Qanunların aliliyini təmin edən dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq hər bir cəmiyyət üçün arzuolunandır. Qürurverici haldır ki. Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlət qurulub və vətəndaş cəmiyyəti bərqərar olunub. Bütün bunlar ölkəmizdə demokratiyanın olduğunu, demokratik cəmiyyətin mövcudluğunu təsdiq edir və bununla fəxr etməyə dəyər.
Demokratiya hər bir insana, ailəyə, kollektivə, cəmiyyətə özünü realizə etməyə, normal həyata, yaradıcılığa, öz tələbatını ödəməyə, rifahının artırılmasına, harmonik inkişafa imkan yaradır. Demokratik cəmiyyətdə idarəetmə və təşkilatçılıq aktualdır. Ona görə ki, demokratik cəmiyyətdə bütün insanlara bərabər hüquq və azadlıqlar verilir. Eyni zamanda demokratik cəmiyyətdə, qanunların aliliyini təmin edən hüquqi dövlətdə hər bir vətəndaşın konstitusion vəzifələrini yerinə yetirməsi tələb olunur. Bu cəmiyyətdə ilk olaraq hüquqi dövlət quruculuğu prosesi gedir. Hüquqi dövlətin formalaşması isə prosesi həyati tələbatdır. Bu anlayış yalnız dövlət çərçivəsi daxilində məhdudlaşmır, eyni zamanda bütün cəmiyyətə aiddir.
Azərbaycanın suverenliyi, müstəqilliyi, dövlətin hüquqi əsaslarının möhkəmlənməsi mövcud dövlət və hüquq institutlarının keyfiyyət dəyişikliyinə təsir göstərərək hüquqi dövlətin və vətəndaş cəmiyyətinin yaradılması, cəmiyyət həyatının bütün sahələrində hüquq normalarının realizəsi problemlərini ön plana daşıdı. Ümummilli Lider Heydər Əliyev göstərirdi ki, “vətəndaş cəmiyyəti yaradılması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar yaxud da bir niyyət deyil, Azərbaycanın inkişafının başlıca şərtidir”. Hüquqi dövlətin formalaşması ictimai həyatda köhnəlmiş demokratik stereotipləri aradan qaldırdı. Hüquqi dövlətin, dövlətçiliyin əsasını təşkil edən dövlət hüquq institutlarının formalaşması yalnız demokratik şəraitdə mümkün olmaq qənaətinə gəlməyə əsas verir. Artıq demokratik cəmiyyət və hüquqi dövlət ideyası bizim vətəndaşların təfəkküründə və şüurunda tədricən transformasiya edilir və adaptasiya olunur, hansı ki, onlar bunu daha yaxşı dərk etməyə başlayırlar. Müasir dövrdə strateji inkişaf xətti kimi demokratik cəmiyyət quruculuğu və bazar iqtisadiyyatı yolunu seçən Azərbaycan Respublikası dünya təcrübəsini uğurla sınaqdan keçirir, ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır, özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını və maliyyə imkanlarını cəlb edir, onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.
Bir qayda olaraq dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz. Vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmadan dövlət demokratik ola bilməz. Demokratik cəmiyyətin yeganə ümumi siyasi hakimiyyəti hüquqi dövlətdir. O ümumi bəşəri sərvət sayılmalıdır. Hüquqi dövlətin qanunvericilik dövləti olması aksioma kimi qəbul edilməlidir və edilir də. Konstitusiyanın qəbulu isə hüquqi dövlətin formalaşması prosesinin mühüm tərkib hissəsidir. Azərbaycanın yeni Konstitusiyasının preambulasında qanunların aliliyini təmin edən hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması xalqın niyyətlərindən biri kimi təsbit olunaqdadır.
Hüquqi dövlətin nəzəri konsepsiyasının və praktikasının uzun tarixi var. Hüquqi dövlət termini alman ədəbiyyatında XIX əsrin əvvəllərində Velkerin, Molyanın və başqalarının əsərlərində göstərilmiş, sonralar geniş yayılmağa başlamışdır. Hüquqi dövlət nəzəriyyəsinin fəlsəfi əsaslarını isə klassik alman fəlsəfəsinin banisi Kant veribdir. Onun konsepsiyasında mərkəzi yeri insan və şəxsiyyət tutur. Kanta görə dövlət hüquqi qanunlara tabe olan insan çoxlugudur. Dövlət yaşayır və öz fəaliyyətini həyata keçirəndə ilk növbədə ümumi məqsədlərə və dəyərlərə əsaslanır. Dövlət yaranır və mövcud olur ki, onun fəaliyyəti cəmiyyətin əsas maraqlarına cavab versin və insanların öz tələblərini təmin etməsinə imkan yaratsın. Dövlətin rifahı mükəmməl hüquqdadır. Dövlət Konstitusiya hüququ əsasında hərəkət edir və xalqın ümumi iradəsini ifadə edirsə, o hüquqidir, orada vətəndaşların şəxsi azadlıqları, vətəndaş hüquqları məhdudlaşdırıla bilməz. Dövlətin təyinatı təkmilləşdirilmiş hüquqdadır, onun quruluşunun və rejiminin hüquqa maksimum uyğunluğudur. Elə bu müddəalara görə Kant hüquqi dövlət nəzəriyyəsinin banisi sayılır.
Beləliklə, hüquqi dövlət-ictimai həyatın qanun, hüquqi prinsiplər və vasitələr əsasında qurulmasıdır. Ənənəvi olaraq, hüquq müəyyən olunmuş prosedura ilə qəbul olunan qanundan əvvəl gəlir və o qanunla təsbit olunduqda hüquqi güc alır, dövlət strukturu vasitəsilə realize olunur. Hüquq yüksək effektli və məqsədəuyğun tənzimləyici olmaqla cəmiyyətdə köklü siyası, iqtisadi, sosial məsələlərin həllinə kömək edir. Dövlət və hüquq cəmiyyətin iqtisadi bazısı üzərində üstqurumun müxtəlif hissələridir. Hüquq insanların ümumi iradəsi ilə öz ictimai həyat fəaliyyətinin qaydaya salınmasında tələb və maraqlarını, şəxsiyyətin hüquq və azadlıqlarını, humanizmi, sosial ədaləti ifadə edir. Hüquqi dövlət konsepsiyası qanunun aliliyi onun hüququn yüksək prinsiplərinə cavab verməsi, idarəedən və idarəolunan üçün məcburi olması, bütün insanların öz davranışında ona əməl etməsi, hüququn hakimliyi və başqa fundamental amillərə əsaslanır.
Siyasi cəmiyyətdə cəmiyyət və hüquqi dövlət münasibətləri prizmasından baxılması maraq kəsb edir. Hüquqi ədəbiyyatda və rəsmi sənədlərdə hüquqi dövlət və vətəndaş cəmiyyəti birgə ifadə olunur. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması insanların ictimai şüurundan, mədəni səviyyəsindən və maddi rifahından çox asılıdır. Vətəndaş cəmiyyətinin inkişafı dövlətin inkişafından sonra gəlsə də, o ailə və dövlət arasında ayrıca bölmədir, çünki onun mövcud olması müstəqil dövlətin olmasının tələb edir. Vətəndaş cəmiyyətinin yaranması hüquqi dövlət və siyasi demokratiya ilə sıx əlaqəlidir. Vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı və siyasi demokratiya tarixi fenomen olub müəyyən inkişaf mərhələsində baş verir. Hegel hesab edirdi ki, vətəndaş cəmiyyəti və dövlət sərbəst institutlar kimi eyniyyət təşkil edir. Onun fikrincə vətəndaş cəmiyyətində özəl, dövlətdə isə ümumi maraqlar cəmləşir.
Vətəndaş cəmiyyətinin yaranmasının bir aspekti də insan və vətəndaş hüquqlarının ayrılmasıdır. Əgər insan hüquqları vətəndaş cəmiyyəti tərəfindən təmin olunursa, vətəndaş hüquqları hüquqi dövlət tərəfindən təmin olunur. Hər iki halda söhbət şəxsiyyətin hüquqlarından gedir. Birinci halda ayrı-ayrı insanın həyatı, mülkiyyət və öz imkanlarını realizə etmək hüququ nəzərdə tutulursa, ikinci halda konkret dövlətin vətəndaşı kimi onun siyasi hüquqa malik olması nəzərdə tutulur. Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarına və vətəndaşların vəzifələrinə geniş yer verilibdir. Konstitusiyanın maddələrinin təxminən hər üçüncüsü insan və vətəndaş hüquq və azadlıqlarını və vətəndaş vəzifələrini əks etdirir, Azərbaycan Respublikasının özünü idarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsi, yəni “Ombudsman” təsis edilibdir.
Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yoluna məhz müstəqilliyini bərpa etdikdən sonra qədəm qoyub. Bu yola qədəm qoyan ölkəmiz bu vaxta qədər böyük inkişaf yolu keçib. Ölkəmizdə mütərəqqi islahatlar qısa zaman çərçivəsində aparılıb və bunun sayəsində də Azərbacanda demokratik və hüquqi dövlət qurulub. İctimai-siyasi sabitlik, əmin-amanlıq məhz hüquqi dövlət yaradılması fonunda formalaşıb, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb. Azərbaycanın hal-hazırda inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olması da təsadüfi deyil və qeyd etdiyimiz mütərəqqi islahatlar, demokratik cəmiyyət quruculuğu sayəsində mümkün olub.
XX əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının formalaşması prorsesi başlayıb. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkəmizdə mövcud olan xaosun, qarışıqlığın, hərcmərcliyin, dərəbəyliyin, qanunsuzluğun qarşısı alınıb, ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına, inkişafına imkan yaradılıb. Elə ona görə də cəsarətlə deyə bilərik ki, Azərbaycanın müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Vətəndaş cəmiyyətinin inkişafına hal-hazırda ölkə rəhbəri, cənab Prezident İlham Əliyev xüsusi diqqət ayırır. Təməli Hedər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq milli mənafenin, dövlətçilik maraqlarının üstün tutulması Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin qayəsini təşkil edir. Azərbaycan Prezidentinin 7 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasətin parlaq nümunəsidir. Azərbaycan Prezidentinin siyasətinin mərkəzində insan amili durduğu günümüzün reallığıdır. Reallıq odur ki, Azərbacanın dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir.
Müəllif: İnam Hacıyev
6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
