"Ermənistan əvvəl-axır yeni reallığı qəbul etməlidir" - DEPUTAT ŞƏRH ETDİ

13 Yanvar 2023 16:08 (UTC+04:00)

"Erməni cəmiyyəti yüzillərlə özünün istisnalığı, başqa xalqların torpaqlarına iddiası və yaşadıqları yerdə sadəcə öz millətlərinin yerləşə biləcəyi fikri ilə formalaşıb. 1918-ci ildə Azərbaycan torpaqlarında yaratdığı Ermənistanı da bu prinsiplər üzərində qurub. Ancaq ədalət gec-tez qalib gəlir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində zəfər qazanmağımızdan sonra Ermənistan cəmiyyəti hələ də yeni yaranmış reallığı qəbul edə bilmir: "Doğrudur, onun öz iddiasını yenidən gündəmə gətirməyə nə gücü, nə potensialı, nə də şəraiti yoxdur. Bununla belə sülh müqaviləsini imzalamaqdan da hələ ki, imtina edir. Erməni toplumunun fikrincə, hansısa bir möcüzə baş verməli və ya hansısa güclü dövlət onun çirkin niyyətlərini həyata keçirib başqa xalqın torpaqlarını, tarixini, mədəniyyətini dünya erməniliyinə bağışlamalıdır. Amma bu, heç vaxt baş tutmayıb, tutmayacaq da".

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistan əvvəl-axır sülh müqaviləsini imzalamalı, yeni reallığı qəbul etməlidir: "Bu, ilk növbədə ona lazımdır. Ermənistan artıq torpaqlarımıza qarşı təxribat törədə və Azərbaycanın haqqını əlindən ala bilməyəcək. Sülh müqaviləsini nə qədər gec imzalayarsa, bir o qədər çox itirəcək. Ermənistan iqtisadiyyatı, daha sonra isə dövlətçiliyi böhran keçirəcəkdir. Azərbaycanın təklifləri bu gün region, həmçinin dünya üçün məqbuldur və bir çox sınaqlardan keçmişdir".