“Tələbələrin ailələrindən asılılığı azalacaq” - TƏHSİL ESKPERTİ AÇIQLADI

13 Yanvar 2023 14:40 (UTC+04:00)

“Hal hazırda Azərbaycanda:
1.Ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin sayı: 141274 (Ümumi tələbə 163779) nəfər.
Təqaüd alanlar: 53408 nəfər
Tələbələrin ümumi sayına nisbət: 37,8 faiz

2.Orta ixtisas təhsili müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin sayı: 41522 (Ümumi tələbə 44208) nəfər
Dövlət orta ixtisas təhsili müəssisələrində təqaüd alan tələbələrin sayı: 19322 nəfər
Tələbələrin ümumi sayına nisbət: 46,5 faiz

3.İlk peşə-ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin sayı: 34658
Peşə təhsili müəssisələrində təqaüd alan tələbələrin sayı: 16532 nəfər
Tələbələrin ümumi sayına nisbət: 54,5 faizdir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O, dünya ölkələrində olan təqaüdləri qeyd edib:

1. Rusiyada tələbələrin aldığı təqaüd 40 dollardır.
2. Belarusiyada tələbələrin təqaüdü 53 dollardır.
3. Ukrayna tələbələri 80 dollar təqaüd alır.
4. Qazaxıstanda təqaüd orta hesabla 184 dollardır.
5. Fransada belə təqaüdlər 350 avro
6. Liviya və Səudiyyə Ərəbistanında tələbələr 700 dollar təqaüd alırlar.
7. Küveytdə isə subay tələbələr 700, ailəlilər isə 1200 dollar təqaüd alır.
8. İtaliyada tələbələr 840 avro

2010-cu ildən universitetlər özünü maliyələşdirməyə keçib və gövlət təkcə tələbə təqaüdlərini ödəmir, eyni zamanda 52 ali təhsil müəssisəsində təhsil alan 60 min tələbənin həm də təhsil haqlarını ödəyir. Yəni bura dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunanlar daxildir”.

Kamran Əsədov sözlərinə belə davam edib: “Nəzərinizə çatdırım ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur.

Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramları da var. Yəni, universitetə qəbul olma balına uyğun təqaüd, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd. Yəni, hər bir tələbənin hətta 100 faiz təhsil alanlar belə təqaüd almaq imkanı var. Amma çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də, hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək, qiymətləndirmək lazımdır.

Təklif edirəm ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Elm və Təhsil Nazirliyindən və Universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdləri verilsin.

Qeyd edim ki, hal hazırda ölkədə SABAH təqaüdü – 50 manat, “Gələcəyin müəllimi” təqaüdü – 100 manat, Kənd təsərrüfatı tələbə təqaüdü – 100 (yüz)- 200 (iki yüz) manat, AZERCELL tələbə təqaüdü – 200 manat, SOCAR tələbə təqaüdü – 100 manat və 20 universitetdə tanınmış şəxslərin adına adlı təqaüdlər var. Misal üçün, Bakı Dövlət Universitetidə 22 ziyalının adına təqaüd verilir, “Azərbaycan” Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” - 500 manat verilir, Odlar Yurdu Universitetində isə 9 adda təqaüd sistemi mövcuddur.

Bir neçə ildir tələbələrin təqaüdü ilə bağlı yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradıb. Yuxarıdan aşağı akademik göstəricilərə görə tələbələrin biliklərə yiyələnmə tablosu əks olunur. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvvəlcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilirlər. Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır.

Ölkə prezidentinin müəyyən etdiyi yeni artım tələbələrin sosial rifah halının müsbət şəkildə dəyişməsinə ciddi təsir edəcək. Onların ailələrindən asılılığını azaldacaqdır”.

Ayşən Vəli