Separatçılar başlarını niyə və necə itiriblər? ANALİTİK+ÖZƏL

9 Yanvar 2023 15:04 (UTC+04:00)

Laçın yolundakı proseslər və Azərbaycanın növbəti qələbə əzmi!

Laçın yolu üzərində keçirilən aksiya artıq bir ayına qədəm qoymaq üzrədir və ötən müddət ərzində cərəyan edən hadisələrin hər biri bilavasitə rəsmi Bakının diktəsi altında baş tutur. Daha dəqiq desək, artıq nəticə indidən məlumdur – Azərbaycanın vətəndaşları olan sadə erməniləri zorla orada saxlayan, gah Rusiya sülhməramlılarına qarşı aksiyalara məcbur edən, gah da mitinqlərə cəlb edən Xankəndi separatçılarının baş quldurları öz aralarında belə kəskin qarşıdurmalara gedirlər. Beləliklə, bir-birini tez-tez əvəzləyən olayları sıralama ilə şərh etmək yerinə düşərdi...

Araik Arutyunyanın “təyin etdiyi” sözdə “təhlükəsizlik katibi” Vitali Balasanyan Ruben Vardanyanın təhriki və Rusiyadan aldığı sifariş ilə Ararat Melkumyanla əvəzləndi

Qarabağdakı cinayətkar-separatçı rejimin çete başı, Kremlin Qarabağa atdığı və Ermənistanda hakimiyyətə yerləşdirməyə çalışdığı “desatı” Ruben Vardanyanla digər banda təmsilçiləri arasında yaşanan qarşıdurma “kadr dəyişikliyi” ilə nəticəsini tapdı. Məlum oldu ki, Araik Arutyunyanın “təyin etdiyi” sözdə “təhlükəsizlik katibi” Vitali Balasanyan Ruben Vardanyanın təhriki və Rusiyadan aldığı sifariş ilə Ararat Melkumyanla əvəzləndi. Əslində isə, bu fakt növbəti proseslərin daha da tezləşməsinə təkan vermiş oldu. Artıq Qarabağ separatçılarının “iqtidarından-müxalifətinə” keçid alan Vitali Balasanyan öz ətrafında təxminən belə bir mühit yaradıb – gənc yaşlarından azərbaycanlılara qarşı döyüşən, ömrünün əsas hissəsini Qarabağın işğalına həsr edən bir kəs cəmi bir neçə aydır ki, Qarabağa transfer olunan və üç onillik boyunca heç bir iş görməyən bir şəxs tərəfindən, yəni aferist Ruben Vardanyanın tapşırığı ilə kənara atıldı. Bəs bundan sonra nə gözlənilir?

“Vardanyan layihəsi” əsas olaraq Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyalarına, daha dəqiq desək, rəsmi Bakının tələblərini icra etmələrinə maneələr yaratmalıdır, amma yarada biləcəkmi?

Qondarma və tanınmayan “dqr”in “dövlət naziri” dırnaqrarası vəzifəsi baxımından, əslində, heç bir səlahiyyətə də malik deyil, necə ki, “prezidenti” və digər “nazirləri” kimi. Amma fakt budur ki, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Araik Arutyunyan öz “hakimiyyətini” məhz Vitali Balasanyanla bölüşdürmüşdü, hətta “dqr”də ikinci şəxs olaraq fəaliyyət göstərirdi. Sadəcə, “dqr”dəki xunta bütövlükdə Rusiyadakı məlum dairələrə bağlı olmasına baxmayaraq, sonrakı proseslərdə Kremlin sifarişi dəyişildi: “dövlət nazirinə” daha böyük “səlahiyyətlər” verildi. Yəni “Vardanyan layihəsi” əsas olaraq Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyalarına, daha dəqiq desək, rəsmi Bakının tələblərini icra etmələrinə maneələr yaratmalıdır, amma yarada biləcəkmi?

Hazırda isə proseslərin inkişafı iki istiqamətdə davam edir:

- ekoaksiyanı davam etdirmək və Qarabağ erməniləri arasındakı ziddiyyətləri daha açığa çıxarmaq. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, artıq Vitali Balasanyan “dqr” xuntasında aşkar müxalifətdə dayanır və Vardanyana qarşı çıxış edir.

- Vardanyanı fiziki və ya digər üsullarla məhv etmək – bu amil davamlı olaraq qüvvədədir və Qarabağdakı ermənilər də get-gedə həmin reallığı dərk etməyə başlayıblar ki, onların vəziyyətləri heç də yaxşıya doğru getməyəcək, əksinə daha da ağırlaşacaq. Bütün bunların təməlində dayanan isə məhz Ruben Vardanyan faktorudur!

Ona görə də bu gün Laçın yolu üzərindəki ekoaksiya gene-gündən öz əhəmiyyətini daha da artırır.

Separatçı xuntanın fiaskosu

Daha bir fakt budur ki, Qarabağdakı qanunsuz və dırnaqrarası hakimiyyət artıq öz fiaskosunu dolayısı ilə də olsa qəbullanmaq üzrədir. Ötən günlərdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun sakininin hərbçilərimizə müraciət edərək ac olmasını və digər ehtiyaclarının olduğunu bildirməsi, ona dərhal ərzaq, qida, siqaret və s. yardımların göstərilməsi, sonradan isə azuqə payları ilə birlikdə Xankəndiyə yola salınması separatçıların uğradıqları fiaskonun başlanğıc nöqtəsidir. Məhz bu addımın özü də sübut edir ki, Qarabağ iqtisadi rayonunda yaşayan sadə ermənilər qanunsuz hakimiyyət altında yaşamaq istəmirlər və beziblər. Və bu gün Azərbaycan üçün qanunsuzluqlar törədən, dövlət qanunlarımızı qəbul etməyənlər əsas cinayətkarlardırlar, onlar gec-tez Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar.

