Fransa müstəmləkəçiliyinə görə Əlcəzairdən üzr istəmək niyyətində deyil, niyə?
Fransa prezidenti Emmanuel Makron sanki heç nə olmamış kimi davranır. Hesab edir ki, 132 illik müstəmləkəçilik dövrü üçün Əlcəzairdən üzr istəməməlidir. O, bu barədə “Le Point” nəşrinə müsahibəsində bildirib. Bununla belə, Makron əlcəzairli həmkarı Əbdülməcid Tebbun ilə Parisdə görüşərək ölkələrinin barışığını müzakirə edəcəyinə ümid etdiyini bildirib: “Mən bağışlanma istəməyə ehtiyac görmürəm, məsələ bu deyil, çünki bu jest bütün əlaqələri qıra bilər. Ən pisi odur ki, üzr istəyəcəyimizi və sonra ayrı yollarımıza gedəcəyimizi söyləmək olar”.
2021-ci il yanvarın sonunda fransız tarixçisi Benjamin Stor “Əlcəzairdə müstəmləkəçilik və müharibə haqqında” hesabat dərc edib. Sənəd 2020-ci ilin iyulunda Makronun verdiyi sərəncam əsasında hazırlanıb. Hesabatın 150 səhifəsində tarixçi tövbə və üzr istəməyi istisna etməklə, Fransa və Əlcəzairin barışması istiqamətində atılan addımları təqdim edib. “Müharibə var idi. Üzr istəsən də, istəməsən də, heç nəyi düzəldə bilməyəcəksən. Biz tarixə qayıtmalı və ona düzgün qiymət verməliyik”, - deyə o vurğulayıb.
Bundan əlavə, Emmanuel Makron Əlcəzair rəhbərinə edilən dəvəti xatırladıb. "Ümid edirəm ki, prezident Tebbun 2023-cü ildə Fransaya gələ biləcək" deyib. Makron hesab edir ki, onun Əlcəzairə 2022-ci ilin avqustunda baş tutan səfərindən sonra başlayan ikitərəfli “dostluq” əlaqələri “dostluğun möhkəmləndirilməsi işini davam etdirməyə” imkan verəcək. Həmçinin, Makron “milyonlarla həmvətənlərinin iki ölkə arasındakı münasibətlərin tarixi ilə bağlı olduğuna” diqqət çəkib.
Əlcəzair parlamentariləri 15 ildən artıqdır ki, Əlcəzairdə soyqırımla eyniləşdirilən siyasətinə görə Parisdən üzr istəməsini tələb edən qanun qəbul etməyə çalışırlar. 2022-ci ilin oktyabrında Şimali Afrika ölkəsinin aparıcı siyasi qüvvəsi olan Əlcəzair Milli Azadlıq Cəbhəsi Fransadan 1961-ci ildə Parisdə dinc əlcəzairli nümayişçilərin fransız polisinin öldürülməsinə görə üzr istəməsini tələb edib.

2022-ci ilin avqustunda Emmanuel Macron beş ildə ilk dəfə Əlcəzairə səfər edib. Görüş 2021-ci ilin sonunda Əlcəzairin Parisdən səfirini geri çağırması ilə ölkələr arasında münasibətlərin soyuqlaşması fonunda baş tutub. Fərqlər əsasən keçmişin təfsiri ilə bağlıdır. Makronun əlcəzairlilərin öz tarixlərini yenidən yazdıqlarına dair iddiaları Əlcəzair hakimiyyətinin xoşuna gəlməyib.
Qeyd edək ki, Şimali Afrika ölkəsi 1962-ci ilin martında Evian sazişinin imzalanması ilə başa çatan səkkiz illik müharibədən sonra Fransadan müstəqillik qazanıb. Dəhşətdir, Fransa 132 il (1830-1962-ci illər) Əlcəzairi və əlcəzairliləri müstəmləkə altında saxlayıb. Milyonlarla insan öldürülüb. Həbs olunan, təqib edilən, ölkəni tərk edən, haqqı tapdalanan, hüquqları ayaqlar altına atılan və nəhayət soyqırımına məruz qalan əlcəzairlilərin sayı on milyonlarla ölçülür. Əlcəzairlilərin bir neçə milyonu Fransaya qul kimi sürülüb, bu gün də onların övladları Fransada yaşamaqdadırlar. Amma buna yaşamaq demək də mümkün deyil, çünki hüquqları fransızlarınkından qat-qat aşağıdır. Bu ölkənin ərəb əsilli vətəndaşları daha çox istismara məruz qalır, ağır işlərdə çalışdırılır.

