Yanvarın 23-24-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlunun SİA-ya verdiyi xəbərə görə, mötəbər tədbirdə ölkəmizi Komitənin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
Bahar Muradova sessiya çərçivəsində Azərbaycanın BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası” üzrə beşinci və altıncı birgə dövri məruzəsini təqdim edəcək.
AQUPDK rəsmisi qeyd edib ki, nümayəndə heyətinin tərkibində Baş Prokurorluq, Daxili İşlər, İqtisadiyyat, Səhiyyə, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Kənd Təsərrüfatı, Xarici İşlər, Ədliyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat (Elektron Təhlükəsizlik Xidməti), Maliyyə nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Miqrasiya Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri yer alacaqlar.