İmtahana qatıla bilməyən tələbələrə əlavə şans veriləcək? - TƏHSİL EKSPERTİ AÇIQLADI

11 Yanvar 2023 12:57 (UTC+04:00)

“İlk növbədə qeyd edim ki, hal-hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Bu il təkcə birinci kursa gedənlərin sayı 48 min nəfərdir. Etiraf edək ki, ali və orta ixtisas müəssisələrində hava şəraiti ilə bağlı imtahanların keçirilməsində problem var. Bildiyimiz kimi, Yanvar ayının 5-dən etibarən ali və orta ixtisas təhsil müəssisələrində qış imtahan sessiyası başlayıb. Son 3 gün ərzində Bakıda və ölkə ərazisindəki hava şəraiti imtahanların keçirilməsinə müəyyən çətinlik yaradıb. Məsələn, ADNSU-da bir imtahan günündə 72-dən çox şəxs imtahanda iştirak edə bilməyib. Çünki qarlı hava şəraiti nəqliyyatın hərəkətinə müəyyən təsir göstərib və tələbələrin imtahana çatmasında problemlər yaranıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu problemi iki formada qaldıra bilərik: “Birincisi, hava şəraiti ilə bağlı olaraq imtahanlarda iştirak etməyən şəxslərə imtahan sessiyası bitdikdən sonra əlavə bir gün müəyyənləşdirib imtahan keçirmək olar.

İkinci yol odur ki, Azərbaycanda 2020-ci ilin martından etibarən pandemiya səbəbindən dərslər onlayn formatda keçirilir və imtahanların onlayn formada keçirmək olar. Çünki biz, 3 semestr bundan əvvəl bütün imtahanları onlayn rejimdə həyata keçirmişik”.

Kamran Əsədov sözlərinə belə davam edib: “Təbii ki, ən yaxşı hal o olardı ki, imtahanlar növbəti tarixlərə salınsın. Amma ortada toqquşma olarsa, yaxud Bakıda, imtahan keçirilən rayonlarda çətinliyi olarsa fərqi qaydada onlayn rejimdə imtahan keçirilməsi mümkün ola bilər. Amma bütün hallarda bilik qiymətləndiriləcək. İstər Bakı, istərsə də bölgələrdə qarlı hava şəraiti uzun davam etməyəcək. Tələbələrin biliklərinin qiymətləndirilməsi üçün onlara əlavə şans verilməsi yaxşı olardı”.

Ayşən Vəli