“Əgər “dqr hökuməti” danışmasa, Ermənistan yeni zərbələr alacaq”. SİA xəbər verir ki, bu barədə jam.news-ə “Ani” araşdırmalar mərkəzinin koordinatoru, jurnalist Tatul Akopyan deyib. Onun sözlərinə görə, separatçı “rəhbərlik” öz məsuliyyət paylarını işə salmalıdırlar və Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla dialoqa getməyə çalışmalıdırlar. “Əks halda təhlükəli situasiya baş verəcək və Ermənistan dialoqda tək qalacaq”, deyə o bildirib. SİTAT: “Ermənistan yenidən təzyiq altına düşəcək, masaya sənədlər qoyulacaq və ölkə yenidən ağrılı sənədlərin qəbulu üçün güzəştə gedəcək. Ermənistanda və Qarabağda isə deyəcəklər ki, Ermənistan hakimiyyəti növbəti xəyanətkar addıma getdi”.
Erməni siyasi araşdırmaçısı xəbərdarlıq edib ki, mövcud pat vəziyyəti hər an partlaya bilər və onun nəticələri Ermənistan üçün ağlasığmaz olacaq. SİTAT: “Nəyə görə mən Ermənistan üçün deyirəm? Ona görə ki, nə qədər rus sülhməramlıları Qarabağda qalırlarsa, Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-R.R.) “dqr” ilə münaqişəyə getməyəcək. O, əvvəllər də olduğu kimi, kiçik münaqişələrə gedəcək. Ciddi zərbələr isə Ermənistana tərəf istiqamətləndiriləcək”.
O, hesab edir ki, Bakı Laçın “dəhlizinin” qapadılmasını (ermənilər belə iddia edirlər – R.R.) özünün hərbi üstünlüyünə və Rusiyanın susqun dəstəyinə hesablayıb. Tatul Akopyana görə, Bakı Moskvanın mövqeyini “neqativ” qiymətləndirməklə qarşı tərəflə “ehtiyatla” davranır. Onun sözlərinə görə, sağlam düşüncə ilə baxılsa Rusiya hazırkı məqamda ermənilərə kömək edə bilməz, ancaq bunun yerinə daha ciddi zərbələr də vura bilər. SİTAT: “Misal üçün, Ermənistanı Rusiya ilə yeganə əlaqələndiricisi olan Yuxarı Lars sərhəd keçid məntəqəsini bağlayar. Nəticədə Ermənistan “dqr”in düşdüyü situasiyanı yaşamalı olacaq”.
Beləliklə, Tatul Akopyan hansı fikirlərə və əsaslara söykəndiyini, hansı nəticələrə gəldiyini, əslində, özü bilər və bütün bunların müqabilində fakt budur ki, hazırda Ermənistanda və RSK-nın müvəqqəti fəaliyyət göstərdiyi Qarabağın separatçılar olan ərazilərində vəziyyət get-gedə daha da ağırlaşır. Ermənistan hələ də Azərbaycan torpaqlarına iddialarından əl çəkmir və indi də Qarabağdakı cinayətkar rejim təmsilçiləri arasındakı hərc-mərcliklər barədə də bəzi məqamlara toxuna bilərik.
Ermənistan və Qarabağ separatçıları üçün son şans!
Fakt budur ki, Kremlin layihəsi olaraq Qarabağ atılan Ruben Vardanyan amili oradakı separatçıları bir-birinə vurub. Xankəndidəki mənbələrdən “Kavkazki büro” teleqram kanalına daxil olan məlumata görə, Ruben Vardanyanın gəlişindən başlayaraq onun başda qondarma “prezident” Araik Arutyunyan, artıq “vəzifələrindən” uzaqlaşdırılmış “təhlükəsizlik katibi” Vitali Balasanyan və “xarici işlər naziri” David Babayanla münasibətləri qarşıdurma həddinə çatıb.
Mənbə bildirib: “Ruben Vardanyanın Qarabağa gəlişinin əsas məqsədi bütün iqtisadi fəaliyyəti nəzarətə götürməsindən sonradan isə Bakı ilə əsas danışıqlar aparan şəxs rolunu almaqdan ibarət olub. O, bütün yerli elitanı neytrallaşdırdıqdan sonra Bakı ilə danışıqlara gedə biləcək yeganə şəxs olduğunu düşünür”.
Mənbə xüsusilə Vitali Balasanyanın kənarlaşdırılmasına münasibət bildirərək deyib ki, Vardanyandan fərqli olaraq Balasanyanın İrəvanda heç bir siyasi ambisiyaları yoxdur və o separatçılar arasında ekoloji monitorinqin aparılmasını dəstəkləyən şəxslərdən biri olub ki, gərginlik azalsın: “...Lakin Vardanyan bu fikirləri rədd edərək bildirib ki, vəziyyət nə qədər gərginlədikcə bir o qədər onların xeyrinə olacaq. O, bu vasitə ilə Bakıya təzyiqlərin artacağını düşünüb. Ancaq Balasanyan bu ideyanın əksinə gedib və Bakı ilə razılaşmalara getməli olduğunu bildirib”.
Belə bir mühit vəziyyəti gərginləşdirir və belə bir yerdə Prezident İlham Əliyevin ölkə jurnalistlərinə verdiyi müsahibəsi zamanı irəli sürdüyü bəyanatı bir daha öz əhəmiyyətini göstərir – 2023-cü il onlar üçün son işdir və yaxşı olardı ki, əsl reallığı dərk etsinlər.
Rövşən RƏSULOV