"Prezident İlham Əliyev idmançıların yaxın dostu və dəstəkçisidir" - İDARƏ RƏİSİ DANIŞDI

10 Yanvar 2023 09:57 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir". Bu sözləri SİA-ya açlamasında Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib.

Qurum rəsmisi bildirib ki, bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir: "Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ilinin tamam olması münasibəti ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Azərbaycanda idman hər zaman cəmiyyətin inkişafının əhəmiyyətli faktorlardan biri olmuşdur. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü".

Nəcəf Novruzov sözlərinə belə davam edib: "Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Azərbaycanda bədən tərbiyəsi və idman daha böyük inkişafa çatıbdır. Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev idman ictimaiyyəti ilə görüşərək, onların mövcud problemlərini dinləmiş, qarşıda duran vəzifələri müzakirə etmişdir. Elə həmin gün idmanın inkişafı ilə bağlı yeni fərman imzalamışdır. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında idman fond yaradılmışdır.

Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu.

Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqətin təzahürlərindən biri də, 2005-ci il 4 mart tarixli sərəncamına əsasən 5 martın “Bədən tərbiyəsi və idman günü” kimi qeyd edilməsi oldu.

İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan gözlədiyi məhz qalib olmaq, dövlətimizin adını ucaltmaq idi.

Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2012-ci ildə Bakıda açılışı olan Milli Gimnastika Arenası idmanın bu növünün daha da inkişaf etdirilməsi işində mühüm rol oynadı.

Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Təbii ki, idmana və idmançılarımıza dövlət başçısı cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğısı idmançılarımızı yeni qələbələrə səsləyir.

Sevindirici haldır ki, elə bu gün cənab Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bu gün 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak etmiş, uğur qazanmış idmançıları və onların məşqçilərini təltif etmişdir. Cənab Prezident idmançıların yaxın dostu və dəstəkçisidir.