Prezident İlham Əliyev: Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək
Son dövrdə dünyada baş verən proseslər Azərbaycanın enerji ixracatçısı mövqeyini daha da gücləndirdi. Xüsusən də, Ukraynada baş verənlərlə bağlı Qərblə Rusiya arasındakı qarşıdurma və qarşılıqlı sanksiyalar nəticəsində Avropanın enerji təminatında ciddi problemlər yaranıb. Belə bir şəraitdə Azərbaycan Avropanı enerji ilə təmin etməyə potensialı varmı? Ölkəmiz yaranmış bu imkanlardan necə bəhrələnə biləcək? Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə bu məqamları izah edib.
Dövlət başçısı deyib: Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, əlbəttə, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə 1-ci yeri tutub. Bu, izah ediləbiləndir. Əlbəttə, Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Hərçənd bundan əvvəl də belə bir fikir bərqərar olmuşdu ki, Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Azərbaycanın imkanları artırdı və biz, necə deyərlər, evdə işlərimizi uğurla görür, daha sərfəli bazarlara istiqamətlənirdik. Təbii ki, Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq. Nəzərə alırdıq ki, biz həm “Şahdəniz” yatağından, həm də başqa yataqlardan əlavə hasilat gözləyirik. Məsələn, əgər bütün işlər plan üzrə getsə, bu il “Abşeron” yatağından, gələn il isə, əgər yenə, hər hansı fors-major maneələr olmasa, 2024-cü ildə biz “Azəri-Çıraq-Günəşli” yatağından belə adlandırılan “dərin qaz” (“deep gas”) hasilatına başlamağı planlaşdırırıq”.
Rusiyanın qoyduğu sanksiyalarla bağlı Avropanın təbii qaz təchizatında yaranmış böhran onları alternativ imkanlardan maksimum bəhrələnməyə məcbur edir. Bəs belə bir şəraitdə Azərbaycan Avropanı enerji ilə təmin etməyə potensialı varmı?
Dövlət başçısı bildirir ki, bunun üçün potensial var: “Azərbaycanın təsdiq edilmiş ehtiyatları məlumdur, mən onları dəfələrlə bildirmişəm- 2,6 trilyon kubmetr, lakin əminəm ki, bundan qat-qat çox olacaq. Çünki bizim neft yataqlarında fəaliyyət təcrübəmiz göstərir ki, qazma işləri davam etdikcə, ilkin qiymətləndirmələrlə müqayisədə ehtiyatların həcmi çoxdur, Azərbaycanın qaz sahəsi azı 100 il beynəlxalq bazarlara öz ehtiyatlarını tədarük edəcək, yəni, texnologiyalar inkişaf etdikcə, hasilat imkanları artacaq. Buna görə də 2,6 trilyon kubmetr bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü, əlbəttə, hasilata investisiya qoyulması zəruridir və biz bunu edirik, bundan ötrü mövcud qaz kəmərlərinin genişləndirilməsi zəruridir. Ona görə ki, həm TANAP, həm də TAP kəmərləri bizim kontrakt bağladığımız həcmlər üçün nəzərdə tutulub. Biz belə qısa perspektivdə Avropaya tədarükün iki dəfə artırılmasına ehtiyac olacağını nəzərə almamışıq”.

Onsuz da Azərbaycanın qaz ixracı xeyli artıb və bunun da çox hissəsi Avropaya yönəldilir. Prezident bunu rəqəmlərin dili ilə izah edib: Əgər biz 2021-ci ildə Avropaya 8 milyard kubmetrdən bir qədər çox qaz tədarük etmişdiksə, bu il 12 milyard kubmetrə yaxın olacaq. Bütövlükdə bu il 24 milyard kubmetrə yaxın ixrac gözlənilir. Buna görə də biz qaz bazarında, o cümlədən Avropa bazarında artıq ciddi aktora çevrilirik. Artıq indi TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması barədə düşünürük. Əlbəttə, bundan ötrü tərəfdaşlarımızla məsləhətləşmələr aparılır. TANAP layihəsinə gəldikdə, burada işlər asandır, çünki biz bu layihənin əsas iştirakçısıyıq və əsas maliyyə yükü bizim üzərimizə düşəcək. TAP layihəsində bizim payımız 20 faizdir, buna görə orada, əlbəttə, konsensusa nail olmaq məsələləri üzərində daha çox işləməli olacağıq. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki başa düşürdük ki, qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla sanki qapalı məkanda qalacağıq.
Beynəlxalq enerji şirkətləri, ilk növbədə, məsələnin iqtisadi tərəfinə– nə vaxt sərmayə qoymaq, nə vaxt genişlənmək lazım olmasına baxırlar. Yəni, beynəlxalq enerji şirkətlərindən onların beş il sonra lazım olacaq layihəyə milyardlarla sərmayə qoyacağını gözləmək düzgün deyil. Buna görə biz burada öz strateji təsəvvürlərimizi, - indiyə qədər bu məsələdə heç vaxt yanılmamışıq, - tərəfdaşlarımızın iqtisadi imkanları və iqtisadi siyasəti ilə uzlaşdırmağa çalışırıq və indi bu istiqamətdə işləyirik.
Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır, artıq açılıb. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Yəni, mahiyyət etibarilə biz Nabucco layihəsinin müəyyən versiyasına yaxınlaşırıq. Yadınızdadırsa, bu layihə barədə illər boyu çox fəal diskussiyalar gedirdi, lakin sonradan ona ehtiyac olmadı. Əslində, indi interkonnektorlar şəbəkəsinin, məsələn, Yunanıstan-Bolqarıstan interkonnektorunun yaradılması işləri çox fəal gedir. Mən onu da bilirəm ki, Serbiyanı ümumi sistemlə birləşdirəcək interkonnektor üzərində iş gedir və o cümlədən Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.
Biz Albaniyanın qazlaşdırılması barədə fəal danışıqlara başlamışıq. Bu halda Albaniya yalnız tranzit ölkədir, bu ölkədə qaz şəbəkəsi yoxdur və bu iş kifayət qədər xərc tələb edir. Bu halda biz yaxın dostlar və tərəfdaşlar kimi öz xidmətlərimizi təklif etmişik və hazırda qazlaşdırma yerlərinin seçilməsinin, ilk növbədə, hansı şəhərlərin qazlaşdırılmasının razılaşdırılması məsələsinə dair iş aparılır.
Beləliklə, Avropanın, Balkanların, Qərbi Avropanın energetika xəritəsinə geniş nəzər salsaq, bu xəritə birmənalı olaraq müxtəlif arteriyalarla birləşir və bu, həm bizə, həm də onlara uzunmüddətli strategiyanı planlaşdırmaq imkanı verir. Əlbəttə, Avropa ölkələrinin çoxunun belə adlandırılan “yaşıl keçid” proqramını da unutmaq olmaz. Bu halda müəyyən müddətdən sonra mədən yanacağından imtina edilməsi nəzərdə tutulur. Lakin mənim müşahidələrimə görə hazırda Avropa qaz bazarındakı meyillər, - əlbəttə, bu proqram qüvvədədir, - enerji təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət Avropa strukturlarını enerji təhlükəsizliyinə daha realist mövqedən yanaşmağa sövq edəcək. Buna görə də əminəm ki, uzunmüddətli perspektivdə qazdan və neftdən imtina edilməsi gözlənilmir”.
Ölkə prezidenti təbii qaza tələbatın getdikcə artdığını və Avropanın təzhizat mənəbılərinin çox olmadığını deyib: “Əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir. Nəzərə alsaq ki, bizim çox böyük resurs bazamız var, artıq infrastrukturumuz var və Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımız var, əlbəttə ki, diqqət Azərbaycan üzərinə yönəldilir. Əlbəttə, biz öz məsuliyyətimizi də dərk edirik və çalışırıq ki, yeni tərəfdaşlar üçün də etibarlı tərəfdaş olaq”.
Göründüyü kimi, Azərbaycan Prezidenti ölkəmizin enerji siyasətini qlobal proseslərə uyğunlaşdırmasını və effektiv həyata keçirilməsinin necə təmin edildiyini ətraflı izah edib. Energetika sektoru ölkəmizin təkcə iqtisadi gəlirlərini artırmır, həm də siyasi nüfuzunu artırır. Dövlətimiz bu sahədə qoyulmuş investisiyaların hələ uzun onilliklər boyu ölkəmizə xeyli fayda verəcəyini görür və bu sketordan əldə edilən gəlirlərlə qeyri-neft sahələrini inişaf etdirməyə çalışır. Lakin məhz etibarlı enerji təchizatçısı statusu ölkəmizin beynəlxalq aləmdə ciddi nüfuz qazanmasına daha çox səbəb verən amillərdən olub. Azərbaycan öz enerjisi ilə dünyaya çıxır və dünyanı öz enerjisinin gücü ilə fəth edir.
Elçin
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb