Repetitora hansı hallarda müraciət etmək lazımdır? - ARAŞDIRMA

10 Yanvar 2023 12:22 (UTC+04:00)

Repetitorluq illər əvvəl olduğu kimi, bu gün də populyardır. Müxtəlif mənbələrə görə, İngiltərədəki uşaqların təxminən dörddə biri təhsillərinin müəyyən mərhələsində repetitorluq edir. Uşaqların əksəriyyəti vacib testlər və ya məktəblərə və universitetlərə qəbul imtahanları, buraxılış imtahanları üçün repetitorlara müraciət edirlər. Buna baxmayaraq, repetitorluqla bağlı kifayət qədər tənqidlər var.

Repetitorlara hansı hallarda müraciət etmək lazımdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Bir çox valideynlər, bahalı özəl məktəblərə kifayət qədər pul xərclədikləri halda, niyə fərdi təhsilə daha çox sərmayə qoymalı olduqlarını düşünürlər. Uşaqların hazırkı iş yükü də repetitorun dərslərini şübhə altına alır, dərslərdən əlavə idman, musiqi, dram və ya digər dərnəklərlə də məşğul olmaq lazımdır.

Bəzi mütəxəssislər düşünür ki, repetitorluq bir çox uşaqlar üçün motivasiya da ola bilər, onlara təkcə akademik cəhətdən deyil, həm də inamlarını artırmağa, uğur qazanmağa ruhlandırmağa və həddən artıq yükləndikləri zaman stress səviyyələrini azaltmağa kömək edə bilər, lakin bu, bütün uşaqlara aid deyil.

Həm müsbət, həm də mənfi rəylərin böyük həcmini nəzərə alaraq, valideynlər üçün peşəkar mütəxəssis cəlb etmək və ya mövcud kurikulum və resurslarla kifayətlənmək qərarına gəlmək çətin ola bilər.

Bir uşağın materialının mənimsənilməsi sürətinə uyğun gəlmirsə, oxuma və yazma bacarıqları çox ləng inkişaf edirsə, bu cür problemlərin həllində repetitorlara müraciət edə bilər. Qərb məktəblərində, məsələn, uşaq zəif çıxış etdikdə, o, eyni dərəcədə aşağı akademik göstəricilərə və öyrənməyə marağı olmayan uşaqlar qrupuna düşür və onlarla ayrıca məşğul olurlar.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov: "Repetitorlara müraciət edən valideynlərin çoxusu bilir ki, onun uşağına dərs deyən müəllim yaxşı müəllim deyil və bu səbəbdən uşağını repetitor yanına qoymağa məcbur olurlar.

Repetitorluğu nəinki şəhərdə, hətta ucqar kəndlərə belə qədər gəlib çıxıb. Ona görə də repetitor xidmətinə valideynlər bu qədər həvəs göstərirlər. Hesab edirəm ki, repetitor yanına hər yaşda getmək olar.

Hər hansı bir adam 50 yaşında da repetitor yanına gedib, biliklərini artıra və yaxud xarici dil bilikləri əldə edə bilər.

Repetitorluq yaşı yoxdur, məktəb səviyyəsinə baxanda mən hesab edirəm ki, bizim məktəblər, əslində, o səviyyədə təhsil verməlidir ki, övladlarımız repetitor yanına getməsinlər.

Azərbaycanda ali təhsil müəssisələrinə qəbulu həyata keçirən qurum dövlət imtahan mərkəzidir. Dövlət imtahan mərkəzi sualları kifayət qədər çətin qoyur və repetitorluğa ayaq açan məqamlardan biri də budur.

Biz məktəb yaşlarından uşaqlarımızın nə qədər travmalar yaşadığınn fərqində olmalıyıq. Mənim də bir övladım tələbədir, xaricdə təhsil alır amma təsəvvür edin ki, uşaq məktəbdən çıxır gecə saat 9, 10-a qədər müəllimlər yanında, mərkəzləri də qalır. Hər ailə üçün də repetitor xidməti də bəlli bir maliyyə hesabına başa gəlir. Bu baxımdan düşünürəm ki, valideynlər, əslində, bu xidmətdən istifadə etməyi istəməsələr də buna haradasa məcburdular. Aşağı yaşlardan repetitor yanına getməyə, əslində, ehtiyac olmamalıdır.

O halda ki, bizim ibtidai sinif müəllimlərimiz təbii ki, hamısına bunu şamil etmək istəmirəm, amma bir xeyli hissəsi bu gün təhsil verməyə yararlı deyil. Bu, açıq şəkildə nazirliyin keçirdiyi sonuncu Sertifikasiyanın nəticələrindən də görünür.

Təxminə 11 mindən çox ibtidai sinif müəllimini əhatə edən Sertifikasiyanın nəticələri göstərdi ki, 24 faiz ibtidai sinif müəllimi elementar biliklərə malik deyil. Yəni sertifikasiyadan keçə bilməyiblər. Amma mən düşünürəm, hətta nəinki 24% təxmini 50% ibtidai sinif müəllimi sertifikasiyadan keçə bilməz, çox aşağı nəticə göstərəcək.

Burada valideynlərin ən azı xeyli hissəsi ibtidai sinif səviyyəsində özü övladlarını başa salmaq savadına malikdirlər. Uşaq teatrlara, kinoya da getməlidir, dostlarına da vaxt ayırmalıdır, idmanla məşğul olmalıdır. Amma belə olanda uşaqlar səhər məktəbə, məktəbdən sonra müəllim yanına getməyə məcbur olurlar".

Havar Şəfiyeva