Son 4 ildə sosial müavinətlər neçə faiz artıb? - DEPUTAT ŞƏRH ETDİ

13 Yanvar 2023 14:05 (UTC+04:00)

“Cənab Prezident bu gün imzaladığı sərəncamla bir sıra şəxslərin müavinətləri, əməkhaqları artırıldı. Bu gün imzalanmış sərəncamla olan artımlar 660 min nəfəri əhatə edir və əsasən, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Deputat qeyd edib ki, bu il imzalanan sərəncamlarla artırılan əməkhaqları, pensiyalar və təqaüdlər cənab Prezidentin 2019-cü ildən bu yana imzaladığı, eyni zamanda, həyata keçirdiyi dördüncü sosial islahatlar paketidir: “Bütövlükdə bu paket bu il ərzində 2 milyona yaxın vətəndaşımızı əhatə edəcəkdir və ümumi maliyyə yükü 750 milyon manat təşkil edəcəkdir. Bu gün imzalanan sərəncama görə, şəhid ailələrinin, müharibə ilə əlaqədar olaraq əlilliyi olan şəxslərin, ümumi səbəbdən əlilliyi olan şəxslərin və Əfqanıstanda sovet ordusu tərkibində vəzifə borcunu yerinə yetirərkən həlak olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, yaşa və ailə başçısına görə müavinət alan, 5 yaşından çox uşağı olan qadınlara verilən müavinət, doğuma və dəfn prosesinə aid müavinətin məbləği xeyli artırılacaq. Həmçinin, cənab Prezidentin bu il imzaladığı başqa bir sərəncama görə fərdi prezident təqaüdü alan dövlət və vətən qarşısında xüsusi xidmətləri olan şəxslərin də müavinəti xeyli artırılacaqdır. Elmi dərəcəsi olan və uzun illər elm müəssisəsində çalışan elmlər doktoru və namizədlərinin təqaüdləri artırılacaqdır. Bir sıra sahələrdə dövlət büdcəsində maliyyələşən təşkilatlarda çalışan şəxslərin əməkhaqlarının 15 faizinin artırılması nəzərdə tutulur. Bütövlükdə bu sərəncamın qəbul olunması və qüvvəyə minməsi cənab Prezidentin sosial sahədə apardığı islahatların tərkib hissəsidir, davamıdır və vətəndaşlarımızın sosial rifahının qorunmasına, inkişafına xidmət edəcəkdir”.

Musa Quliyev həmçinin artım faizlərini də qeyd edib: “Son 4 ildə davamlı şəkildə sosial müdafiəyə ehtiyacı olan şəxslərin təqaüdləri, pensiyaları artırılır. Təbii ki, bütün bu proseslər vacib bir artımdır. Şəhid ailələrininə və müharibə əlillərinə son 4 ildə verilən müavinət 2,5 dəfə artıb. Ümumi əlilliyi və yaşa görə müavinət olan şəxslərin müavinətləri ilə 3 dəfə artıb. Həmçinin, uşağın doğulduğuna görə verilən müavinət 4,6 faiz artırılaraq 500 manata çatdırılıb. 1941-1945-ci il böyük vətən müharibəsi iştirakçılarına verilən müavinətlər 2,7 dəfə artırılıb”.