Nikol Moskva ilə bağlı “narahatlıq ifadə edir”
Ermənilər paradoksal millətdir. Bütün addımları ziddiyyətlidir. Türklər demişkən, sağ sallayıb, sol göstərəndirlər. Bu millətlə, qonşu olaraq bizim başımıza problem olaraq keçirilənlərlə anlaşa bilməməyimizin səbəbini də burada axtarmaq lazımdır. 1988-ci ildən başlanan münaqişə bəlli səbəblərdən torpaqlarımızın 2020-ci ilədən itirilməsi ilə nəticələnmişdi. Dünyaya bu millətin və qondarma Ermənistanın işğalçı olduğunu subut edə bilmirdik demirik, sadəcə bunu bəlli dairələr qəbul etmək istəmirdilər. Xristian təəssübkeşliyi aradüzəltmə missiyasını üzərinə götürmüş Qərbi həqiqəti söyləməyə, etiraf etməyə böyük maneə idi. Bu baryerin heç vaxt aşıla bilməyəcəyini artıq qəbul edən Azərbaycan BMT TŞ-nin 4 qətnaməsinə istinad edərək ərazilərinin – Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi əməliyyatlarının qaçılmaz olduğunu qəbul etdi. Bu gün 30 il bundan əvvəl itirdiyimiz torpaqlar azaddır, əlimizdədir, oralarda böyük quruculuq işləri görülür. Ermənistana da təklif edirik ki, sülhə gəlsin. Məğlub Ermənistan isə hikkəsindən, iddiasından masada oturmaq istəmir.
Dünyanın bəzi ölkələriin, daha doğrusu müstəmləkə siyasətindən imtina etməyən, hələ də kiçik xalqları əzmək, istismar etmək adətindən əl çəkməyən Fransa kimi dövlətlərin terrorçu Ermənistana verdikləri hərtərəfli dəstək hesabına İrəvan vələ də ipə-sapa yatmır. Paşinyan cilovlanmasına müsahidə etmir, üstəlik də müttəfiqlərini ittiham edir.
Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı Moskvanın və onun nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağ nizamlanmasındakı rolu ilə bağlı çox sərt açıqlamalar verib. Düzdür, özü də bu sözləri “tənqid yox, narahatlığın ifadəsi” kimi dəyərləndirməyə çağırıb. Ermənistan lideri 2023-cü ildə KTMT-nin Ermənistanda təlimləri keçirməkdən imtina etdiyini açıqlayıb və həmçinin, gələcəkdə Rusiya sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsinin daha yaxşı ola biləcəyini açıqlayıb.
Nikol Paşinyanın yanvarın 10-da erməni mətbuatı üçün keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı qınaqlar səsləndirilib. Baş nazirin ilk qeydi iki ölkə arasındakı münasibətlərin "əvvəllər heç vaxt bu qədər etimad göstərmədiyi" olub. Deyib ki, biz Rusiya sülhməramlılarını tənqid etmirik, onların hərəkətlərindən narahat olduğumuzu bildiririk.
Nikol xatırladıb ki, Rusiya sülhməramlı kontingenti Ermənistanı Qarabağla birləşdirən Laçın yolunun fəaliyyətini təmin etməlidir. Amma bu strateji əhəmiyyətli yol 2022-ci il dekabrın 12-dən blokadadadır. Səbəb kimi də baş nazir ekoloji fəalların keçirdiyi aksiyanı göstərib. Yəni əvvəlki hava. Ekofəallar aksiyanı keçirməkdə əsas məqsədin Ermənistan tərəfinin Qarabağdan faydalı qazıntılar çıxarmasının və silah idxalının qarşısını almaq olduğunu desələr də separatçılarla eyni avazda oxuyan İrəvan hakimiyyəti burada başqa nüans axtarır.
Mülki şəxslərə gəlincə, onlar üçün keçid açıqdır. Laçın dəhlizi ilə Rusiyanın sülhməramlı missiyasının yük maşınları və Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları sərbəst hərəkət edə bilir ki, bunun sayəsində Qarabağa dərman preparatları çatdırmaq, ağır xəstələri çıxarmaq mümkündür.
