Özbəkistanın mədəni irsinə aid qiymətli əşyalar Moskvada tapılıb

9 Yanvar 2023 20:47 (UTC+04:00)

Moskva Dövlət Stroqanov adına İncəsənət və Sənaye Akademiyasında Özbəkistanın mədəniyyətinə aid 200-dən çox artefakt aşkar edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Stroqanov Akademiyasının İncəsənət tarixi və humanitar elmlər kafedrasının müdiri Kirill Qavrilin bununla bağlı açıqlama verib.

“Dünya Cəmiyyətinin müraciətindən və Stroqanov adına Rusiya Dövlət İncəsənət və Sənaye Universitetinin fondlarında aparılan araşdırmalardan sonra məlum oldu ki, bizdə Özbəkistandan 200-dən çox mədəni irs var! Ən böyük fond isə Özbəkistanın memarlıq keramikasıdır. Görünür, 20-ci əsrin əvvəllərində məşhur rəssam, keramikaçı, texnoloq, bərpaçı, gündəliklərə görə, hətta II Nikolayın dövründə də özbək keramikasını toplamağa başlayan Aleksey Filippovun kolleksiyasındandır”.

Qavrilinin sözlərinə görə, kolleksiya çox yaxınlarda aşkar edilib və təkcə əsrin əvvəllərinə aid tətbiqi sənət nümunələri ilə deyil, həm də tələbə ekspedisiyalarının Moskvaya gətirdiyi 60-70-ci illərin keramika məmulatları ilə təmsil olunur.

Qeyd edək ki, yerli mütəxəssislər akademiyanın anbarlarında uzun müddət tədqiq edilməmiş zəngin sənət əşyaları kolleksiyası aşkar etdiklərini bildiriblər. Kolleksiyanın bir hissəsi də universitetin filialında - SSRİ respublikalarından olan dekorativ sənət ustalarının təhsil aldığı Kalinin məktəbində saxlanılır. Bəzi əşyalar isə 1964-cü ildə Xorəzmin inqilabi muzeyindən gətirilib.

Nazlı Almuradova