“Qarabağ erməniləri ictimai hərəkatı”nın rəhbəri Artur Ağacanyan: “Mənim əziz qarabağlı ermənilərim – sizə olan təhlükə heç də Azərbaycan xalqından deyil, tanınmayan “dqr” adlı “respublikadan” gəlir”

Bu arada, “Qarabağ erməniləri ictimai hərəkatı”nın rəhbəri Artur Ağacanyanın da Qarabağ ermənisinin Azərbaycan əsgərlərinə sığınması ilə bağlı fikirlərini xatırlatmaq olar. SİTAT: “Qarabağ ermənisi Laçın yolu üzərindən Xankəndiyə keçdi. Bu yaxınlarda Xankəndi sakini azərbaycanlılara yardım üçün müraciət etdi. Azərbaycan tərəfindən ona təxirəsalınmaz yardımlar göstərildi, ona qarşı qayğı ilə yanaşıldı. Ona görə ki, o Azərbaycan şəhəri olan Xankəndinin sakinidir. Mənim əziz qarabağlı ermənilərim – sizə olan təhlükə heç də Azərbaycan xalqından deyil, tanınmayan “dqr” adlı “respublikadan” gəlir. Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına doğru birinci addım atıldı”.

Ermənistanda fəaliyyət göstərən bloger İşxan Verdyan: “Nəticə aydındır və birmənalıdır – Ermənistan hökuməti sülh istəmir və ona qarşı getmir”

Daha bir reallıq: Ermənistanda fəaliyyət göstərən bloger İşxan Verdyan sosial şəbəkə vasitəsi ilə bildirib ki, Qarabağdakı qanunsuz hərbiləşdirilmiş və “artsaxın milli təhlükəsizlik xidməti” adlı terror təşkilatı azərbaycanlılarla kontakta gedən erməni ilə bağlı gözlənilən reaksiyasını göstərdi – ona qarşı cinayət işi açıldı, istintaq başlandı və faktların saxtalaşdırılmasına start verildi. SİTAT: “İnsanları qorxudan qatil çete üzvləri diqqətlə izləyirlər ki, bir nəfər də olsun erməni azərbaycanlılarla ünsiyyətə belə girmək haqqında hətta düşünməməlidir. Xuntanı maliyyələşdirən rəsmi İrəvan isə bu davranışı müsbət qarşılayır. Ancaq susqun da qalmır. Hakimiyyət nəşrləri onun bütün press-relizlərini birinci səhifəyə çıxarır və bu vasitə ilə bütün Ermənistan əhalisinə çatdırmaq istəyir ki, azərbaycanlılarla olan istənilən kontakt cinayət xarakteri daşıyır, eləcə də “milli təhlükəsizlik xidmətinin” yuridiksiyasının altına düşür. Azərbaycanlılarla ünsiyyətə girərkən cinayət məsuliyyəti daşımaq qorxusu (Qarabağda isə öldürülmək-İ.V.) dövlət səviyyəsində bütün ermənilərə aid edilir”.

Ermənistanlı bloger bunu əhaliyə qarşı total terror hesab edir və bildirir ki, bir tərəfdən belə bir praktikanı icra etmək, digər tərəfdən isə Ermənistanın sülh istədiyini demək ağlasığmaz absurddur. “Nəticə aydındır və birmənalıdır – Ermənistan hökuməti sülh istəmir və ona qarşı getmir”, deyə İşxan Verdyan bildirib.

Bakı isə artıq Xankəndiyə çox yaxındadır, cəmi 14 kilometr məsafədə!

Beləliklə, fakt budur ki, Qarabağdakı cinayətkar rejim artıq əlini hər şeydən üzüb. Əbəs deyil ki, onlar başlarını itiriblər və hətta Qərbin, Rusiyanın ayrı-ayrı siyasi dairələri hansısa “bəyanatlar” yaymaqla, fərqli-fərqli anti-azərbaycanlı, ya da türkofob fərdlər tivtlər paylaşmaqla Azərbaycanın verdiyi və əzmlə irəlilədiyi qərarlarından geri döndərə bilməyəcək. Bu gün Vardanyan “ərzaq və yanacaq çatışmazlığı” adı altında sadə Qarabağ ermənilərini aclıqla sınağa çəkdirir, talonla ərzaqlar verdirir və s. vasitələrlə “məzlumluq”, “əzabkeşlik” obrazını canlandırmağa cəhdlər göstərir. Amma bu da faydasızdır. Hər gen Laçın yolu üzərindən onlarla humanitar yardım maşınları Xankəndiyə doğru istiqamət alır. O cümlədən, Xankəndidən Laçın yoluna, oradan isə Gorusa – Ermənistana Qırmızı xaç cəmiyyətinin maşınları ağır xəstələri müalicəyə daşıyırlar və bu faktları, hətta özlərini korluğa qoymağa çalışan bəzi xarici təşkilatlar da yaxşı görürlər. Ona görə də artıq bütün kartlar oynanılıb və separatçı xuntanın, eləcə də Ermənistan rəhbərliyinin dünyanın gözü qarşısında “Leninqrad blokadası” görüntüsünü yaratmaq səyləri də puça çevrilir. Bakı isə artıq Xankəndiyə çox yaxındadır, cəmi 14 kilometr məsafədə!

Rövşən RƏSULOV