"Prezidentin həyata keçirdiyi siyasətin əsasını əhalinin rifahının yaxşılaşdırılması təşkil edir" - DEPUTAT ŞƏRH ETDİ

16 Yanvar 2023 15:56 (UTC+04:00)

"Cənab Prezidentin həyata keçirdiyi müdrik siyasətin ana xəttini əhalinin sosial rifahının daha da yaxşılaşdırılması təşkil edir və bunun nəticəsidir ki, ölkəmizdə sosial islahatlar ardıcıl xarakter alıb. Son beş ildə Azərbaycanda ənənəvi xarakter almış sosial paketlər icra olunur və 2023-cü ildən qüvvəyə minən 4-cü sosial paketlə sosial tərəqqi özünün yeni mərhələsinə daxil olacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, yeni sosial paketə əsasən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırıb: "Belə ki, Səhiyyə, Təhsil, Mədəniyyət, Kənd Təsərrüfatı, Gənclər və İdman Nazirliyi, Müdafiə Sənayesi, Maliyyə Nazirliklərinin bir sıra təşkilatlarının, Milli Elmlər Akademiyasının, Heydər Əliyev Mərkəzinin, Milli Ensiklopediyanın, dövlət arxivləri və onların filiallarının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dövlət Turizm Agentliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu əməkdaşlarının vəzifə maaşlarının artırılması təmin edilib".

Millət vəkili qeyd edib ki, cənab Prezidentin yanvarın 13-də imzaladığı yeni fərman və sərəncamlara əsasən, ölkədə müavinətlərin, təqaüdlərin və bir sıra sosial ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artırılıb: "Belə ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə uyğun olaraq, əlilliyi olan şəxslərə verilən müavinətlərin, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdünün gələn ilin əvvəlindən artırılıb. “2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata çatdırılıb. Həmçinin əlilliyi olan şəxslərin yönələn müavinətlər və təqaüdlər artırılıb.

Prezidentin aylıq təqaüdü müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manata çatdırılmaqla bərabər, digər tərəfdən bütün kateqoriyalara aid əlilliyi olan şəxslər üçün müavinət də orqanizmin funksiyalarının 81-100 faiz, 61-80 faiz və 31-60 faiz pozulmasına görə müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb. Eləcə də Prezidentin fərdi təqaüdü 1500, ailə başçısını itirməyə görə müavinətin 120, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşağa görə müavinətin 100, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinətin 105, “Xalq” fəxri adına görə təqaüdün 200, “Əməkdar” fəxri adına görə isə 150 manata çatdırılıb. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 manat, elmlər doktoru hazırlığı üzrə doktorantların müavinəti 400 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantların müavinəti 240 manat müəyyən edilib. Həmçinin, tələbələrin təqüdləri 20 faiz artırılıb".

A.Hüseynov bildirib ki, bir müddət əvvəl minimum əməkhaqqı və minimum pensiyaların artırılması 800 min nəfəri əhatə etmişdi, yanvarın 13-də imzalanmış sərəncamlarla isə həssas əhali qruplarından olan insanlara yönələn sosial ödənişlərin, o cümlədən 810 min insanın müavinət və təqaüdləri artırıldı: "Digər sosial artımları, ünvanlı sosial dövlət yardımını da əlavə etsək bu rəqəm təxminən 2 milyon nəfəri əhatə etmiş olacaq. Beləliklə, 4 islahat paketi üzrə əlavə olaraq büdcədən 750 milyon manat əlavə vəsait ayrılacaqdır. Ümumilikdə, büdcədə xərclərin təxminən 24 faizi əməyin ödənilməsinə yönəldiləcək və büdcə xərclərinin 49 faizi sosialyönümlü xərclər təşkil edəcəkdir".