Bildiyimiz kimi, yeni sosial islahat mərhələsi çərçivəsində Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamla tələbə və doktorantların təqaüdləri də artırıldı. Yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.
Həmçinin dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən:
Doktorantura pilləsi üzrə: elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında: magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələr üçün – 195 manata, 71–100 bal olan tələbələr üçün – 160 manata, 51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılır;
Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələr üçün – 175 manata, 71–100 bal olan tələbələr üçün – 145 manata, 51–100 bal olan tələbələr üçün – 100 manata çatdırılır;
Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri: 91–100 bal olan tələbələr üçün – 100 manata, 71–100 bal olan tələbələr üçün – 80 manata, 51–100 bal olan tələbələr üçün – 66 manata çatdırılır;
Peşə təhsili müəssisələrində akademik göstəriciləri: “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün – 100 manata, “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün – 80 manata, “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir. Bəs, bu addım necə dəyərləndirilir? SİA mövzu ilə bağlı təhsil üzrə mütəxəssis və ekspertlər arasında sorğu keçirib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev: “Cənab Prezidentin tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndiririk. Tələbə təqaüdlərinin artımı onların yaşayış səviyyəsinin yaxşılaşmasına, eyni zamanda tədris ləvazimatlarının tələbələr tərəfindən əldə olunmasına köməklik göstərən bir sərəncamdır.
Biz bilirik ki, universitetlərin böyük əksəriyyətinin yataqxanaları yoxdur və tələbələr kirayə evlərdə yaşayırlar. İndi kirayə evlər də çox bahadır. Düşünürəm ki, yaxın gələcəkdə tələbələrin təqaüdlərinə yenə də artımların olması onların keyfiyyətli tədrisinə də köməklik göstərəcək. Bununla tələbə maddi vəsaitinin bir hissəsini kirayə yaşadığı mənzil sahibinə ödəyə bilər.
Bu həm də müəyyən tələbələr arasında tədrisdəki uğurlarına görə rəqabət mühiti yarada və bir çox tələbələrdə motivasiya yarada bilər”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov: “Cənab Prezidentin müvafiq sərəncamı ilə bugün doktorantura, magistratura, ali təhsil müəssisələrinin tələbələri və eyni zamanda orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələrinin təqaüdlərinin artırılması ilə bağlı müvafiq sərəncamı gördük. Bu sərəncam davamlı olaraq məhz bu təbəqədən olan təhsil alan gənclərlə bağlı dövlət başçısının növbəti sosial qayğısının nümayişidir.
Mən hesab edirəm ki, bu kifayət qədər sosialyönümlü sərəncamdır, eyni zamanda təhsil alan insanlara dövlətimizin və dövlət başçımızın növbəti qayğısının təzahürüdür. Qeyd etdiyim kimi, sərəncam kifayət qədər böyük bir təbəqəni əhatə edir və heç təsadüfi deyil ki, bu həm təqaüdlərin artırılması ilə bağlı qərar, həm də kifayət qədər əhəmiyyətli qərardır. O baxımdan ki təqaüdlərin artırılmasında təhsil alanların akademik göstəriciləri nəzərə alınmaqla bu sərəncamdan irəli gələn məsələlər həll olunacaq. Yəni, dövlət sifarişli yerlərdən əlavə hətta ödənişli əsaslarla təhsil alan tələbələr belə akademik göstəriciləri yüksəkdirsə, onlara da şamil olunacaq.
Hesab edirəm ki, bu həm də təhsil alan tələbələrin yaxşı oxumasına motivasiya edəcək. Mən bu addımı yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu istiqamətdə dövlətimizin başçısı hər zaman addımlar atır və xüsusilə hazırkı dövrdə bilirsiniz ki, biz qlobal iqtisadi böhran dövrünə qədəm qoymuşuq. Dünyada gedən inflyasiya, iqtisadi böhran əlbəttə ki, bütövlükdə ölkə əhalisinin bütün təbəqələrindən olan insanlara təsir göstərir. Əslində, dövlət insanların bu prosesdən minimum itkilərlə çıxması və az zərər görməsi naminə hər zaman onların qayğılarını qarşılayır, onlara dəstəyini ifadə edir. Bu da dəstəyin növbəti təzahürüdür”.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi: “Tələbə təqaüdlərinin artırılması mütərəqqi bir qərardır. Çünki qiymətlərin son iki ildə daha çox artdığını nəzərə alsaq və xüsusilə 2020-ci ilin 2-ci yarısından etibarən müvafiq olaraq baş verən qiymət artımları istənilən halda tələbələrə də öz təsirini göstərmiş olur. Nəticə etibarilə, biz nəzərə alsaq ki, tələbələrin əksəriyyəti Bakı şəhərində olan universitetlərdə təhsil alır onların böyük bir hissəsi rayondan gələn tələbələrdir. Onların müvafiq olaraq Bakıda yerləşməsi və təhsil almaları kirayə mənzil tutmaları ilə nəticələnir. Kirayə mənzil tutmaq da tələbələrin maddi imkanını daha da çətinləşdirir.
Hal-hazırda olan artım müəyyən qədər də olsa onların ümumi rifahına öz təsirini göstərmiş olacaq. Könül istərdi ki, bütün təqaüdlər vətəndaşların rifahını təmin etsin. Ümid edirəm ki, qarşıdakı dövrdə belə bir vəziyyət yaranar.
Bakalavr, subbakalavr, magistr və doktorantura pilləsində təhsil alanlar kifayət qədər insan deməkdir. Onların hər biri təqüd almır. Yəni, təqaüdü müəyyən bir faiz alır. Əvvəlki dövrdə belə idi ki, yalnız dövlət sifarişli təhsil alanlar təqaüd alırdılar. Amma bir neçə ildir ki, həm dövlət, həm də ödənişli əsaslarla təhsil alanlar təqaüd ala bilirlər. Bu da rəqabətin artmasına şərait yaradır. Hansı tələbədə ÜMG daha yüksəkdirsə, təqaüd ona verilir”.

Təhsil eksperti Adil Vəliyev: “Məlum olduğu üzrə, bu gün cənab Prezidentin təqaüdlərin artırılması üzrə olan sərəncamı diqqətimizə çatdırıldı. Tələbələr adına biz də çox sevindik ki, onların da təqaüdləri artırıldı. Çünki təqaüdlərin arıtılması həm bakalavr, həm magistr, həm də doktorantlar üçün stimulverici bir xəbər oldu. Ən əsası da bu bakalavr tələbələrinə şamildir. Çünki ən əsası bölgələrdən gələn bakalavr tələbələrinin xərci daha çoxdur. Lakin, təqaüdlər o qədər yüksək deyildi və son bir ildə xeyli bahalaşma baş verib. Tələbələrin aldığı təqaüd bahalaşmayla nisbətdə çox az görünürdü.
İnkişaf etmiş qonşu ölkələrdə onların aldığı təqaüd minimum əməkhaqqına çox yaxın olur. Ümid edirik ki, bizdə də bundan sonra belə olar. Təhsil sahəsində bu kimi müsbət qərarlar daha çox olsun. Bu həm müəllimlər, həm də tələbələr üçün daha xoş olar. Çünki qiymət artımı da kifayət qədər yüksəkdir”.
Ayşən Vəli