"20 Yanvar bəşəriyyətin ən ağır və qanlı faciələrindən biri hesab edilir" - MİLLƏT VƏKİLİ DANIŞDI

12 Yanvar 2023 15:41 (UTC+04:00)

"20 Yanvar faciəsi tək Azərbaycan xalqının deyil, bəşəriyyətin ən ağır və qanlı faciələrindən biri hesab edilir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, dövlət öz vətəndaşını qorumaq əvəzinə, öz vətəndaşına qarşı terror siyasəti həyata keçirdi: "Vətəndaşlar dövlətə vergi verirlər ki, dövlət silahlı qüvvələr yaradaraq, öz vətəndaşını qorusun. Lakin Azərbaycan vətəndaşının verdiyi vergi ilə silah alınaraq, onların özünə qarşı qırğın törətdilər. SSRİ-nin son dövründə erməni millətçiləri onlara meyilli və təxribatçı SSRİ rəhbəri Mixail Qorbaçovdan dəstək alaraq Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı onun ərazisindən qopartmağa çalışdı. Bununla razılşamayan Azərbaycan xalqı ona qarşı ciddi etirazını bildirdi. Xalqı dinləmək, xalqın ədalətli tələblərini yerinə yetirmək əvəzinə Mixail Qorbaçov hakimiyyəti erməni millətçilərinə dəstək verdi. Azğınlaşan erməni millətçiləri Dağlıq Qarabağda və digər zonalarda Azərbaycan xalqlna qarşı terror və təxribata yönəldilər. SSRİ dövləti isə bu məsələdə onlara dəstək oldu, öz hüquqlarını müdafiə edən Azərbaycan vətəndaşına qarşı qanlı terror həyata keçirdi. Qanunları pozaraq, Azərbaycan Konstitusiyasını nəzərə almayaraq Azərbaycanda Fövqəladə vəziyyət elan edildi. Yeganə məlumat mənbəyi olan Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladıldı və bu rejimdən xəbərdar olmayan sakit şəkildə şəhərdə gəzən insanlar gülləbaran edildilər".

Millət vəkili sözlərinə belə davam edib: "Onların içərisində bir nəfərdə olsun silahlı azərbaycanlı yox idi. Öldürülənlərin içərisində uşaqlar, qocalar var idi. Hətta Bakıdan kənar ərazilərdə belə insanlar qətlə yetirildi. Bu heçdə məsələni həll etmədi, daha da baş verən məsələni dərinləşdirdi. Çox təəssüf ki, həmin dövrdə Əbdürrəhaman Vəzirov daha sonra Ayaz Mütəlibov hakimiyyəti Azərbaycan xalqının maraqlarını qoruya bilmədi. Rəhbərsiz kütlə ancaq küçə və meydanlarda öz hüquqlarını müdafiə etmək məcburiyyətində qaldı. Onların hüquqlarını müdafiə edən yeganə nümayəndə dünya şöhrətli rəhbər, Ulu Öndər Heydər Əliyev oldu. Onun 21 yanvarda özünün və ailəsinin həyatını təhlükəyə ataraq, Azəbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi böyük bir siyasi cəsarətin nümayişi idi. O, SSRİ rəhbərliyini Azərbaycan xalqına qarşı cinayətdə günahlandırdı. 20 Yanvar faciəsinə uzun müddət qiymət verilmədi. Lakin Heydər Əliyev Naxçıvanın Ali Məclisinə deputat seçildikdən sonra onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin Prezdidenti seçildikdən sonra 1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faicəsinə hüquqi və siyasi qiymət verdi. Azərbaycan 1998-ci ildə Heydər Əliyevin imzaladığı fərmanla 20 Yanvar faicəsi yenidən xalqımıza qarşı törədilmiş bir genosid kimi qiymətləndirildi. Azərbaycan xalqı heç bir zaman azadlığa gedən yolun nə qədər çətin olduğu hansı ağır günlərdən keçdiyini, itkilər verdiyini heç vaxt unutmayacaq. Şəhidlərimizin ruhu daima qəlbimizdədir. 20 Yanvar faciəsinin məsuliyyəti həmişə keçmiş SSRİ rəhbərliyinin, erməni millətçilərinin üzərində qalacaqdır. Tarix onları bağışlamayacaq".