İmmunitetimizi necə qoruyaq? - DİYETOLOQ DANIŞDI

9 Yanvar 2023 15:36 (UTC+04:00)

“Gündəlik həyatda orqanizm viruslar, bakteriyalar və kanserogen maddələr kimi bir çox zərərli amillərlə qarşılaşa bilər. Sağlam həyat yaşamaq üçün bu maddələrlə mübarizə aparmaq lazımdır. İmmun sistemi bu maddələrin bədənimizə verə biləcəyi zərərli təsirləri aradan qaldırmağa çalışır”. Bu fikirləri SİA-ya açıqlamasında diyetoloq Sevinc Həsənzadə bildirib.

Diyetoloq qeyd edib ki, immun sisteminin güclü olub-olmadığını ölçmək mümkün deyil: “Başqa sözlə, immun sisteminin güclü olub-olmadığını göstərən bir test yoxdur, qan testləri isə tam nəticə vermir. Bunun üçün ən vacib göstərici infeksiyaya yoluxmamaq və ya xəstələndikdə yüngül formada keçirməkdir. Həftədə ən azı üç gün balıq yemək, qidalanmada paxlalı bitkilərə üstünlük vermək, mövsümi tərəvəzlər yemək, süd, ayran, qatıq kimi qidaları istehlak etmək vacibdir. Güclü bir immunitet üçün yüksək antioksidant qabiliyyəti olan qidaları istehlak etmək də faydalıdır. Portağal, sitrus meyvələri, qoz, ispanaq, badam, nar, yerkökü, kivi, balıq, ananas, itburnu, zeytun, zeytun yağı, yulaf kəpəyi və qatıq kimi qidalar immuniteti gücləndirir. Xüsusilə, yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, portağal, qarğıdalı, şüyüd, nanə, kahı) tərkibindəki A, C və E vitaminləri, folik turşusu və Omega-3 sayəsində güclü antioksidant xüsusiyyətlərə malikdir. Omega-3 nisbətini artırmaq üçün həftədə 3 gün balıq istehlak edilməlidir. Güclü bir Omega-3 qaynağı olan qoz istehlakı, antioksidant baxımından orqanizmi dəstəkləyir. Kifayət qədər yuxu immun sistemini möhkəm saxlayan amillərdən biridir. Yatarkən ifraz olunan serotonin hormonu sayəsində infeksiyalara daha sürətli cavab verilir. Bu səbəbdən gündə 7-8 saat yuxu almaq məsləhətdir. Su bədən müqavimətini artırmaq və immuniteti möhkəm saxlamaq üçün çox vacibdir. Buna görə gündə 2 litr su içməyə çalışın. Açıq havada idman etmək güclü immunitet üçün vacibdir. Buna görə də mütəmadi idman etməyi unutmayın! Stresinizi idarə etməyə çalışın, alkoqoldan uzaq durun və siqaret çəkməyin. İmmun sisteminin zəifləməsinin ən önəmli səbəblərindən biri düzgün qidalanmama və oturaq həyat tərzidir. Buna görə qidalanmaya diqqət edin”.