Məhsul seçərkən onun keyfiyyətini necə müəyyən etmək olar? - ARAŞDIRMA

9 Yanvar 2023 17:02 (UTC+04:00)

İnkişaf etmiş ölkələrdə (ABŞ, Aİ ölkələrində, xüsusilə Yaponiyada) alim və ekspertlər daxili bazar üçün vacib olduğundan keyfiyyət və etibarlılıq, məhsulun keyfiyyətinə nəzarət, statistik keyfiyyətə nəzarət və keyfiyyətin yüksəldilməsi problemlərinə böyük diqqət yetirirlər.

Bir məhsul alarkən onun keyfiyyətini necə müəyyən etmək olar?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Ümumiyyətlə, məhsulun potensial alıcılarının tələblərinin vurğulanmasını keyfiyyət və rəqabətqabiliyyətlilik sahəsində ən aktual hissədir. Bu konsepsiyaya uyğun olaraq, məhsulun keyfiyyəti satın alınan malların istismarı zamanı istehlakçı tələblərinin nə dərəcədə qane edildiyi ilə müəyyən edilir. Bu baxımdan, bir çox müasir tədqiqatlar məhsulun keyfiyyəti anlayışını son vaxtlara qədər olduğundan bir qədər fərqli şəkildə izah edir. Hər bir layihədə və yeni məhsulların yaradılması prosesində keyfiyyət olmalıdır. Hal-hazırda, müxtəlif ölkələrdə keyfiyyətin idarə edilməsi təcrübəsini ehtiva edən ümumi qəbul edilmiş 9000-nə yaxın beynəlxalq standartlar mövcuddur.

Bir çox ölkələr rəqabət üstünlüyü uğrunda mübarizə əsasında keyfiyyətin idarə edilməsi konsepsiyasını tətbiq edirlər. Bu konsepsiyanın metodoloji əsasları şirkətin müştəri tələblərinə uyğunlaşdırılması nəzəriyyəsini əhatə edir. Bu halda idarəetmə prosesləri beynəlxalq standartlarının tələblərinə əsaslanmalıdır. Artan rəqabət və eyni qiymət seqmentində eyni məhsulların müxtəlifliyi şirkətləri müştəri loyallığını qazanmağa yönəlmiş rəqabət üstünlükləri yaratmaq üçün yeni yollar axtarmağa imkan verir. Elmi-texniki tərəqqinin inkişafı və biliyin artan rolu müəssisədə istehsal, təşkilati, idarəetmə və paylama proseslərində innovativ həllər tələb edir. Yeniliklər müəssisələrə məhsulun keyfiyyətini yaxşılaşdırmağa, əmək məhsuldarlığını artırmağa, xərcləri azaltmağa və bununla da bazarlarda öz rəqabət qabiliyyətini artırmağa imkan verir. Məhsulun standartlaşdırılması və sertifikatlaşdırılması məhsulun keyfiyyətinin təminatı üçün vacibdir, çünki o, məhsulun keyfiyyətinin idarə edilməsi və rəqabət qabiliyyətinin idarə edilməsinin mühüm tənzimləyici komponentidir.

Qiymət sistemi həm də istehsalın artımını stimullaşdırır və məhsulların keyfiyyətini artırır. Qiymət və məhsulun keyfiyyəti bir-biri ilə əlaqəli və bir-birindən asılıdır. Eyni zamanda, istehsal üçün sosial zəruri xərclərin səviyyəsini tam müəyyən etmək üçün qiymətlərin formalaşmasında keyfiyyətli məhsullar nəzərə alınır. Heç kimə sirr deyil ki, yüksək keyfiyyətli məhsul daha yüksək qiymətə satılır. İnnovasiyaların inkişafı və onların istehsala geniş tətbiqi müəssisələrə məhsullarının keyfiyyətini yüksəltməyə kömək edəcək və daha az xərclə rəqabət aparmağa imkan verəcək.

Texnologiyaların intensiv inkişafı və onların müştəri loyallığını qazanmaq üçün geniş tətbiqi sayəsində müəssisələr uğurla rəqabət aparmağın yeni yollarını axtarmalıdırlar ki, bu da qlobal bazara çıxmağa kömək edə bilər.

Bir çox şirkətlər brendin özü ilə keyfiyyət arasında bərabər ideyasını təbliğ edirlər.

Keyfiyyət Assosiasiyası İctimai Birliyindən SİA ya verilən müsahibədə qeyd olunur: "Məhsul alarkən onun keyfiyyətini iki üsulla müəyyən edilə bilər. Birincisi vizual üsuldur. Vizual üsulda əsasən məhsulun xarici görünüşünə və etiket məlumatlarına diqqət edilir. Əgər hər hansı bir pozulma halı varsa mütləq şəkildə özünü müxtəlif (qapağın şişməsi, rəngin dəyişməsi, çürümə, əzilmə və s.) formada göstərir. Pozulma halları gizli formada da ola bilər. Bu zaman vizual baxış zamanı fiziki dəyişiklik aşkar olunmur. Məhsulun etiketi üzərində qeyd olunmuş məlumatların yoxlanılmasıda visual yoxlama üsuluna aiddir. Məsələn, istehsal tarixinin çox keçmiş olması və istifadə müddətinin bitməsi kimi. Məhsulun tərkibi haqqında etiket üzərində verilən məlumatlardanda məhsulun yuxarı, orta və ya aşağı keyfiyyətli olması haqqında da məlumat əldə etmək olur. Məhsulların saxlanma və istifadə müddətinin az olması qatqıların az istifadə olunmasının göstəricisidir. Məhsulun istehsalı müddətində istifadə olunan qatqı maddələrinin (qoruyucular, rəngləndiricilər, aroma və dad vericilər, stabilizatorlar/homogenləşdiricilər/qatılaşdırıcılar) sayı və miqdarıda keyfiyyətə və qida təhlükəsizliyinə təsdir edən əsas faktorlardandır. Keyfiyyəti müəyyən edən ikinci üsul orqanoleptikadır. Bu üsulla keyfiyyətin təyin edilməsi insanın hiss üzvləri (görmə, iybilmə, dadma, lamisə (toxunma hissi) və eşitmə) vasitəsilə həyata keçirilir. Orqanoleptiki üsulla – yeyinti məhsullarının xarici görünüşü, iyi, dadı, rəngi, konsistensiyası, quruluşu, xırdalanma dərəcəsi və s. müəyyən edilir".

Bəs ölkəmizə gətirilən bütün məhsulların keyfiyyəti necə yoxlanılır və bu istiqamətdə problemlərə rast gəlinirmi?

Qurumdan verilən açıqlamada həmçinin bildirilir: "Ölkəmizə gətirilən qida və yeyinti məhsullarının minimum keyfiyyət göstəricilərinin və təhlükəsizliyinin yoxlanılmasına cavabdeh qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

Qeyri-qida məhsulları ilə bağlı isə vəziyyət heç də ürəkaçan deyil. Hazırda bunu icra edən qurum yoxdur. Yalnız hər hansısa bir şikayət olduğu halda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müdaxilə olunur. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun tətbiq olunması qeyri qida məhsullarının ən azından mühüm keyfiyyət göstəricisi olan təhlükəsizlik göstəriciləri baxımından yoxlanılmasını təmin edəcək. Bu, həm ölkəyə idxal olunan, həm də ölkədə istehsal olunan məhsullara münasibətdə tətbiq olunacaq".

Havar Şəfiyeva