"Qərbi Azərbaycan mənim üçün Vətən deməkdir" - MÜSAHİBƏ-FOTOLAR

9 Yanvar 2023 13:01 (UTC+04:00)

Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası üç mərhələdə aparılıb: 1905-1920-ci illər, 1948-1953-cü illər və 1988-1992-ci illər. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınlar da daхil olmaqla 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən, doğma yurd-yuvalarını tərk edib.

Qərbi Azərbaycanın Hamamlı rayonunun 1988-ci ildə deportasiyaya uğramış sakinləri Fərhad Qəmbərov və Afidə Əhmədovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Qərbi Azərbaycan sizin üçün nə ifadə edir? Bugünkü gündə "Qərbi Azərbaycan" dedikdə və ya o yerlərdən görüntülər izlədikdə hansı hisləri keçirirsiniz?

- Vətən.. Biz hal-hazırda burada yaşasaq da, orada doğulub böyümüşük. Ona görə də Qərbi Azərbaycan bizim üçün Vətən deməkdir. Cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdış üçün çağırış etməsi bizim üçün çox böyük önəm daşıyır. Düşünürük ki, bir gün dədə-baba yurdumuzu yenidən görəcəyik.

- Evinizdən, kəndinizdən didərgin düşdüyünüz anları necə xatırlayırsınız?

- Ermənilər artıq 1988-ci ilin noyabr ayının əvvəllərindən azərbaycanlılara qarşı soyqırım törətməyə başlamışdılar. Camaatı köçməyə məcbur edirdilər. Deyirdilər ki, gedəndə ancaq şəxsi əşyalarınızı götürüb gedə bilərsiniz. Yəni, mal-qaranı, payız vaxtı toplanmış məhsulları aparmamaq şərtilə məcbur edirdilər ki, hər kəs getsin. Getməyənləri döyüb incidirdilər, zəng edib, "Niyə hələ də buradasınız? Niyə tez getmirsiniz? Sizin burada yaşamağa haqqınız yoxdur", deyə xəbərdarlıq edirdilər. Artıq 1988-ci il noyabrın 27-də kəndə hücuma keçdilər. Camaat ayıq olduğu üçün əllərində olan xırda-para silahlarla bu hücumu dəf etdilər. Ermənilər başa düşdü ki, kəndə girmək mümkün deyil. Yəqinki başqa plan hazırlamağa başlayırdılar. Lakin elə oldu ki, dekabrın 7-də zəlzələ oldu. Həmin vaxt ermənilər bizə heç bir maddi, tibbi yardım etmədilər. Ancaq dekabrın 14-də Azərbaycandan vertolyotla həkimlər gəldi. Bizim kənddən 28-ə qədər adam ölmüşdü. Ölüm sayı ona görə az olmuşdu ki, zəlzələ gündüz vaxtı baş vermişdi. Hər kəs səksəkədə olduğu üçün çöllərdə idi, narahat idilər, məktəbdə uşaqlar yox idi. Zəlzələ olanda mən özüm də xəsarət almışdım; burnum, ayağım, qabırğam sınmışdı. General dedi ki, gəl səni xəstəxanaya aparaq. Mən ermənilərin olduğu xəstəxanaya getməkdən imtina etdim. Zəlzələdə də evlər uçmuşdu, hər şey dağılmışdı və məcburiyyət qarşısında qalıb vertolyotla Qazaxa gəldim. Sonra yenidən fevral 5 və ya 6-da evlərin kompensasiyaya alınması, əmək kitabçalarının götürülməsi üçün geri qayıtdım. Həmin vaxt polis rəisi mənə yaxınlaşıb dedi ki, çalış fevralın 24-nə qədər burada adam qalmasın, çünki Sumqayıt hadisələrinin ildönümü ilə əlaqədar kəndə hücum planlaşdırıblar. Bu polis rəisi orada azərbaycanlıların yaxşılığını görmüşdü deyə köməklik etmək istəyirdi. Sonra aprelin əvvəli evlərin sənədləşməsi üçün biz ora gedəndə yenə həmin polis rəisi dedi ki, indi də soyqırımına yaxın hücum planlaşdırılır, ayın 20-nə qədər kənddə heç kim qalmasın. Ən axırıncı dəfə may ayında bizim kənddə polis işləyən Rəhim Daşdəmirovu evinin sənədi üçün gedəndə vurub öldürdülər. Beləcə kəndi boşaltdılar.

