Sevda Ağazadənin həyatından bir epizod
Dilimizin inkişafında ədəbi simaların nitq üzrə tədqiqatlarının aparılması zəruridir. Azərbaycanda jurnalist məktəbinin mühüm tərkib hissəsi olan əməkdar artist Sevda xanım Ağazadənin yaradıcılığının öyrənilməsi ciddi aktuallıq kəsb edir. Sadəliyi və sadə olduğu qədər dərin zəkası, düşüncə qabiliyyəti ilə biz gənclərə nümunə olan Sevda xanımın ömür yolunu həyəcandan titrəyən əlimlə vərəqləməyə çalışdım.
5 yaşında ikən aparıcılığı bəyənib, seçən Sevda xanımın səsi sonralar televiziyadan gəlir. Həyatının ən gözəl çağını demək olar ki, bütün ömrünü o, televiziyaya həsr edir.`Taleyinin 40 ili mili televiziya ilə bağlı olan Sevda xanım Ağazadə 1984-cü ildə 300 nəfərin içərisindən seçilib radioya gələrək günəş kimi parladı. 3 aydan sonra onun səsini bəyənib televiziyaya dəvət edirlər. 1985-ci il martın 10-da ilk dəfə televiziyaya çıxaraq, 15 il xəbərlər oxuyan əməkdar artist, mülayim xasiyyətli, ağbəniz Sevda xanım Ağazadənin ecazkar səsi hamını heyran edir. “Həyatın bir anı”, “Kinoalmanax” və s. verilişləri ilə ən əsası gözəl məlahətli səsi, nitqi, gözəlliyi ilə tamaşaçını böyük sevinclə ekrana yığmağı bacardı. Bu səsin ahəngində xəyala dalır, gah kövrəlir, gah da sevinirsən. Bu məlahətli səsdən ayrıla bilmirsən. Bu həlim səsin sahibi hamının çox sevdiyi gözəl Sevda xanım anamı həmişə cəlb edirdi. Onun apardığı verilişi səbirsizliklə gözləyirdi.
Mən taleyimdən çox razıyam! Bu gün Teleradio Akademiyasında təhsil alaraq, Sevda xanımdan nitq mədəniyyəti dərsi alıram. Sevda xanım çox vaxt özü tələbələrinin arasında olmağa, onların qayğı və problemləri ilə maraqlanmağa çalışır. Bütün həyatı boyu gəncliyə daim diqqət və qayğı göstərən, gəncliyi özünə yaxın dost bilən Sevda xanım Ağazadənin həyatından bu adicə bir epizoddur.
Böyük müəllimimizdən bir məktəb keçdiyimə görə Allaha minnətdaram bizi daha da yeni layihələrə cəlb etdiyinə görə ona hədsiz sevgimi çatdırıram. Sevda xanımdan eşitmişəm dostları gəncdir məndə bu sıralara qoşulmaq arzusu ilə.
Sonda demək istəyirəm: Sevda xanım biz gənclərin Sizə hədsiz ehtiyacı var, Sizin kimi qayğıkeş müəllimimiz olduğuna görə fəxr edirik.
Günel Məlikli,
Azərbaycan TV və Radio verilişləri QSC-nin Teleradio Akademiyasının tələbəsi