Rusiyanın nüfuzlu teleqram kanalı: “Fransa Zaqafqaziya cəbhəsi açır” ŞƏRH+ÖZƏL

13 Yanvar 2023 11:44 (UTC+04:00)

“Biz, Ermənistandakı Nikol Paşinyan rejimi kimi “müttəfiqlərlə” münasibətdə daim hazır olmağa məhkumuq”, deyə “Kremlovskaya praçka” yazır

Rusiyanın 300 minə yaxın izləyicisi olan nüfuzlu “Kremlyovskaya praçka” teleqram kanalı son vaxtlar Ermənistanda artan anti-Rusiya siyasəti, eləcə də Fransanın Ermənistan vasitəsi ilə regiona soxulma cəhdləri barədə analitik şərhlə çıxış edib. Məqalənin regionumuza həsr olunmasını nəzərə alaraq oradakı bir neçə diqqətçəkən məqamları diqqətinizə çatdırırıq.

Beləliklə, Fransanın Cənubi Qafqaza daxil olması üçün Ermənistan kartından yararlanması faktorlarına toxunan adıçəkilən kanalın yazdığına görə, Fransa məhz bu vasitə ilə Rusiyanın tarixi və strateji maraqları olan regionda əlavə gərginlik yaratmağa çalışır. SİTAT: “Ermənistan formal olaraq KTMT-ni sona qədər tərk etməyə imkan tapmamış özünə yeni himayədar tapıb, halbuki İrəvanı Rusiya ilə müttəfiqlikdən heç kim çıxarmayıb. Seçim aşkardır – Fransa”.

“Emmanuel Makron paşinyançı rejimə şəxsi simpatiyasını gizlətmir”

Qeyd olunur ki, Fransada spekulyasiya kapitalına malik ənənəvi güclü erməni diasporu öz işini görür. SİTAT: “Yaşlı qadınları sevən və gecə zəngləri aludəçisi olan ölkənin hazırkı lideri Emmanuel Makron paşinyançı rejimə şəxsi simpatiyasını gizlətmir. Avropa İttifaqı hər halda Ermənistana, Azərbaycanla sərhədə yeni və daimi müşahidəşi missiyasını göndərdi. Keçən missiyasının mandatı dekabrda başa çatmışdı, amma Qərb kəşfiyyatının iştahaları hələ indi-indi artmağa başlayır. Psevdodemokratik strukturların nə olduğu da məlumdur. Onlar xüsusi xidmət orqanlarına davamlı informasiyalar ötürənlər, hətta təxribatçılardır...”

“Əvvəlki himayədarların, həm də xilaskarların (Rusiyanın) fikirləri Paşinyana maraqlı deyil”

“Kremlovskaya praçka” davam edir ki, hələlik, Ermənistana 70 adam gedir, amma onların köməkçilərini, analitikləri və yerli mütəxəssis-kollaborasionistlərin saylarının ümumilikdə 300-400 nəfər olduğu bildirilir. O da bildirilir ki, missiyanın rəsmi hədəfi “sərhədlərdəki gərginliyi azaltmaqdır”, ancaq əsl hədəf Cənubi Qafqazda möhkəmlənmək marağıdır. Teleqram kanalı bu xüsusda yazır. SİTAT: “Bizim XİN (Rusiya) bağırmaqdan yoruldu ki, sərhəd münaqişələrinin qarşısını yalnız sərhədlərin delimitasiyası və demarkasiyası sayəsində almaq olar, Moskva tərəflərə bu məsələdə istənilən dəstəyi göstərməyə hazırdır. Ancaq əvvəlki himayədarların, həm də xilaskarların (Rusiyanın) fikirləri Paşinyana maraqlı deyil”.

“Missiyanı fransız diplomat Şarl Fris idarə edir ki, o da bundan əvvəl Nikol Paşinyanla bir-iki dəfə görüşmək imkanı əldə etmişdi”

Daha sonra qeyd olunur ki, əslində, monitorinq missiyasını Makronun ötən ilin oktyabrındakı bəyanatından sonra ortaya atıblar. Belə ki, Makron həmin ərəfələrdə iddia edirdi ki, məhz Rusiya Cənubi Qafqazda destabillik yaradır. O da xatırladılır ki, Praqada Azərbaycan Prezidentinin, Ermənistanın baş nazirinin və Aİ sədrinin üçtərəfli görüşündə Paşinyanın təkidi ilə fransız prezidentini də dəvət etdilər və beləliklə, Aİ-nin müşahidəçi missiyası mövzusu ortaya atılmış oldu.

SİTAT: “Dekabrda fransız diplomatiyasının başçısı Katrin Kolonna açıq, lakin apellyasiyasız şəkildə bəyan etdi ki, “missiya Azərbaycan-Ermənistan sərhədlərindəki eskalasiya riskini azaltdı. Sanki “timsahlar ona görə yoxdur ki, onları effektli qaydada qovuram mənasında. Və budur, yenidən həmin mövzu ortaya atılıb. Missiyanı fransız diplomat Şarl Fris idarə edir ki, o da bundan əvvəl Nikol Paşinyanla bir-iki dəfə görüşmək imkanı əldə etmişdi. Həmin Paşinyanla ki, buna qədər KTMT-nin Ermənistanda keçirilməli olan təlimlərində iştirakdan rəsmən imtina etmişdi və eyni zamanda bildirmişdi ki, Rusiya sülhməramlıları müdafiəçi deyillər, təhlükə yaradandırlar. Hər şey Parisin Kiyev hakimiyyətinə fəal dəstəyi fonunda baş verir. Məhz fransızlar ukraynalılara ilk olaraq zirehli texnikalar göndərməyə başlamışdılar”.

“Əgər sərhəddə yeni toqquşmalara təhrik olacaqsa, bu, Makronun deyil, Ermənistanla Azərbaycanın problemi olacaq... Hər halda Napoleonun həyatını necə başa vurduğunu da unutmamaq lazımdır”

Beləliklə, “Kremlyovskaya praçka” ona da işarə edir ki, əslində, Fransa bu kimi vasitələrlə və astaca “ikinci cəbhə” açmağa hazırlaşır. SİTAT: “Yeri gəlmişkən, birinci dəfə deyil. Napoleon da Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açaraq İranda möhkəmlənməyə cəhd edirdi. Həmin vaxtlarda fransızlar öz hərbi məsləhətçilərini axın-axın oraya göndərməklə Rusiya ilə müharibə aparmalarına nail olmuşdu.

İndi isə Fransa xəyal edir ki, uzaqgörən olmayan, amma hakimiyyəti sevən Paşinyan vasitəsi ilə Gümrüdəki rus hərbi bazasını yığışdıracaq, yəni ölkəmizi ümumiyyətlə, Cənubi Qafqazdan çıxaracaq. Əgər sərhəddə yeni toqquşmalara təhrik olacaqsa bu, Makronun deyil, Ermənistanla Azərbaycanın problemi olacaq... Hər halda Napoleonun həyatını necə başa vurduğunu da unutmamaq lazımdır”.

Rövşən RƏSULOV