- Heç ağlınıza gələrdimi qonşu kimi yaşadığınız ermənilər bir gün sizə qarşı çönüb, belə bir hadisə törədəcək?

- Hiss olunurdu ki, onlar bizə ikinci növ adamlar kimi baxırlar. Ancaq müəyyən qədər Sovet qorxusu var idi. Əsasən, onların bizə üz dönməsi Heydər Əliyevin SSRİ KP MK-nın Siyasi Bürosunun üzvlüyündən çıxmasından sonra oldu. Bu hadisədən sonra onlar 180 dərəcə çöndülər və bizə qarşı kobudluqlar başladı. Biz normal şəkildə Bakıya ya da Qarabağa köçməyi təklif edəndə erməni bir polis rəisi müavini gülərək dedi ki, siz ermənilər kompakt yaşayan yerə buraxılmayacaqsınız, necə ki əvvəl ermənilər yaşayıblar, bundan sonra da elə yaşayacaqlar. Həqiqətən də biz qayıdanda gördük ki, dəmiryolundan başqa bütün yollar bağlanıb və Bakıya giriş yoxdur. Ondan sonra qatarla Bakıya gəldik. Camaat məcbur qalıb evlərini dəyişdirirlər ki, burada yerləşə bilsinlər.

- Kəndiniz yaddaşınızda necə qalıb? Bayramları necə keçirirdiniz? Hansı adət-ənənələriniz var idi?

- Uşaq vaxtı biz çərşənbələrdə lopa düzəldərdik. Lopanı bir həftə neftin içində saxlayırdıq. Sonra sinfimizdəki bütün oğlanlar dağın başına çıxırdıq. Sırayla hamı o lopanı yandırıb fırlayırdıq. Hələ 2-3 min hündürlükdə dağa təkərlər aparırdıq. Təkərləri yandırıb erməni kəndləri tərəfə yollayırdıq. Hamı da bizə baxırdı.

Axırıncı çərşənbədə təzə gəlinlərə yığıncaq edirdilər, bayatılar deyilərdi, küsülülər barışardı. Kənd qaynayırdı, hiss olunurdu ki, burada bayram ab-havası var.

- Əgər elə bir imkan yaransa, yenidən Qərbi Azərbaycana qayıdıb yaşayırsınız?

- Əlbəttə qayıdarıq. Orada bizimi ata-babalarımızın, nənələrimizin ruhu var. O qəbirstanlıq çürümüş də olsa, ən azından biz onların qəbirlərinin yerini tanıyırıq. Oradan gələndə böyük oğlum bir yaş yarımlıq, qızım da üç aylıq idi. Onlar nə bilir ki, kənd nədir? Amma biz bilirik, heç olmasa biz gedib orada nənə-babamıza dua oxuyarıq, rahatlıq taparıq.

- Qarışıqlıq düşməmişdən öncə ermənilərlə münasibətiniz necə idi?

- Azərbaycanlı dostu olmayan ermənilər bayram günlərində kəndə gəlirdilər ki, biz ancaq sizin bayramı necə keçirdiyinizə baxmaq istəyirik. Onlar süfrəyə dondurma ət qoyurdular, amma bizdə bayram üçün heyvan saxlayırdıq. Bizim şəkərburanı, paxlavanı ermənilər bilmirdilər. Ermənilər öz adlarına keçirmək istəsələr də, İrəvan kətəsi də bizimdir, onlar bizdən görüb-götürüblər. Gəlib görürdülər və deyirdilər ki, siz bayramları bizdən yaxşı keçirirsiniz, sizin səməniniz bizim yolkamızdan daha təbiidir. Yəni, münasibətimiz pis deyildi. Ermənilərin çoxunu Daşnak üzvləri məcbur edirdilər ki, bizə qarşı münasibəti pisləşdirsinlər.

