Travmalarımızdan necə qurtula bilərik? -MƏRKƏZİN İCRAÇI DİREKTORU AÇIQLADI

13 Yanvar 2023 12:38 (UTC+04:00)

"İnsan həyatı boyunca tək və düz bir cizgi ilə hərəkət etmir. İnsanın həyat yolları, enişli-yoxuşlu, keşməkeşlidir. Bu həyatı yaşayarkən sevinc, xoşbəxtlik, fərəh hissləri ilə yanaşı acı, kədər, çarəsizlik hissləri də duyuruq. İnsanın fiziki və psixoloji bütövlüyünü təhdid edən hər hansı hadisə travmadır. Ayrılıq və boşanma, işin itirilməsi, məişət zorakılığı, şiddət, cinsi istismar, yol qəzası, qəfil xəstəlik, əlillik və qəfil ölüm, müharibə, terror, təbii fəlakətlər və s. bu siyahını hələ nə qədər uzada bilərik". Bu sözləri SİA-ya açıqlamasında Narınc Psixologiya Mərkəzinin Sumqayıt filialının icraçı direktoru, psixoloq Fəridə Şərifova bildirib.

Psixoloq qeyd edib ki, ancaq baş verən xoşagəlməz hadisə də psixoloji travma sayıla bilməz: "Psixoloji travma əlamətləri dörd fərqli başlıq altında araşdırıla bilər: emosional, fiziki, davranış və idrak.
Emosional reaksiyalar: Şok, kədər, qəzəb, narahatlıq, günahkarlıq, ümidsizlik, gərginlik, qorxu, bədbinlik, sönüklük, həddindən artıq əsəbilik, çarəsizlik.
Fiziki reaksiyalar: Baş, sinə ağrısı, mədə və bağırsaq həssaslığı, aritmiya, yüksək səslərə həssaslıq, iştahanın artması və ya azalması, daimi zəiflik, nəfəs darlığı, immunitetin zəifləməsi.
Davranış reaksiyaları: Yuxu və qidalanma pozğunluqları, sosial təcrid olunma, özünə qulluq etməmə, özünəqapanma, spirt və maddə istifadəsi, diqqəti cəmləmədə çətinlik və nizamsızlıq, daim eyni şeylə məşğul olmaq, heç bir şey olmamış kimi davranmaq.
Koqnitiv reaksiyalar: Unutqanlıq, diqqətsizlik və konsentrasiyada çətinlik, yuxu problemləri, kabuslar, düşüncə proseslərində pozğunluqlar, təkrarlanan fikirlər, şübhəli inanclar, hadisə anının təkrarlanan səhnələri , özünü qavrayış, zaman və məkanla bağlı təhriflər".

Psixoloq sözlərinə belə davam edib: "Bəs travma ilə neçə başa çıxa bilərik?"
- Hadisə haqqında danışmaqdan çəkinməyin. Sevdiklərinizdən dəstək alın. Travmatik hadisəni müzakirə etməyə hazır hiss edirsinizsə, onlarla təcrübəniz və hissləriniz haqqında danışa bilərsiniz. Bəzən belə düşünürlər ki, hadisəni unutmağa çalışmaq, danışmaqdan qaçmaq travmanın təsirini azaldır, amma əksinə, bu, sizin sağalma prosesinizi uzadır. Cəmiyyətdən, sosial həyatdan uzaqlaşmamaq bu çətin hissləri dəf etməyə sizə kömək edəcək və sağalma prosesinizə müsbət təsir edəcək. Odur ki, baş verənlər barədə etibar etdiyiniz biri ilə danışın. Ailəniz və ya dostlarınızla danışmaq və çətin anlarda anlayış və dəstək almaq çox faydalı ola bilər.

- Yaşadıqlarınızdan qaçmayın. Xatirələrdən qaçmaq istəyi tamamilə təbii olsa da, travmatik hadisə ilə əlaqəli yerlərdən, vəziyyətlərdən və insanlardan qaçmaq sizi travmatik vəziyyətdə ilişib saxlaya bilər. Travmatik hadisələrdən qaçmadan onlarla üzləşmək vacibdir, lakin bunu tədricən, yavaş-yavaş edin. Unutmayın ki, travmatik bir hadisə yaşamış biri üçün yaşanan simptomlar və hiss edilən duyğular çox təbiidir. Özünüzə vaxt verin. Unutmayın ki, hisslər həmişə belə qalmır.
- Sizə zövq verən şeylərə vaxt ayırın. İstirahət etmək, gəzinti etmək, gözəl yerləri ziyarət etmək, dostlarla vaxt keçirmək üçün vaxt ayırın.
-Özünüzə qayğı göstərməyə üstünlük verin: qidanıza fikir verin, müntəzəm fiziki fəaliyyət göstərmək və yaxşı bir gecə yuxusu almaq üçün əlinizdən gələni edin. Fiziki sağlam qalmaq psixologiyanıza daha müsbət təsir göstərəcəkdir.
-Hisslərinizi assosiasiya edin. Neqativ duyğulardan qurtulmağın bir çox yolları vardır. Yazıya köçürmək, rəsmlə və ya hər hansı incəsənət növləri ilə məşğul olmaq sizə çox fayda verə bilər. Ən effektiv təsirlərdən biri idmandır. Üzgüçülük və açıq havada yürüyüş əla nəticə verir.
-Psixoloji dəstək alın! Travmatik hadisədən dərhal sonra yaranan simptomlar normal reaksiyalardır. Hər kəs eyni hadisədən eyni dərəcədə təsirlənə və eyni şəkildə reaksiya verə bilməz. Travmatik hadisə insanın funksionallığını pozursa, həyat keyfiyyətini aşağı salırsa, məktəbə və ya işə getməkdə çətinlik çəkirsə, üzərinə düşən vəzifələri yerinə yetirə bilmirsə, mütləq mütəxəssisdən kömək istəməlidir. Əgər hadisədən ancaq travma ilə əlaqəli simptomların şiddəti və təsiri 1 aydan sonra da azalmazsa, bir mütəxəssisdən psixoloji dəstək axtarmaq lazımdır".