Enerjili Məğrib
Eyni vaxtda iki avropalı rəsminin - Fransa prezidenti Emmanuel Makron və Almaniyanın xarici işlər naziri Annalena Burbok müvafiq olaraq Məqrib ölkələrinə - Əlcəzairə və Mərakeşə getdiyi ötən ilin avqust ayını xatırlamaqla bəzi mətləblərə aydınlıq gətirmiş olarıq. Səfərlərin məqsədi siyasi və iqtisadi əlaqələri inkişaf etdirmək olub, eyni zamanda ziyarətçilər Ukraynada hərbi əməliyyatların başlamasından sonra Avropa İttifaqı (Aİ) ölkələrinin üzləşdiyi enerji böhranını aradan qaldırmaq üçün keçmişdə əzdikləri, istismar etdikləri, müstəmləkə altında inlətdikləri xalqın ayağına gedirdilər, onlara əl açmaq, əlcəzairlilərdən və mərakeşlilərdən sədəqə diləmək üçün qapılarına minnətçi düşmüşdülər. Qeyd etmək yerinə düşər ki, bu gün Əlcəzair ən böyük qaz ixracatçıları siyahısındadır, Mərakeş isə yaşıl hidrogen istehsalında potensial liderlərdən biridir.

Yaddaş dalğaları üzərində
Fransa prezidenti Emmanuel Makronun Əlcəzairə üç günlük səfəri sözün əsl mənasında tarixi hadisələrlə yadda qaldı. Onun bu ölkəyə əvvəlki səfəri 2017-ci ilin dekabrında ilk prezidentlik müddətinin əvvəlində baş tutmuşdu. Bu beş il ərzində iki ölkə arasında münasibətlərdə çox şey baş verib. O cümlədən iki dəfə - 2020-ci ilin mayında və 2021-ci ilin oktyabrında Əlcəzair öz səfirini Parisdən geri çağırdı. Fərqlər əsasən keçmişin təfsiri ilə bağlıdır. Makronun əlcəzairlilərin öz tarixlərini elə yenidən yazdıqlarına dair iddiaları Əlcəzair hakimiyyətinin xoşuna gəlməmişdi. Prezident əlcəzairlilərin varlığını şübhə altına almaqla yanaşı ritorik bir sual da vermişdi: 1830-cu ilə qədər, yəni fransızlar gəlməmişdən əvvəl Əlcəzair mövcud idimi? Xatırladaq ki, 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzair Fransanın koloniyası statusunda idi. Əlcəzairlilər təxminən yeddi il yarım davam edən və müxtəlif hesablamalara görə 500 mindən 1 milyona qədər əlcəzairlinin və 15 mindən çox fransız əsgərinin həyatını itirdiyi qanlı müharibədə müstəqilliklərini qazanmış oldular. Beləliklə, iki ölkə arasındakı münasibətlər tarixi yaddaş və qarşılıqlı iddialarla yüklənir. Baxmayaraq ki, Emmanuel Makron dəfələrlə keçmişin səhifəsini çevirməyə çalışıb. Son diplomatik qalmaqaldan sonra o, üzr istəməli oldu və Parisdəki səfir geri qaytarıldı. Üstəlik, cənab Makronun apreldə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Əlcəzair prezidenti Abdelmajid Tebboun həmkarını təbrik etsə də bunu xəsisliklə edib. Həm də səfər üçün seçilən vaxt da çox simvolikdir – məhz bu gün Əlcəzairin fransızlara qarşı apardığı azadlıq müharibənin başa çatmasının və müstəqillik qazanmasının 60 illiyi qeyd edilir.
Fransa prezidentinin Əlcəzairdə qalması isə tarixə müraciət etmədən keçməyəcək. Baxmayaraq ki, onun proqramını elə tərtib etməyə çalışdılar ki, bu, təkcə keçmişə hörmət deyil, həm də gələcəyə baxmağa imkan versin. Belə ki, gəlişindən dərhal sonra prezident Makron əlcəzairli həmkarının müşayiəti ilə müstəqillik müharibəsində həlak olanların şərəfinə ucaldılmış Şəhidlər Memorialına gedib. Sonra hər iki prezident danışıqlar aparıb, jurnalistlərin suallarını cavablandırıblar. Makron cümə günü Əlcəzairin paytaxtında xristian və yəhudi qəbiristanlıqlarını ziyarət edib. Bu gəzinti Əlcəzair arxiyepiskopunun müşayiəti ilə baş tutub.

Rəsmi səfərin “diqqətin gənclərə və gələcəyə” yönəlməsini istəyən Fransa prezidenti gənc sahibkarlar və startaplarla da görüşüb, ardınca Abdelmajid Tebbun ilə növbəti nahar və Əlcəzairin əsas məscidini ziyarət edib. Səfərin son günündə Makron bir vaxtlar Fransa Əlcəzairinin iqtisadi mərkəzi olan Orana səfər edib. Orada o, Əlcəzairin yaradıcı ziyalıları və gənclərinin nümayəndələri ilə görüşmək istəyib. Amma üzləşdiyi etiraz aksiyası onun gəzintisinə son qoyub. Onun şəhər sakinləri ilə görüşmək istəyi ürəyində qalıb. Etirazçılar, “Müstəmləkələrə son”, “Yaşasın azad Əlcəzair” şüarları səsləndiriblər. Mühafizəçilər dərhal Makronu hadisə yerindən uzaqlaşdırıblar. Budur, işğalçıya verilən cavab. Makronun timsalında fransız xalqı hansı üzlə dünənki müstəmləkəsindən, əzdiyi, istismar etdiyi xalqdan kömək umur? Həqiqətən, bunun üçün gərək üzün o qədər qırmızı olsun ki...
V.VƏLİYEV