"Şuşa-Xankəndi yolunda keçirilən eko-aksiya əslində münaqişənin həlli ilə bağlı proseslərin gedişatında fərqli bir situasiya yaratdı". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Hərbi ekspert qeyd edib ki, Azərbaycan bu aksiyaya qədər separatçı ermənilərə qarşı hərbi ritorika ilə çıxış edirdisə və bir çox hallarda bu toqquşmalar baş vermişdir: "Bu isə ümumilikdə vəziyyəti dəyişdi. Azərbaycanın humanitar kontekstdə ermənilərə təzyiqinin işə düşməsinə səbəb oldu. Təbii ki, Azərbaycan haqlı mövqeydədir və öz ərazisində olan bölgədə baş verən proseslərə nəzarət etməlidir. Bu nəzarətə suni şəkildə mane olanlar barədə də tədbir görülməlidir. Mövcud vəziyyət Azərbaycanın həmin ərazilər barədə müdaxilə etməsinə icazə verir. Buna görə də normal şəkildə Azəbaycan öz aksiyasını həyata keçirir və davam etdirir. Rusiyanın da bu məsələdə mövqeyi hardasa ümumi prosesin dəstəklənməsinə yönəlib. Həmçinin Qarabağdakı ermənilərin separatçı hərəkətlərinə qarşıdır.
Düşünürəm ki, Azərbaycan gedən proseslərlə öz istədiyinə qismən nail olub, beynəlxalq ictimaiyyətin marağını ora cəlb edə bilib. Fikrimcə, bu hadisə əslində münaqişənin həllində bir dönüş yaradacaq. Digər tərəfdən Azərbaycana qarşı səsləndirilən fikirlərdə guya dövlətimiz Xankəndi-Şuşa yolunu bağlayıb və erməniləri mühasirədə saxlayır. Bu qətiyyən belə deyil və faktiki olaraq yolun bağlanması prosesini elə məhz rus sülhməramlıları icra edir. Bu baxımdan da Azərbaycana qarşı ittihamlar həqiqətə uyğun deyil və proses Azərbaycanın maraqları şəklində davam edəcək".