“Güləş üzrə yığma komandamız Bakıda təlim-məşq toplanışına başlayıb. İlin ilk yarışı fevralın əvvəlində Xorvatiyada ilk reytinq turniridir. Bunun önəmi ondan ibarətdir ki, reytinq turnirində yuxarı yerlərdə olan idmançılarımız yüksək xallar əldə edirlər və bu xallarda Avropa və dünya çempionatlarında püşkatma zamanı onların daha yaxşı səbətdə yer almasına kömək edir”. Bu fikirləri SİA-ya açlıqlamasında Azərbaycan Güləş federasiyasının mətbuatla əlaqələr şöbəsinin rəhbəri Sərxan Musalı qeyd edib.
Qurum rəsmisi bildirib ki, həmin turnirdə həm qadın, həm də kişi güləşçilərimiz yunan-Roma və sərbəst güləş üzrə çıxış edəcəklər: “Daha sonra hər bir komanda öz hazırlıq planına uyğun olaraq məşqlərinə davam edəcək. Bəzi idmançılarımız xaricdə, bəziləri isə ölkəmizdə təlim-məşq toplanışında iştirak edəcəklər. Mart ayının 13-19 tarixlərində Ruminiyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Böyüklər arasında isə 17-23 aprel tarixlərində Xorvatiyada Avropa çempionatı təşkil olunacaq. Yeni ilimizin yay aylarında isə artıq dünya çempionatlarına start veriləcək. Ənənəvi qaydada yaş qaydalarına uyğun olaraq ilkin olaraq Türkiyədə U-17 dünya çempionatı, Polşada U-20 dünya çempionatı keçirləcək. İlin əsas və önəmli yarışı isə Serbiyada 16-24 oktyabr tarixlərində baş tutacaq dünya çempionatıdır. Ona görə önəmlidir ki, bu yarış Paris Olimpiadasına ilk lisenziya verən turnirdir. Bu çempionatda hər olimpiya çəkisində 5 nəfər idmançı olimpiadaya vəsiqə qazanacaq. Bu baxımdan da ilin ən önəmli yarışıdır. Daha sonra isə U-23 dünya çempionatı Finlandiyada 23-29 oktyabr tarixlərində olacaq. Həmçinin sentyabrda keçirilən dünya çempionatında yığma komandalarımız ilk 5-likdə yer alsalar ilin sonunda keçiriləcək dünya kuboku komanda yarışında iştirak hüququ qazanacaqlar”.