Hətta bu yaxınlarda Rusiyanın “Kommersant” nəşri Qarabağdakı ermənilərlə virtual söhbətlər aparıb, məlum olub ki, vəziyyət ilk növbədə psixoloji baxımından kritik deyil. Qarabağ Xankəndi şəhərindəki mağazalarda piştaxtalar boş deyil, mallar var. Amma kuponla verilir. Separatçılar isə bunu dözülməz adlandırırlar.
Jurnalistlərə açıqlamasında Nikol Paşinyan deyib ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən öz öhdəliklərini yerinə yetirə bilmirsə BMT Təhlükəsizlik Şurası ya hərbi kontingentə beynəlxalq mandat verməli, ya da Qarabağa yeni çoxmillətli sülhməramlı missiya göndərməlidir. Eyni zamanda, İrəvan təkbaşına belə bir təşəbbüslə BMT-yə müraciət etmək istəmir. “Əgər bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasına müraciət etsək, bu o deməkdir ki, biz Rusiyaya qarşı çevrilmişik”, - Paşinyan izah edib.
İrəvanın dəfələrlə tənqid etdiyi KTMT-yə qarşı yeni hücumlar da olub. “KTMT-nin çoxmillətli kontingenti nəzəri ideyadır”, - deyə Nikol Paşinyan rus sülhməramlılarının mümkün əvəzlənməsi barədə danışmağa davam edib: “Bəs bir sıra KTMT ölkələri Qarabağla bağlı vəziyyətdə nə dərəcədə neytral və obyektivdir? Onlar bizim müttəfiqimiz olduqları üçün de-yure neytral deyillər və Ermənistanla müqayisədə Azərbaycanla daha dərin iqtisadi və siyasi əlaqələrə malik olduqları üçün de-fakto neytral deyillər”. Bununla bağlı Ermənistan lideri hətta 2023-cü ildə ölkəsində KTMT təlimləri keçirməkdən imtina edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə cavabında sadəcə təşkilatdakı həmkarlarının “Ermənistanın mövqeyinin təfərrüatlarını aydınlaşdıracaqlarına” söz verib, həm də bu ölkəni Moskvanın “çox yaxın müttəfiqi” adlandırıb.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ən böyük telekanallarının jurnalistlərinə müsahibə verib. Onun çıxışı Nikol Paşinyandan fərqli olaraq gələcəyə ümidləri artırır: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik, əksinə, Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və biz məcbur olub tədbirləri gördük, biz onlara xəbərdarlıq etmişdik. Eyni zamanda, avropalı tərəfdaşlarımıza da bildirmişdik ki, əgər biz təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Hesab edirəm ki, o cümlədən ona görə də beynəlxalq aparıcı qüvvələrin reaksiyası bu hadisələrə adekvat olmuşdur. Yəni, bizi heç kim qınamamışdır, heç kim bizi günahlandırmamışdır. Çünki hər kəs görürdü ki, bu, toqquşmaların səbəbkarı biz deyilik”.
Cənab İlham Əliyev xüsusən də azərbaycanlı əhalinin Qərbi Azərbaycan ərazisinə, yəni indiki Ermənistanın ərazisinə zorla qatılmış Qərbi Zəngəzura qayıtmasını Azərbaycanın qanuni haqqı hesab edir. Artıq ölkədə bu məsələ ilə bağlı işçi qrupu da yaradılıb. Hazırda Bakı ilə İrəvan arasında hər hansı dialoqun yaxşı getmədiyini göstərən dolayı siqnallardan biri də separatçıların hələ də fəaliyyət göstərdiyi Qarabağda baş verənlərlə bağlıdır. Orada isə yeni separatçı nəsli formalaşdırılma mərhələsindədir. Amma son hadisələrin fonunda ermənilərin növbəti fiaskosu qaçılmazdır. Onlara heç sülhməramlılar da kömək edə bilməyəcək...
V.VƏLİYEV