr və gələcək hədəflərlə bağlı mütəmadi olaraq ictimaiyyəti məlumatlandırmaqla da liderlik örnəyi sərgiləyir. Dövlət başçımızın istər xarici jurnalistlərə, istər yerli mediaya, istərsə də dünyanın beyin mərkəzlərinin mütəxəssislərinə verdiyi müsahibələrində Azərbaycan dövlətinin region ölkələri ilə yanaşı, dünya dövlətlərinin də tərəqqisi və inkişafına xidmət edən siyasət yürütdüyünü bəyan edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi böyük maraq və müzakirələrə səbəb olub. Dövlət başçısının həm 2022-ci ilin yekunlarına dair xalq qarşısında hesabat xarakterli fikirləri, həm də 2023-cü ilə dair planlaşdırılan tədbirlər barədə açıqlamaları yerli və xarici mediada təhlillərə yol açıb. Vurğulayaq ki, İlham Əliyev müsahibəsində, mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etməklə, Ermənistana və onun havadarlarına da ciddi xəbərdarlıq etmiş oldu.

Ölkə başçısı həmçinin, Azərbaycanın dünyada hərbi gücünə və şanlı Qələbəyə görə etibarlı, ciddi tərəfdaş kimi qəbul olunduğunu, Azərbaycanın həmin Qələbəni necə, hansı risklərə gedərək, hansı qüvvələrlə mübarizə apararaq və bu gün də mübarizəni davam etdirməsini dünyanın siyasi elitasının diqqətində olduğunu “yəni, müharibə bitsə də, mübarizə hələ davam edir” deyərək bildirmişdir. Dövlət başçımızın ötən ilin yekunlarına və cari ilin planları ilə bağlı yerli televiziya kanallarına müsahibəsi ictimaiyyət tərəfindən maraqla izlənildi. Müsahibə əsnasında ölkəmizin iqtisadi gücündən ətraflı şəkildə bəhs edən dövlətimizin başçısı konkret rəqəmlərlə görülən və nəzərdə tutulan digər layihələr haqqında geniş hesabat verdi. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub Dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını qeyd edən ölkə başçımız vurğuladı ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər, şübhəsiz bu, böyük rəqəmdir və Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edər. Məhz bütün bunların fonunda Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir. Prezident İlham Əliyev aparılan siyasətin mərkəzində insan amilinin dayandığını xüsusi qeyd edərək bildirdi ki, vətəndaş məmnunluğunun artırılması, yeni iş yerlərinin yaradılması prioritet məsələlərdəndir. Ölkə rəhbərinin vurğuladığı kimi, ölkədə 60 min ailənin özünüməşğulluq proqramına cəlb olunması, əhalinin sosial rifahının daim diqqətdə saxlanılması bu istiqamətdə atılan mütərəqqi addımlardandır. Cənab Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycan sosial dövlətdir və dövlət bunları fəaliyyəti ilə təsdiqləyir. Dövlət başçısının öz müsahibəsində qeyd etdiyi kimi, bu gün Azərbaycan dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursu ölkəmizə bütün beynəlxalq müstəvilərdə öz sözünü açıq və birmənalı ifadə etmək imkanı verib. Və əlbəttə ki, bunun təməlində, ilk növbədə, 2020-ci ildə əldə olunmuş tarixi Qələbə və ölkənin hərbi qüdrəti durur. Bu iki həlledici amil isə birbaşa 2003-2020-ci illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti, uğurla həyata keçirdiyi daxili və xarici siyasi kursu sayəsində əldə olundu. Lakin müharibə faktiki olaraq başa çatsa da, Azərbaycanın müəyyən qüvvələrə qarşı mübarizəsi hələ də davam edir. Azərbaycan bundan sonra da həm hərbi, həm siyasi, həm də iqtisadi gücünü artırmalıdır.

Əlbəttə xalqın və dövlətin idarə olunması, xarici qüvvələrə qarşı mübarizəsi onun iqtisadi və siyasi gücündən bilavasitə aslıdır. Bu mənada İlham Əliyevin bütün müsahibələrində, çıxışlarında “Ölkəni gücləndirmək və vətəndaşlara xidmət” əsas qayəni , ana xətti təşkil edir. Heç də uzaq olmayan 2020-ci ilin sentyabr ayında yəni, Vətən Müharibəsi başlayan və sonrakı noyabr, dekabr , yanvar, fevral və. s aylarda xarici düşmənlər daxilimizdə hansısa bir neqativ axtarıb tapmağa, təxribatlara çəkməyə çalışsalar da bir cüzi ipucu belə tapa bilmədilər. Çünki ilk növbədə xalqın bütün sahələr üzrə istəkləri nəzərə alınmış, ehtiyatlar görülmüş və düşmən təxribatlarına tutarlı cavab verilirdi.

Ölkəmiz ötən il iqtisadi və sosial sahədə müsbət makroiqtisadi göstəricilərə nail oldu, beynəlxalq müstəvidə milli maraqlarını qətiyyətlə təmin etdi. Müharibədən təzə çıxmış, ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa və yenidənqurma işləri, sosial siyasətimizin dəyişməz olaraq qalması bir daha təsdiq edir ki, Prezident cənab İlham Əliyevin iqtisadi strategiyası dövlətimizin qarşısında dayanan məqsədləri layiqincə təmin edir. Artıq Qarabağ və Şərqi Zəngəzura qayıdış üçün yeni yollar salınır. Həmin yolların inşa edilməsi ilə işğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə ərməğandır. Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində işğaldan azad olunmuş ərazilərdə bu il icra layihələrdən danışarkən qeyd edib ki, cari ildə infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcəkdir. Ölkə başçımız cənab İlham Əliyev müsahibəsində eyni zamanda ötən il bizim ümumi daxili məhsulumuzun rekord həddə çatdığını diqqətə çatdırıb. Əsas məqsədimizin ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etmək olduğunu vurğulayan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində aparılan islahatlar öz bəhrəsini verir.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı