Millət vəkilləri sosial müavinətlərin artması ilə bağlı NƏLƏRİ DEDİ? - SORĞU

14 Yanvar 2023 13:54 (UTC+04:00)

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yaşılaşdırılması istiqamətində 4-cü sosial islahatlar paketini imzalayaraq insanıarın sosial müavinətlərin artırılması ilə bağlı sərəncam imzalayıb. Bununla əlaqədar olaraq SİA millət vəkillərinin fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib.

Millət vəkili Aydın Mirzəzadə: "Ötən il Milli Məclisdə dövlət büdcəsi 2023-cü il üçün 2 milyard manat çox təsdiq ediləndə onun əhəmiyyətli hissəsinin sosial yönümdə istifadə olunacağı bildirilmişdir. Həqiqətən də belə oldu. Bu ilki, dövlət büdcəmizin 46 faizi sosial proqramlara yönəldilib. Cənab Prezidentin dünən sərəncamı ilə çox sayda insanlarımızın əməkhaqqısının, təqaüdlərinin, müavinətlərinin artırılması dövlətin bu öhdəliyini yerinə yetirdiyini bir daha sübut edir. Bunların içərisində ən əhəmiyyətlisi şəhid ailələri üçn dövlət tərəfindən verilən müavinətin 500 manatdan 600 manata çatdırılması, pensiyaların 15 faizədək artmasıdır. Orta səviyyəli pensiyanın və əmək haqqlarının da səviyyəsi artırıldı. Təqribi hesablamalara görə, bu sərəncam 800 minədək insanın əmək haqqısının, təqaüdünün artmasına xidmət edəcək. Baxmayaraq ki, bu gün dövlətimizin qarşısında işğaldan azad olunan torpaqların bərpa edilməsi, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi durur. Lakin bununla belə dövlət bu gün əhalinin sosial rifahının yaxşılaşdırılması üçün böyük işlər görür. Cənab Prezident bir neçə gün bundan öncə yerli mətbuata verdiyi müsahibəsində bildirmişdir ki, Azərbaycanda qiymət artımı və inflyasiya xaricdən gətirilmədir. Belə ki, çox təssüflər olsun ki, ərzaqın və gündəlik tələbat mallarının əhəmiyyətli bir hissəsini xaricdən gətiririk oradan isə qiymətlər artır. Bununla belə qiymətlərin artmaması, inflyasiyanın aşağı səviyyədə olması üçün böyük işlər görülür. İşğaldan azad olunan ərazilərimizin bərpası üçün ayrılan vəsait məqsədyönümlü hesab oluna bilər. 2023-cü ildə bir neçə şəhərə və əhəmiyyətli sayda kəndlərə insanlarımız geyi qayıdaraq, öz həyatlarını dədə-baba torpaqlarında davam etdirəcəklər.

Cənab Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atdığı addımlar, qəbul etdiyi proqramlar vaxtaşırı əhalinin güzəranının yaxşılaşdırılmasına xidmət edir".

Millət vəkili İlham Məmmədov: "Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar dövlət başçısının verdiyi sərəncamlar iqtisadi, sosial sahədə müəyyən inkişafın olmasına səbəb olur. Son 5 ildə mühüm sosial islahatlar paketi həyata keçirilir. Təbii ki, bu islahatların hər bir cəmiyyətin sosial həyatının rifah halında qorunub saxlanılmasına xidmət edir. Bunun üçün hər bir azərbaycanlı dövlətimizə, eyni zamanda cənab Prezident İlham Əliyevə öz təşəkkürünü bildirməlidir. Avropada və dünyanın dörd bir tərəfində hər kəs sosial problemlərin aradan qalxması istiqamətində bir çox addımlar atır. Lakin Azərbaycanda bugünkü gün möhtərəm Prezidentin sayəsində aparılan islahatlar bizim üçün ehtiyat tədbirləridir. Buna görə də ölkə başçısı tərəfindən növbəti sosial paketin təqdim olunması əhalimizin böyük sevincinə səbəb oldu.

Minimum əməkhaqqı artırılaraq 345 manata çatıb. Pensiyaların minimum həddi 280 manat təşkil edir. Şəhid ailələri üçün verilən təqaüd 600 manata çatdırıldı. Tək ötən il 1500 şəhid ailəmiz evlə təmin olunmuşdur. Bütün faiz artımları qlobal inflyasiya təhdidlərinə bir köməkdir. Ölkə başçısı il ərzində dəfələrlə bir çox sahələrdə islahatlar həyata keçirərək əhalinin rifah halında yaşamasını təmin edir".

Millət vəkili Tahir Kərimli: "Azərbaycan Respublikasının Prezidenti sosial müavinətlərin artırılması barədə sərəncam verdi. Əvvəllər minimum əməkhaqqı və pensiyaların qaldırılması barədə sərəncam qəbul olunmuşdur. Cənab Prezidentin yerli KİV-ə verdiyi müsahibəsi onu göstərdi ki, biz bunu imkanlar daxilində edirik və gələcəkdə də bu prosesi davam etdirəcəyik. Ölkə başçısının indiki imkan daxilində bunu etməsi müsbət bir addımdır. Məhz bu baxımdan da ölkə başçısının cəmiyyətin sosial rifahının yaxşılşdırılması istiqamətində imzaladığı sərəncam müsbət qarşılanır. Sosial sektor üçün 15 milyard pul ayrılıb. Təbii ki, ədalət prinsipi ilə bölgü aparılsa bunlar müsbət qarşılanar".