- Ermənilər Azərbaycan dilini bilirdilər?

- Türkiyədən gəlmə və Qarabağ erməniləri müəyyən qədər dilimizi başa düşürdülər, danışırdılar. Amma yerli ermənilər yox. Ancaq onların ağsaqqalları etiraf edirdilər ki, 30-cu ilə qədər orada ermənilər az olduğu üçün məcburiyyətdən Azərbaycan dilini öyrənib, bizim dildə danışıblar.

- Son olaraq, sizi eşidəcəklərini bilsəydiniz, onlara nə demək istərdiniz?

- Mən düşünürəm ki, onlar peşman olacaqlar. Amma sonrakı peşmançılıq heç vaxt fayda vermir. Ziyanın yarısından dönmək də olar. Yaxşısı budur ki, ağıllarını başına toplasınlar. Əvvəl necə yaşamışıqsa, elə də yaşayaq.

Afidə Əhmədova (Fərhad Qəmbərovun həyat yoldaşı):

- Kəndiniz necə bir coğrafi mövqeyə malik idi?

- Kəndimizin çox gözəl coğrafi mövqeyi var idi. Ətrafı dağlarla əhatə olunmuş düzəngah idi. Bütün kənd şəffaf, büllur kimi sularla təmin olunmuşdu. Dərələrdə dovşantopuğu adlanan bir bitki yetişirdi ki, Azərbaycanın hər qarışını gəzmişik, amma onu heç bir yerdə tapmamışıq.

Pəmbək mahalının qarşısından Pəmbək çayı axırdı və Türkiyədən Qazaxa qədər dərələrlə əhatə olunmuşdu. Mahalın adı da dərələrin hər iki tərəfində açan çiçəklərin rəngindən dolayı türk dilində "pəmbə" sözündən götürülüb. Ona görə o bölgə Pəmbək mahalı adlanıb.

- Sizcə, biz də ermənilərə onlar kimi cavab verməliyik?

- Biz ideologiyası xəstə olan ermənilərə nifrət edirik. Bütün dünyada canlı varlıqlara həssas yanaşılır. Həmişə böyüklərimiz bir quzunu qurban kəsərkən onu başqa quzuların görməməsini tövsiyə edirdi. Çünki ikinci bir quzu və ya qoyun onu görsə, gözündən yaş axardı. Ermənilərin bu qədər vəhşilik etməsi onların xislətindən irəli gəlir. Biz isə humanist millətik. Hər cür vəhşiliyi, qəddarlığı gördük. Amma yenə də insanlığa dəyər veririk. Prezidentimizə güvənirik və bilirik ki, biz sülh yolu ilə yerimizə-yurdumuza qayıdacağıq.

- Əgər ermənilərlə birgə yaşayacağınızı bilsəniz, yenə də qayıtmağa razı olarsınız?

- 1941-1945 müharibəsində SSRİ ilə faşist Almaniyası arasında nələr oldu, neçə milyon insan qətlə yetirildi. Amma bugünkü gündə onlar düşmən deyil, gediş-gəlişləri var. Biz niyə öz torpağımıza getməyək? Normal insanlarla bir arada ora getməyə də, yaşamağa da, işləməyə də hazıram. 30 ildir o yerlərin qoxusunu heç yerdən ala bilməmişəm.

O torpaqlar bizim haqqımızdır. Dünyanın hər yerindən erməniləri oraya gətirməklə, erməni dilində nələrsə yazıb torpağa basdırmaqla o yerlər onların hesab olunmur. Millət vəkili Əziz Ələkbərlinin kitabında da orada olan kəndlərin, məscidlərin sayı dəqiqliklə əks olunub. Ermənilər dünyaya səs salmaq istəyirlər ki, guya oralar dədə-baba yurdları olub. Xeyr, belə bir şey mümkün deyil. Qərbi Azərbaycan elə bütöv Azərbaycandır, bizim torpaqlarımızdır.