"Səhər saat 06:00-dan 11:30-a qədər "Azəristiliktəchizat" ASC-nin çağrı mərkəzinə 60-dan çox müraciət daxil olub. Ən çox müraciətlər Nizami rayonundan olub". Bunu SİA-nın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
O, qeyd edib ki, Nizami rayonunda istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istilik təminatında fasilə yaranıb: "Əməkdaşlarımız dərhal hadisə yerinə gediblər və yaxın saatlarda orada istilik bərpa olunacaq. Digər ərazilərdən isə çağrı mərkəzimizə hər zaman olduğu qədər müraciətlər daxil olub. Əməkdaşlarımız bayram günlərində olduğu kimi bu cür hava şəraitlərində də gücləndirilmiş iş rejimində çalışır. Qeyd etmək istəyirəm ki, xarici hava temperaturuna uyğun olaraq istiliyin verilməsi artırılıb. Yaşayış və qeyri-yaşayış binalarının istiliklə təminatı olduğu kimi davam edir".