Bu il hansı aksesuarlar dəbdə olacaq?

10 Yanvar 2023 14:56 (UTC+04:00)

Məlum olduğu kimi, 2023-cü ilin rəngi bənövşəyi çalarlara sahib parlaq çəhrayı “Viva Magenta 18-1750” seçilib. Sözügedən rəngin bu il dizaynerlərin və məşhur istehsalçıların yaradıcılığında geniş istifadə ediləcəyi gözlənilir. Bununla belə, bu rəngin aksesuarlarda da istifadə olunacağı istisna edilmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, “The Symbol” portalı 2023-cü ildə hansı aksessurların, xüsusilə də hansı sırğa modellərinin dəbdə olacağı barədə yazıb.

Portalın məlumatına görə, 2023-cü ildə mirvarilərdən hazırlanan sırğa və üzük modelləri dəbdə olacaq. Üstəlik, bu aksesuarlarda böyük ölçülü mirvarilərdən istifadə olunacağı gözlənilir.

Bu il mirvarilərlə yanaşı iri ölçülü rəngli daşlarla bəzədilmiş üzüklər də trenddə olacaq. Belə ki, artıq bir neçə moda evinin nümayişlərində bu cür aksesuarlara rast gəlmək mümkündür. Üstəlik, bu cür üzüklərin məhz qiymətli daşlardan hazırlanması da mütləq hesab olunmayacaq.

Dizaynerlərin fikrincə, 2023-cü ildə dəbdə ola biləcək növbəti aksesuarlar çiçək motivləri ilə bəzədilmiş çoker, üzük, bilərzik modelləridir. Belə ki, yeni ildə bir çox zinət əşyalarının və bijuteriyalarının gül detalları ilə bəzədiləcəyi istisna olunmur.

Bu il dəbdə olacaq növbəti aksesuar modeli isə uzun sırğalardır. Bu cür sırğaların bəzən ağır olduğu istisna edilməsə də, gözoxşayan detalları ilə dəbdə olacağı bildirilir.

Həmçinin qeyd olunur ki, çoker boyunbağılar hələ bir neçə mövsüm əvvəl dəbə geri dönsə də, bu il də öz aktuallığını qoruyacaq.